Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bayramların bütün islam ölkələrində eyni gündə keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən komitə sədri söyləyib ki, bu yaxınlarda Türkiyədə bununla bağlı keçirilən böyük konfransda müzakirə aparılıb və ümumi səsvermə nəticəsində islam ölkələrində dini bayramlar və dini mərasimlərin eyni gündə keçirilməsi və vahid təqvimin tətbiq edilməsi ilə bağlı razılığa gəlinib: "Hazırda bunun üzərində iş gedir. Aparıcı islam ölkələrinin atacağı addımlar önəmlidir". Məsələ ilə bağlı ölkəmizin mövqeyini açıqlayan M. Qurbanlı qeyd edib ki, islam dünyasında vahid təqvim sistemi tətbiq olunmalıdır: "Burada ayrı-seçkilik və parçalanma olmamalıdır. Çünki ayrı-seçkilik və təqvim fərqləri islamda gedən proseslərin bütövlüyünə zərbə vurur. Ona görə də biz islam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Müzakirə davam edir və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr olduqda Azərbaycan öz mövqeyini bildirəcək".