PDF Oxu

Əsas

  • 4 245

14 iyul 1969-cu il - Azərbaycanda milli dövlətçilik tariximizin dönüş anı

image

Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi İttifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün kimi yazılmışdır. 47 il əvvəl başlanan həmin yol Ulu Öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdı. Millət vəkilləri, siyasi partiya rəhbərləri "Səs" qəzetinə qəzetinə açıqlamalarında bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu.

Nazim Ağayev: "1969-cu ilin 14 iyul günü Azərbaycan tarixində keyfiyyətcə yeni bir səhifə idi"

"14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi respublikanın inkişafında, onun uzun müddət yığılıb-qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu". Bu fikirləri Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirdi.

N.Ağayev onu da vurğuladı ki, Dahi Lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi: "Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu, faktiki olaraq, 2 dəfə artdı".

Rayon təşkilatının sədrinin sözlərinə görə, Ulu Öndərin apardığı düzgün, məqsədyönlü siyasət nəticəsində bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta, dünya miqyasında tanınmağa başladı: "Artıq Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər. Bununla yanaşı, milli düşüncə, təfəkkür gücləndi. Artıq dövlətimizin tarixi tədqiq edilməyə və öyrənilməyə başlandı, ədəbiyyata diqqət ayrıldı, Azərbaycan dilinin inkişafı üçün böyük işlər görüldü".

Təranə Kərimova: "47 il öncə başlanan yol Ulu Öndərimiz Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi və bütövləşməsi yolu olub"

YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova 47 il öncə başlanan yolun Ulu Öndərimiz Heydər Əliyevin xalqı ilə bütövləşməsi yolu olduğunu söylədi: "Bu illərin heç birində O, xalqından ayrı olmayıb. Ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Ümummilli Liderimiz Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib".

T.Kərimova onu da bildirdi ki, Ulu Öndərin səyi ilə Azərbaycanda yeni mərhələ başladı: "Təsadüfi deyil ki, başabəla liderlərin, bivec hakimiyyətlərin "idarəçiliyinə" altı il tab gətirən Azərbaycan xalqı 1993-cü ilin yayında müstəqil dövlətçiliyimiz, milli gələcəyimiz uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması, zülmət və parçalanma gözləyəndə, yenə öz gerçək Liderinə - Heydər Əliyev müdrikliyinə üz tutdu. Bu, xalqın liderinin xalqın çağırışına səs verib, onun hüzuruna qayıdışı idi. Bu, eyni zamanda, xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz və arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi... Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 47 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir".

Kamil Mirzəyev: "1969-cu il 14 iyul tarixi Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi idi"

Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev 1969-cu il 14 iyul tarixi Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi olduğunu bildirdi: "1969-cu ilədək Azərbaycan SSRİ daxilində ən geridə qalmış respublikalardan biri idi. Eyni zamanda, imperiya daxilində Azərbaycan xalqına olan münasibət də söylənilməz dərəcədə fərqli idi. Erməni daşnakları isə hücumlarına ara vermir, hətta deportasiyalara da nail olmuşdular. Amma 1969-cu ilin 14 iyul tarixində Azərbaycana rəhbərliyə gəlmiş Ulu Öndər Heydər Əliyev bütün mənfi tendensiyaların və əks-proseslərin qarşısını aldı".

K.Mirzəyev onu da vurğuladı ki, Dahi Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dönəmində sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, incəsənət və başqa sahələrdə sıçrayışlı inkişaf yaşandı: "Bu inkişafın nəticələri isə vətəndaşların nəzərəçarpacaq dərəcədə yüksələn sosial rifahında, yaşayış səviyyəsində və maddi gəlirlərinin artımında özünü göstərdi".

K.Mirzəyev həmin dövrdə əldə olunmuş nailiyyətlərin Azərbaycanın müstəqillik dönəmində baza rolunu oynadığını söylədi. Həmçinin, vurğuladı ki, 1970-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması, minlərlə azərbaycanlı gəncin aparığı təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycanın Ordusu üçün zabit kadr heyətinin formalaşmasına təkan vermişdi. Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə zaman-zaman baş qaldırmış erməni millətçiliyinə də son qoyulmuşdu: "Bir sözlə, 1969-cu ilin 14 iyul günü Azərbaycan tarixində keyfiyyətcə yeni bir səhifə idi. Azərbaycan xalqı dahi oğlu Heydər Əliyevin rəhbərliyilə inkişaf etdi və dünya miqyasında tanınmağa başladı".

Ramiz Şabanov: "14 iyul 1969-cu il - Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsidir"

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov 1969-cu il 14 iyul tarixini müasir Azərbaycanın milli dövlətçilik tarixində yeni eranın başlanğıcı və dönüş nöqtəsi olduğu bildirdi: "Həmin gün böyük dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə tarixi bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu".

R.Şabanov vurğuladı ki, Azərbaycan 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş İttifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişaf tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi: "Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. Ulu Öndər Heydər Əliyevin 47 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi hərtərəfli inkişafına zəmin yaratdı. Həmişə zaman böyük tarixi şəxsiyyətlərə ehtiyac duyub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə xalqın bu ehtiyacı özünü qabarıq şəkildə büruzə verib. Hələ Ümummilli Liderin hakimiyyətinin birinci dövründə görülən işlərin ondan sonra baş verəcək dəyişikliklər üçün nə dərəcədə zərurət olduğu aydın idi".

R.HÜSEYNOVA

Digər xəbərlər