"ANS televiziyasının bağlanması ilə bağlı məsələ ziddiyyətlidir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələyə baxır. Yəqin ki, məhkəmə araşdırması olacaq və qarşı tərəf öz mövqeyini ifadə etdikdən sonra məsələyə geniş şəkildə aydınlıq gətirmək olacaq. İlkin təəssürat odur ki, ANS televiziyası qanunvericiliyi pozub". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. O bildirib ki, ümumiyyətlə, media qanunvericiliyinə görə, KİV vasitələri cəmiyyətin marağına cavab verən informasiyalar tapıb yaymalıdır: "Bu jurnalistikanın birbaşa qaydasıdır və qanunda da öz əksini tapıb. Cəmiyyətin marağını əks etdirməyən informasiyaların yayılması qanunla qadağan olunur. Bu baxımdan redaksiyalar informasiya yayarkən mütləq şəkildə bu məsələləri nəzərə almalı, cəmiyyətdə problem yaradan informasiyalardan kənar durmalıdırlar. Eyni zamanda bu məsələ təkcə Azərbaycan qanunvericiliyində deyil, eləcə də beynəlxalq konvensiyalarda da geniş şəkildə öz əksini tapıb. Avropa İnsan haqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində məhdudiyyət qoyulan informasiyalarla bağlı məsələyə geniş şəkildə aydınlıq gətirilib. Orada göstərilib ki, cəmiyyətdə çaşqınlıq, problem yaradan, ictimai asayişin pozulmasına xidmət edən və digər bu kimi informasiyaların yayılması məhdudlaşdırılmalıdır. Bu baxımdan bütün KİV-lərə bununla bağlı qanunvericiliyə ciddi yanaşmaq tövsiyə olunur". M. Ələsgərlinin sözlərinə görə, çox təəssüf ki, KİV-lər sensasiya doğuran auditoriyanı cəlb edən məsələlərlə əlaqədar materialların yayılmasına üstünlük verirlər: "Təbii ki, hər bir KİV onun auditoriyasının geniş olmasını istəyir. Amma cəmiyyətə ziyan verən informasiyalarla auditoriya qazanmaqdansa, cəmiyyətin maariflənməsinə və fayda gətirən informasiyalar yaymaq daha yaxşıdır. Bu cür pozuntuların qarşısı alınmalıdır. 2014-cü ilin avqust ayından cəbhədə vəziyyət gərginləşdikdən sonra bu məsələlər ətrafında geniş müzakirələr gedir. O zaman bir çox KİV-lər prokurorluq orqanlarına çağırılaraq onlara xəbərdarlıq edildi. Bu baxımdan düşünürəm ki, bütün KİV orqanlarının baş verənlərdən nəticə çıxarılması üçün yetərli informasiyalar verilib. Media orqanları tövsiyə edilən məsələlərə diqqətlə yanaşmalıdır".