"İranla Ermənistan arasında olan münasibətlər bəllidir". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin dünənki növbədənkənar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, Azərbaycan hər hansı bir dövlətlə münasibət quranda ətraf müdaxiləni qəbul etmir: "Kim Azərbaycana deyə bilər ki, ABŞ-la münasibətləri düzgün qurmalısan? Vaxtilə bizə təzyiq etdilər ki, siz də Rusiyaya qarşı embarqolara qoşulun. Lakin biz buna etiraz etdik və bildirdik ki, Rusiya bizim qonşumuzdur və bizim dost münasibətlərimiz var. Azərbaycan hər bir ölkə ilə bərabər münasibətlər qurmağın tərəfdarıdır. Buna misal olaraq deyə bilərəm ki, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda İrana səfər etdi və səfər çərçivəsində bir sıra vacib əhəmiyyətli qərarlar qəbul edildi. Naxçıvanın blokadadan azad edilməsində İranın köməyini unutmaq olmaz. İran və Ermənistan arasındakı məsələnin xristian və müsəlman nöqteyi-nəzərindən yanaşmasını tərəfdarı deyiləm. Burada söhbət müsəlmançılıqdan yox müttəfiq ölkələrdən gedir. Ona görə də yanaşma tərzimizi başqa cür qurmalıyıq. Hansısa bir ölkə ilə bağlı fikir bildirən zaman həmin məsələni diqqətlə araşdırmaq lazımdır". İran tərəfindən Ermənistana dəmiryolunun çəkilməsi və hər-hansı bir yardımın olunmasının əleyhinə olduğunu deyən S.Novruzov qeyd edib ki, bu qəti şəkildə ola bilməz: "Çünki Ermənistan işğalçı dövlətdir. Amma kimisə öz ölkəsinə dəvət etməsi İranın daxili işdir və biz buna qarışa bilmərik. Hesab edirəm ki, hər bir münaqişənin axırı sülhə bitməlidir. Biz İranla müxtəlif istiqamətlər üzrə müqavilələr bağlamaqla onu ölkəmizə daha da yaxınlaşdırırıq. Ermənistanı çıxmaq şərti ilə, qonşularımız haqqında fikir bildirərkən diqqətli olmalıyıq".