PDF Oxu

Əsas

  • 2 281

Ermənistan ordusunun ölüm kabusuna çevriləcək yeni silah Azərbaycan Ordusunda

image

Prezident İlham Əliyev: "Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir"

Dünyada yaşanan kataklizmlər və böhranlara baxmayaraq, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə böyük inkişaf yolu keçir. Təsadüfi deyildir ki, ölkəmizin hərtərəfli inkişafı üçün bütün sahələri kompleks əhatə edən islahatlar da həyata keçirilir. Əlbəttə ki, ordunun gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi də bu baxımdan istisna deyildir.

Bu faktı yüksək qiymətləndirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırdıq və aparırıq: "Bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Biz, sadəcə olaraq, hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb. İndi əsas məsələ bundan ibarətdir - həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir ki, onlar təklif olunan məsələ ilə bağlı müsbət cavab versinlər.

Hərbi potensialımızın gücləndirilməsi prioritet olaraq qalacaq. Aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq. Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir. Ona görə artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, - bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, - həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq".

Aprel döyüşlərində müəssisələrimizdə istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK74M tipli avtomat silahlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından düşmənə qarşı geniş istifadə edilib. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, bütün bunlar birbaşa Prezident İlham Əliyevin rəhbərliyilə aparılan ordu quruculuğu və hərbi sənayenin inkişaf etdirilməsi siyasətinin nəticələridir. Təsadüfi də deyildir ki, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə, 2016-cı ildə də bir sıra yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılır. Belə ki, bu ildə icrasına başlanmış keçid layihələr davam etdirilir. Həmçinin, istismara verilməsi nəzərdə tutulan 7 müəssisədə 40x46 mm-lik "Revolver" tipli qumbaraatanın istehsalı, 40x46 mm-lik lüləaltı və "Revolver" tipli qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı, M-6 və M-12 tipli mina partladıcılarının istehsalı, 23, 30 və 40 mm-lik avtomatik topların və qumbaraatanların döyüş sursatları üçün müxtəlif növ partladıcıların istehsalı, 100, 122, 130, 152, eləcə də NATO standartlarına uyğun 155 mm-lik artilleriya və 125 mm-lik tank topları üçün mərmilərin və onların gilizlərinin istehsalı, 5,45 mm-dən 30 mm də daxil olmaqla, atıcı silahlar və kiçik çaplı avtomatik toplar üçün lülələrin istehsalı üzrə işlər başa çatmaqdadır.

Eyni zamanda, əsas diqqət müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan "Tufan" milli zirehli nəqliyyat vasitəsinin – 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. Milli zirehli maşının təcrübi nümunəsinin ilin sonunadək hazırlanması planlaşdırılır. Eyni zamanda, xarici dövlətlərlə danışıqların nəticəsi olaraq yeni "İldırım" və "Qasırğa" zirehli maşınlarının ilkin nümunələri hazırlanıb, Bakıda keçiriləcək ADEX-2016 sərgisində nümayiş etdiriləcək və 2017-ci ildən artıq seriya ilə istehsalına başlanılacaq. Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli "Mizrak" tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində silahlı qüvvələrimizin ixtiyarına veriləcək.

Xüsusi olaraq bildirək ki, qısa müddət ərzində yaradılmış "Zərbə" pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilib və yaxın vaxtlarda Milli Ordunun sərəncamına göndəriləcək. Bu aparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla yanaşı, onları istənilən an məhv etmək iqtidarındadır. Əminliklə qeyd etmək olar ki, ölkəmizdə istehsal olunan silah və sursatlara əlavə edilən bu döyüş silahı da işğalçı Ermənistan ordusunun ölüm kabusuna çevriləcək və torpaqlarımızın azad edilməsində mühüm rol oynayacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər