PDF Oxu

Əsas

  • 2 343

Azərbaycanın praqmatik və rasional siyasətinin növbəti uğuru

image

Yaxud respublikamız Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Azərbaycanı 3 il müddətinə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçib

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Azərbaycanı 3 il müddətinə (2017-2019-cu illər) BMT-nin İqtisadi və Sosial Şurasına (EKOSOS) üzv seçib. BMT-nin altı əsas orqanından biri olan EKOSOS təşkilatının davamlı inkişafın üç əsas istiqamətinin (iqtisadi, sosial və ekoloji istiqamətlər) təbliği üzrə fəaliyyətində mərkəzi yer tutur. Baş Məclisin 70-ci, yubiley sessiyasında "2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf üçün gündəlik" təsdiq ediləndən sonra İqtisadi və Sosial Şura davamlı inkişafın 17 hədəfinin reallaşdırılması tədbirlərinin, vasitələrinin və yollarının müzakirə edilməsi üçün mühüm platformaya çevrilib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bildirib ki, ölkəmizin EKOSOS üzvü seçilməsi milli iqtisadiyyatın gələcək inkişafının prioritetlərinin optimallaşdırılması baxımından çoxtərəfli beynəlxalq münasibətlər sistemində milli maraqların daha da irəlilədilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın BMT səviyyəsində belə bir quruma üzv seçilməsi təsadüfi deyildir. Çünki son illər ərzində Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə dünyanın fərqlənən ölkələrindən birinə çevrilib. Eyni zamanda, qlobal böhranın təsirləri nəticəsində meydana çıxmış sosial-iqtisadi problemlərin həlli istiqamətində optimal siyasət həyata keçirən Azərbaycanın təcrübəsi bir çox dövlətlər üçün istinad mənbəyinə çevrilib. Ona görə də, Azərbaycanın BMT-də dünyanın 54 ölkəsinin birləşdiyi şuraya üzv seçilməsi tamamilə reallığa uyğundur.

Qeyd edək ki, İqtisadi və Sosial Şuranın tərkibinə BMT-nin üzvü olan 193 dövlətdən 54-ü daxildir. EKOSOS BMT-nin sosial-iqtisadi sferadakı 14 xüsusi orqanının, 9 funksional və 5 regional komissiyaların fəaliyyətini koordinasiya edən qurumdur. EKOSOS-un fəaliyyət dairəsinə aşağıdakı istiqamətlər daxildir:

1. Sosial-iqtisadi tərəqqinin təmin edilməsi, işsizliyin tamamilə aradan qaldırılması;

2. Dünya ölkələrinin sosial-iqtisadi və səhiyyə sferasındakı problemlərinin aradan qaldırılması üçün mexanizmlərin işlənməsi;

3. Mədəniyyət və təhsil sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması;

4. İnsan hüquqları və digər əsas haqların təmin olunması üçün ümumi şərtlərin hazırlanması və s.

Hətta şura humanitar problemlərə görə fövqəladə iclas çağırmaq səlahiyyətinə malikdir. Həmçinin, EKOSOS səlahiyyətləri çərçivəsində sosial-iqtisadi problemlərə dair konfranslar təşkil edə və çətinliklərin həll yolları haqqında məruzələr hazırlaya bilər.

Ona görə də, Azərbaycanın EKOSOS-a üzv seçilməsi Dağlıq Qarabağ münaqişəsini, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün ağır humanitar vəziyyətini ümumdünya müzakirəsinə çıxarmağa və diqqəti bir daha bu problemə yönəltməyə imkan verəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər