Dünən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili Fadil Al-Şüveyli onun xahişi ilə qəbul edib. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanla İraq arasında ümumi dəyərlərə əsaslanan tarixi bağların mövcudluğunu xatırladan Baş nazirin müavini Əli Əhmədov müasir dövrdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Yüksək iqtisadi potensiala malik İraqın öz imkanlarından səmərəli istifadəsi üçün ölkəmizin hər zaman dəstək verməyə hazır olduğunu xatırladan Baş nazirin müavini daha sonra Bağdadda baş vermiş dəhşətli terror aktından kədərləndiyini bildirərək, bütün dünyada sülhə və sabitliyə real təhlükəolan beynəlxalq terrorizmlə mübarizədə ümumi səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. Əli Əhmədov təcavüzkar separatizmdən və terrorizmdən əziyyət çəkən ölkəmizdə terrorun bütünforma və təzahürlərinin qəti şəkildə pislənildiyini vurğulayıb.
Səmimi qəbula görə Baş nazirin müavini Əli Əhmədova təşəkkür edən İraqın müvəqqəti işlər vəkili Fadil Al-Şüveyli öz ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrə maraq göstərdiyini deyərək, xüsusən iqtisadi-mədəni sahədə səmərəli əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu bildirib. Əsrlər boyu müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin əmin-amanlıq şəraitində birgə yaşadığı tolerantlıq məkanı olan güclü Azərbaycan dövlətinin bundan sonra da regionda sülhün və sabitliyin qorunması, multikultural dəyərlərin bərqərar olması və bəşəriyyəti təhdid edən terrorizmlə mübarizə işinə öz töhfəsini verəcəyinə əminlik ifadə edib.
Görüşün sonunda Əli Əhmədov müqəddəs Ramazan bayramı münasibətilə İraq xalqına xoş arzularını və təbriklərini çatdırıb.
Qəbul zamanı qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da fikir mübadiləsi olub.