"Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda Dünya Humanitar Sammitində iştirakını çox yüksək qiymətləndiririk". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. YAP İcra Katibinin müavini- nin sözlərinə görə, Sammitdə dünyanın aparıcı dövlətlərinin rəhbərləri, eləcə də BMT Baş katibi Pan Gi Mun iştirak edirdi: "Cənab Prezidentin ikitərəfli görüşləri, Sammitin toplantısında çıxış etməsi və Azərbaycanın mövqelərinin orada səsləndirilməsi, göstərilməsi, Ermənistanın işğalçı dövlət olması haqda söylədiyi fikirlər, son aprel hadisələrində işğalçı ölkənin Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi əməllər dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırıldı. Təbii ki, bunlar hamısı çox vacib şərtlərdən biri idi. Bildiyiniz kimi, bundan öncə BMT-nin böyük toplantılarından biri də Azərbaycanda keçirildi". S.Novruzov əlavə edib ki, ümumilikdə Türkiyədəki Sammiti Azərbaycanda keçirilən Forumun davamı kimi qiymətləndirmək olar: "Azərbaycan da mütəmadi olaraq belə beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirin bu dəfə qardaş Türkiyədə keçirilməsi və bəzi məsələlərlə bağlı mühüm addımların atılması, fikir mübadiləsinin aparılması, xüsusilə ayrı-ayrı çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulması, regionda stabitlik məsələsi, qaçqın və məcburi köçkünlər problemi və sair hamısı ölkəmizə aid olan məsələlərdir. Azərbaycan Prezidenti Sammitdəki çıxışında da ölkəmizin bu prosesləri gördüyünü və kifayət qədər təcrübəsi olan bir dövlət kimi özünün gələcək problemlərinin həll olunmasında tövsiyələrini dünya ictimaiyyətinin nəzərinə çatdırdı". S.Novruzov eyni zamanda müxalifətdə baş verən proseslərə də münasibət bildirib. O bildirib ki, müxalifətdə heç zaman birlik olmayıb və olmayacaq da. Pənah Hüseyn vaxtaşırı ortaya müxtəlif ideyalar atır. Onun sözlərinə görə, bu gün müxalifətdə o qədər hərislik var ki, müxalifət partiyalarının (Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər) rəhbərləri öz qurumlarını şəxsi monopoliyasına çevirib: "Məsələn, AXCP-ni Əli Kərimli idarə etmir. Bu gün AXCP-ni xarici qüvvələr idarə edir. Bu partiya erməni lobbisinə xidmət edən bir təşkilatdır. AXCP erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərir. Əgər xarici qüvvələr məsləhət bilsə Əli Kərimli müxalifətin ümumi birliyində iştirak edəcək, əks təqdirdə iştirak edə bilməyəcək. Yəni nə partiya üzvlərinin özü, nə onun sədri, nə də onun rəhbərliyində olan digər insanlar belə bir qərar qəbul etmək imkanına malik deyillər". S.Novruzov bildirib ki, Müsavat Partiyası da bir dəstə insanın əlinə keçib: "Onlar bu addan istifadə edirlər və partiya kimi özlərini təqdim etməyə çalışırlar. Hazırda orada bir partiyadan üç partiya yaranıb. Təbii ki, bunların heç biri də qanuni fəaliyyət göstərmir. Bununla belə AXCP də iki hissəyə bölünüb və təşkilat adından söz deməyə onların hüquqi əsası yoxdur".