Prezident İlham Əliyev: "Biz Rusiya tərəfinin, şəxsən Prezidentin səylərini yüksək qiymətləndiririk"
Xəbər verildiyi kimi, iyulun 11-12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əlbəttə ki, gözlənildiyi kimi, əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olub. Prezident İlham Əliyev görüşdə çıxışı zamanı bildirib ki, qarşılıqlı səfərlər münasibətlərimizin necə inkişaf etdiyinin yaxşı göstəricisidir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın necə səmərəli rol oynadığının göstəricisidir: "Biz Rusiya tərəfinin, şəxsən Prezidentin səylərini yüksək qiymətləndiririk. Mən həm Sizə, həm də Rusiya Prezidentinə Sankt-Peterburqda görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Biz bu görüşü çox səmərəli və müsbət görüş kimi qiymətləndiririk. Əlbəttə ki, son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram, həm də ən səmərəli olacaq. Sizin bu gün Bakıya, bundan əvvəl isə Yerevana səfəriniz bir daha sübut edir ki, Rusiya hər iki ölkənin dostu, qonşusu kimi münaqişənin nizamlanmasında maraqlıdır. Təbii ki, biz də maraqlıyıq, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik".
Ümumiyyətlə, qeyd edilməlidir ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hüquq bərabərliyi, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq prinsipləri əsasında qurulub. Ümumilikdə, ticari-iqtisadi əlaqələr də yaxşı inkişaf edir. Hətta iki ölkənin biznes nümayəndələri arasında dialoqun fəallaşmasından və bu ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının nəticələrindən əlavə müsbət impulslar da gözlənilir. Bütün hallarda Rusiya tərəfi humanitar sahədə ənənəvi əlaqələrin genişlənməsinə, tarixən Rusiya və Azərbaycan xalqları arasında yaranmış sıx mənəvi təmasların qorunub-saxlanmasına və inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Artıq sentyabrın 29-da Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq işləri də görülür.
Qeyd edək ki, Rusiya ilə Azərbaycanı qədim tarixi köklər bağlayır, xalqlarımız iki əsrə yaxın müddətdə bir dövlətin tərkibində yaşayıb. Mədəniyyətimiz, təhsilimiz, iqtisadiyyatımız o qədər qaynayıb-qarışıb ki, bu gün bu köklərin möhkəmlənməsi, əlaqələrin inkişaf etməsi artıq milli maraqlar səviyyəsində olan strateji məsələdir.
Rusiyada Azərbaycana, ümumiyyətlə postsovet məkanına mənsub qonşulara konstruktiv münasibət 2000-ci ildə hakimiyyət dəyişikliyindən və hakimiyyətə müasir düşüncəli yeni qüvvələr gəldikdən sonra başladı. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin Prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər etdi. Səfər çərçivəsində 20-dən çox sənəd imzalanmaqla yanaşı, Xəzərin dibinin milli sektorlara bölünməsi, su səthinin ticarət və qarşılıqlı əməkdaşlıq baxımından ümumi istifadədə qalması ilə əlaqədar Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Birgə Bəyannamə" imzalandı. Bu, Xəzərin hüquqi statusu problemində hər iki dövlətin mövqe yaxınlığını rəsmi şəkildə əks etdirən, prinsip etibarilə Azərbaycanın ilk gündən dəstəklədiyi milli sektorlara bölünmə ideyasının gerçəkləşməsinin əsasını qoyan rəsmi sənəd idi.
Heydər Əliyev siyasətinin davam etdirilməsi isə Azərbaycan Prezidenti İlham Əliyevin prinsiplərindən biri idi. Təsadüfi deyildi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi ilk səfərlərindən birini 2004-cü ilin fevralında Rusiyaya etmişdi və Rusiya Prezidenti Vladimir Putin bu məqamı çox yüksək qiymətləndirmişdi.
Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycanla Rusiya münasibətlərinin daha da genişlənməsi sonda iki ölkə arasında bütün problemlərin aradan qaldırılmasına səbəb oldu. Artıq müəyyən zamanlarda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə cəhd edən qüvvələrin istifadə etdiyi Qəbələ RLS məsələsi tamamilə aradan qaldırıldı. Bir sözlə, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir.
Əlavə edək ki, Rusiya ayrı-ayrı regionlardan ibarət çox böyük ölkədir. Federasiyanın hər bir subyektinin böyük sosial-iqtisadi potensialı var və o, xarici ölkələrlə, o cümlədən Azərbaycan ilə də birbaşa əlaqələr yaradılmasına ehtiyac duyur. Eyni zamanda, Azərbaycan Rusiyanın müxtəlif regionları ilə birbaşa əlaqələrin qurulmasına da böyük əhəmiyyət verir. Məhz bunun nəticəsidir ki, son illərdə bu sahədə çox ciddi dəyişikliklər baş verib. Belə ki, regionların rəhbərlərinin ölkəmizə qarşılıqlı səfərləri çoxalıb, ikitərəfli münasibətlər kifayət qədər səmərəli inkişaf edir, mədəni mübadilə və s. fəallaşıb. Azərbaycan Moskva və Sankt-Peterburqla, Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və başqa regionlarla sıx əməkdaşlıq edir. Əlamətdar haldır ki, iki ölkənin regionlararası əməkdaşlığı sürətlə inkişaf edir və coğrafiyası genişlənir. Hazırda Rusiya Federasiyasının 72 subyekti Azərbaycan ilə xarici iqtisadi əlaqələrə cəlb edilib, 30 subyektlə hökumətlərarası sazişlər imzalanıb.
Bir sözlə, bu gün Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edir. Hər iki ölkənin rəsmilərinin verdiyi bəyanatlardan da anlaşılır ki, qarşıdakı illər üçün çox maraqlı ideyalar və layihələr mövcuddur. Bu mənada, Azərbaycan və Rusiya müxtəlif sahələrdə imkanlarından və potensialından istifadə etməklə regional səviyyədə əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirəcək.
"Səs" Analitik Qrupu