ALDE qrupunun Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması ilə bağlı qətnamə qəbul etməsi erməni lobbisinin təsirinin nəticəsidir
Bu gün Azərbaycan beynəlxalq aləmdə ən etibarlı tərəfdaş kimi tanınır. Bu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan balanslaşdırılmış xarici siyasətin uğurlu nəticəsidir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, hazırda müasir beynəlxalq münasibətlər sistemində çox az dövlətlər var ki, mühüm geosiyasi məsələlərlə əlaqədar ortaya prinsipial və konkret mövqe qoyurlar. Azərbaycan məhz belə ölkələrdən biridir. Hər bir məsələ ilə bağlı ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mövqe nümayiş etdirir. Məhz bu prinsipial mövqeyə görə, Azərbaycana böyük rəğbət mövcuddur.
Eyni zamanda ölkəmiz, Qərbin demokratik institutları ilə də sıx əməkdaşlıq əlaqələrinə malikdir və Azərbaycanın demokratik inkişafı Qərb tərəfindən də təqdir olunur. Belə olan halda, bu günlərdə Avropa Parlamentinin bir qrupp üzvü - ALDE qrupu Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması ilə bağlı qərəzli qətnaməsi qəbuledilməzdir. Bütövlükdə, bu qətnamə anti-Azərbaycan dairələrin maraqlarını ifadə edən, qərəzli və ədalətsiz sənəddir.
HAŞİYƏ: Bu yerdə iyun ayının 2-də Prezident İlham Əliyevin Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya üzvləri- ALDE qrupunun vitse-sədri, "Şərq Tərəfdaşlığı" Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriqule ilə görüşü xatırlatmaq istərdik. Prezident İlham Əliyev görüş zamanı bildirib ki, Avropa Parlamenti ilə əlaqələrin pozulmasında qurumun ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr əsas rol oynayır və təhqirlərlə dolu və tamamilə əsassız olan həmin qətnamələrin qəbul edilməsi ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub: "Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib".
Dövlət başçısı, həmçinin qeyd edib ki, qurumun ən yüksək rütbəli şəxsləri - prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir və onlar tərəfindən səsləndirilən təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub.
Göründüyü kimi, bu gün ALDE qrupunun Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması və ölkəmizə sanksiyaların tətbiqi barədə qəbul etdiyi qətnamə bir daha göstərir ki, Bakıdakı danışıqlar baş tutmayıb və Avropa Parlamenti heç də Azərbaycanla əlaqələrin bərpa olunmasında maraqlı deyil. Bu, bir daha onu sübut edir ki, Avropa Parlamentində Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul edilməsi qurumun bir qrup üzvünün anti-Azərbaycan dairələrlə və ermənipərəst çevrələrlə işbirliyinin nəticəsidir. Eyni zamanda, Avropa Parlamentinin məlum qrupunun üzvləri, həqiqətən də, demokratiya təəssübünü çəksəydilər, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və s. bu kimi faktları da məlum qətnaməyə daxil edər, Ermənistana təzyiq göstərməyə çalışardılar. Azərbaycanda Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən bir milyona yaxın qaçqın və məcburi köçkünün insan haqları, asudə yaşamaq və eləcə də bütün hüquqları pozulub. Amma beynəlxalq təşkilatlar onların hüquqlarının bərpası istiqamətində ciddi addımlar atmırlar. Avropa Parlamentinin bu cür addımı isə özünün nüfuzuna zərbədir.
Beləliklə də, Azərbaycana qarşı riyakar və ikili standart siyasəti davam edir. Sözsüz ki, Azərbaycan da bununla heç vaxt barışmayacaq. Çünki heç kim üçün sirr deyil ki, bu gün dünyada əsas amil güc amilidir. Azərbaycan da həm hərbi qüdrətini artırır, həm də diplomatiyasını gücləndirir.
RƏFİQƏ KAMALQIZI