PDF Oxu

Əsas

  • 1 926

Bəşəriyyətin ali ideallarına xidmət

image

Qloballaşan müasir dünyamızda humanizm prinsiplərinə söykənən əməllərə daha çox ehtiyac duyulur. Dünyanı qorxu içində saxlayan, vahimə yaradan ideyalar pislənilir, bəşəriyyət insanlığa xidmət edən fəaliyyəti dəstəkləyir, birlik, sülh, əmin-amanlıq kimi dəyərlər yüksək qiymətləndirilir. Tarixən belə olmuş, bu gün isə sivil cəmiyyətdə, məhz bu hallar təqdir olunur. Hər zaman xeyirxahlıq, humanist ideyaları ilə dünyaya mesaj göndərən, insanları həmrəy olaraq birliyə səsləyən, yer üzündə sülhün qoruması üçün layihələrini gerçəkləşdirən Heydər Əliyev Fondu dünya üçün örnək ola biləcək bir yoldadır.

Mehriban xanım Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut edir. Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Berlin Qəsrinin, Versal Sarayının parkında qədim abidələrin, Luvr Muzeyinin, Vatikanın arxivlərində saxlanılan orta əsrlərə aid əlyazmaların, Romanın Kapitoli Muzeyində "Filosoflar zalı"nın bərpasına yardımı elə dünya miqyasında Mehriban Əliyevanın fəaliyyəti ətrafında yüksək imic formalaşdırıb. Bu siyahını kifayət qədər artırmaq olar. Gürcüstan, Niderland, Misir, Rumıniya, Rusiya və Pakistanda bir neçə məktəb, məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub və əsaslı təmir edilib. Beninin Porto-Novo şəhərində yerləşən Afrika İrsi Məktəbinin inkişafına maliyyə vəsaiti ayırması, Kolumbiyanın Uşaqlara qarşı zorakılıqların qarşısının alınması üzrə Şəbəkə Fonduna yardım göstərilməsi də da bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. Haiti, İran, Türkiyə və Pakistanda zəlzələlərin, eləcə də Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün maddi yardımı da qeyd etməliyik. Bu baxımdan, Heydər Əliyev Fondu insanların dəstəyə ehtiyac duyulduğu yerdə olmağa hər zaman çalışır. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyevanın "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülməsi də bu əmələ verilən layiqli qiymətdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombaları bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyır. Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət edilsə də, müsbət cavab yalnız Heydər Əliyev Fondundan alınıb. Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olduğundan, bu layihələr ardıcıl olaraq reallaşır.

"Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində yenidən qurulub istifadəyə verilən Xəzər rayonunun Buzovna qəsəbəsindəki Cümə məscidi, Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən Ziyarətgahı və s. Heydər Əliyev Fondunun dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini bir daha nümayiş etdirir. Onu da xüsusi qeyd edək ki, təkcə Xəzər rayonunda dörd məscid yenidən inşa olunaraq istifadəyə verilib. Bu günlərdə isə Xəzər rayonunun Zirə qəsəbəsində Zirə Cümə Məscidinin istifadəyə verilməsi görülən işlərin davamıdır. Paytaxtın ən qədim dini ibadətgahlarından biri olan Zirə Cümə Məscid-kompleksi paytaxtın ən gözəl dini ibadətgahlarından biri olaraq, yenidən qapılarını insanların üzünə açdı. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb və eyni vaxtda 400 insan burada ibadət edə bilər. Müqəddəs Ramazan ayında yeni məscidin açılışı, əlbəttə ki, insanlara bir töhfə oldu.

Zirə Cümə Məscidi milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Göründüyü kimi, minilliklərlə formalaşan ab-hava Azərbaycan cəmiyyətində qorunub saxlanılır və Heydər Əliyev Fondu öz layihələri ilə bu ənənələri lazımi şəkildə davam etdirir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı və güclü tolerantlıq, dözümlülük ideyalarına sahib ölkə olduğunu göstərə bilir. Bu mövcud ab-hava Azərbaycan xalqının yaşam tərzinə çevrilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər