PDF Oxu

Əsas

  • 2 089

Sosial evlərin tikintisi başlanır

image

Bakının Binəqədi, Suraxanı və Qaradağ rayonlarında, həmçinin, Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində çoxmənzilli binaların tikintisi planlaşdırılır

Bu gün Azərbaycanın gücünü nümayiş etdirən faktorlardan biri də demoqrafik üstünlük təşkil edir. Təsadüfi də deyildir ki, hər il Azərbaycanda 80-85 min insan evlənir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da gənc ailələrin mənzillə təminatı problemə çevrilir. Gənc ailələrə dəstək olmaq üçün ipoteka, o cümlədən sosial ipoteka kreditləri verilir, amma bunlar kifayət etmir. Çünki hər kəsin əmək haqqı ipoteka ilə mənzil almağa imkan vermir. Məhz bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev gənc ailələrə dəstək olmaq məqsədilə sosial evlərin tikilməsi və uzun müddətə kreditlə insanlara verilməsi kimi yeni modeli tətbiq etdi.

Ölkə vətəndaşlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı.

Agentliyin fəaliyyət strategiyasına əsasən, çoxmənzilli binaların tikinti işlərinin səmərəli qurulması məqsədilə, ilk növbədə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirir. Artıq mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. İndiyədək Bakının, əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib ki, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək: "Seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən "MİDA" MMC-nin sərəncamına verildikdən sonra, dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanılacaq".

Əlbəttə ki, Azərbaycanda sosial evlərin tikintisi işi bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrin praktikasından da istifadə edilir. Samir Nuriyevin sözlərinə görə, dünyanın bir çox ölkəsi əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində çox geniş təcrübəyə malikdir: "Biz Almaniya, Sinqapur, Türkiyə, Rusiya və digər ölkələrin təcrübəsini öyrənirik. Cari ilin may ayının ortalarında Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edərək, bu ölkənin sosial mənzillərin tikintisi sahəsində artıq 1984-cü ildən fəaliyyət göstərən Kollektiv Mənzillər İdarəsinin (TOKİ - Toplu Konut İdarəsi) rəhbəri və təşkilatın idarə heyətinin üzvləri ilə görüşlər keçirmiş, bu istiqamətdə reallaşdırdığı layihələrlə və əldə etdiyi nailiyyətlərlə tanış olmuşuq. Bununla yanaşı, səfər çərçivəsində Orta Şərq Texniki Universitetinin Şəhərsalma və Memarlıq üzrə Tədqiqat Mərkəzində sosial mənzillərin tikintisi sahəsində elmi - tədqiqatlarla məşğul olan professorlarla da görüşlər keçirilib. Əminik ki, dünya praktikasının öyrənilməsi agentliyin işinin daha səmərəli qurulmasına və həyata keçirilməsinə imkan yaradacaq. Onu da deyim ki, görülən işlər barədə ictimaiyyətə müntəzəm surətdə məlumat veriləcək".

Göründüyü kimi, Azərbaycanda sosial evlərin tikintisi ilə bağlı işlər sürətlə aparılır. Bu da gənc ailələrdə əminlik yaradır ki, yaxın zamanlarda onların mənzil şəraiti yaxşılaşdırılacaq.

"SƏS" Analitik Qrupu

Digər xəbərlər