PDF Oxu

Əsas

  • 3 315

Dünya Azərbaycanlılarının IV Qurultayı nə ilə yadda qaldı

image

Paytaxt Bakı daha bir əlamətdar tarixi günü arxada qoydu. Ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, dünya azərbaycanlılarının həmrəyliyini daha da gücləndirən Dünya Azərbaycanlılarının IV Qurultayı tarixi hadisə olaraq yadda qaldı. Bir daha aydın oldu ki, 2001-ci ildə keçirilən I qurultaydan bu günə qədər 15 il ərizində Azərbaycan diaspor təşkilatları daha da formalaşıb, coğrafi məkanı genişlənib.

Bu gün 450-dən çox diaspora təşkilatı dünya ölkələrində Azərbaycanın maraqlarına xidmət edir. Xarici ölkələrdə 92 diplomatik nümayəndəliyin, 60 səfirliyin olması Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmasında, Vətənin səsinin dünyanın istənilən qitəsindən eşidilməsində rolu danılmazdır. İki gün davam edən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi iştirak edərək, bir daha həmrəylik nümayiş etdirdi. Təbii ki, onların belə güclü təşkilatlanmasında, həmrəy olmasındaAzərbaycanda yürüdülən dövlət siyasəti önəmli rol oynayıb.

Qurultayda səmərəli fikir mübadiləsi aparıldı, ideya və təkliflər irəli sürüldü ki, bu da gələcəkdə dünya azərbaycanlılarının fəaliyyətinə, vətən naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək baxımından stimul oldu. Qarşıya qoyulan məsələlər onların gələcək fəaliyyət yollarını müəyyənləşdirdi. Belə ki, qurultayın açılışında nitq söyləyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev dünyaya səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoydu. Dünya Azərbaycanlılarının Vətənlə əlaqəsinin daha da güclənməsi, Vətənlə əlaqələrin sıx olmasını tövsiyə etdi. İyirminci yüzillik informasiya əsri olduğu zamanda informasiya müharibəsinin, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi də əsas mövzu olaraq diqqədə saxlanıldı və yeni təkliflər irəli sürüldü. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində təbliğat mexanizminin gücləndirilməsi üçün lazım olan müasir metodların və informasiya texnologiyalarının tətbiqinin zəruriliyi qeyd olunub. Xarici media qurumları ilə işimizin o qədər də yaxşı qurulmadığını qurultay iştirakçılarını diqqətinə çatdıran Cənab İlham Əliyev burada da əsas rolu diaspor təşkilatlarının oynadığını bildirib.

Müasir dünyanın reallıqların nəzərə alaraq, bu istiqamətdə işimiz daha da təkmilləşdirilməli və ilk növbədə, media ilə iş aparılmalıdır. Cənab İlham Əliyev bu baxımdan dünya ölkələrində azərbaycanlı jurnalistlər təbəqəsinin yetişməsini və müxtəlif media orqanlarında təmsil olunaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasını bildirib. İyirminci yüzillik informasiya əsri olduğundan, informasiya müharibələrinin əsas qüvvəyə çevrilməsi danılmazdır: "İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada - Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək".

Cənab İlham Əliyev müxtəlif ölkələrdə, həmişə olduğu kimi, bu gün də ermənilər tərəfindən Azərbaycana qarşı çirkin kampaniyanın aparırıldığını qeyd edib və bu gün qarşıda duran əsas məsələlərdən biri olaraq Azərbaycan diasporunun onlara tutarlı cavab verməsi üçün bu istiqamətdə fəaliyyətinin daha da artırmasını vurğulayıb. Müasir dövrün reallıqları baxımından diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytlarını açmaları təklifini irəli sürülüb: "O, internet saytları yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun".

Cənab İlham Əliyev bunu erməni diasporunun öz hesabına etdiyi halda, Azərbaycan dövlətinin isə bir çox məsələləri həll etdiyini, dəstək verdiyini və bundan sonra da edəcəyini qətiyyətlə bildirib. Cənab Prezident aprel döyüşlərini xatırladaraq, həmin zamanda da ermənilərin bu döyüşlər haqqında yenə də yalan məlumatlar, informasiyalar ötürmələrinə çalışdıqların bildirib:"Ancaq erməni diasporu ilə sıx biznes əlaqəsində olan çox məhdud sayda bəzi satılmış jurnalistlər, - onların adlarını biz hamımız yaxşı bilirik, bu auditoriyada onları çəkmək yerinə düşməz, - çalışdılar ki, Azərbaycanı günahlandırsınlar və o aprel döyüşlərini Ermənistanın böyük qələbəsi kimi qələmə versinlər. Amma alınmadı. Nəyə görə? Çünki birincisi, artıq bizim də imkanlarımız var. İkincisi, biz də öz sözümüzü deyirik. Hamı bilir ki, nələr baş verib. Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir".

Dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq şəraitində yaşadığı halda, Azərbaycan Prezident Cənab İlham Əliyevin vurğuladığı kimi, bizim Ermənistandan başqa, heç bir problemimiz yoxdur. Erməni təxribatının qarşısının alınmasında, yalanlarının ayaq tutub yeriməsinə yol verməmək üçün, əlbəttə ki, media öz sözünü deməlidir. Bu baxımdan, qurultayda virtual məkanın yaradılması Azərbaycan Prezidenti tərəfindən diaspor qarşısında qoyduğu ən önəmli vəzifə oldu. Təbii ki, bu virtual məkan Azərbaycan maraqlarına xidmət edəcək, Azərbaycan həqiqətlərinin təbliğinə yönələcəkdir. Azərbaycançılıq ideyası naminə birləşərək, qarşıya qoyulan vəzifələr Azərbaycan həqiqətlərinin dünyada yayılmasında əhəmiyyətli rol oynayacaq.

Təbii ki, qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmiz naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək, əlaqələndirməni daha da möhkəmləndirmək baxımından tarixi hadisəyə çevrildi.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər