PDF Oxu

Əsas

  • 2 486

Siyavuş Novruzov: “Referendum Aktı günün tələbidir”

image

"Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq konvensiyalara qoşulur. Bu baxımdan ölkənin təhlükəsizlik məsələləri ön plana çəkilir və dövlət aparatında islahatların həyata keçirilməsi zərurəti yaranır". Bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov azvision.az-a Referendum Aktını şərh edərkən deyib. YAP funksionerinin sözlərinə görə, istər qanunvericilik, istər icra, istər vətəndaşların hüquq və azadlıqları ilə bağlı, onların təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən məsələlər ortaya çıxır ki, bunların konstitusion normalarla möhkəmləndirilməsi üçün zərurət yaranır: "Bu baxımdan irəli sürülən konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı günün tələbidir.

Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Konstitusiyası 20 il bundan əvvəl qəbul olunub, sonradan referendumla bir neçə dəyişiklik edilib. Gənc dövlət kimi Azərbaycanın fəaliyyəti, inkişafı, dünya dövlətləri arasında özünə yer tutması, beynəlxalq konvensiyalara qoşulması belə bir zərurət yaranıb ki, konstitusiyada müəyyən maddələrə dəyişikliklər edilsin. Bu qarşıya qoyulan məqsədlərə nail olunmasına xidmət edir. Konstitusiya Məhkəməsi daxil olunan müraciətə baxdıqdan sonra referendumla bağlı qərar veriləcək və göstərilən müddət ərzində referendum keçiriləcək".

Layihədə Silahlı Qüvvələrlə bağlı edilən dəyişikliyə münasibət bildirən S.Novruzov qeyd edib ki, Silahlı Qüvvələr geniş anlayışdır. "Silahlı Birləşmələr dedikdə onun tərkibində çoxsaylı qoşun növlərinin olmasından söhbət gedir. Bu dəyişikliklər qeyri-qanuni silahlı birləşmələrin yaradılmasının qarşısının alınması məsələsini gündəmə gətirir. Bu, dünyada son zaman yaşanan hadisələrlə bağlıdır. Yəni, təhlükəsizlik məsələlərindən doğan zərurətdir. Bu baxımdan konstitusion norma ilə özünün təsdiqini tapması vacibdir".

Layihədə nəzərdə tutulan yaş həddinə gəlincə, S.Novruzov bildirib: "Burada düzgün olaraq norma göstərilib. Adətən müxtəlif dövlətlərdə, həm təyinatlı vəzifələrə, həm də seçkili vəzifələrə fərqli yaş hədləri müəyyənləşdirilir. Burada yaş həddinin müəyyənləşdirilməsi bəzən insanların hüquqlarının pozulmasına gətirib çıxara bilir.

Məsələn, prezident seçilmək üçün seçki hüququna malik şəxs ali təhsilli olmalıdır. Bu vətəndaşın ali təhsil alması üçün həmin şəxsi müəyyən yaş həddinə gətirib çıxarır. Hazırki qanunvericilikdə vətəndaş 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin üzvü, 21 yaşına qədər bələdiyyə üzvü seçilə bilməz, 30 yaşından aşağıdırsa, baş nazir, yaxud hakimliyə namizəd ola bilməz. Yeni layihədə bu kimi normalar aradan qaldırılır. Bu çox demokratik normadır. Vətəndaşlara tam şəkildə sərbəstlik verilir. Vətəndaşlar özlərinin seçmək və seçilmək hüquqlarından tam şəkildə istifadə edə biləcəklər". S.Novruzov qeyd edib ki, Azərbaycanda dövlət strukturları mütəmadi olaraq təkmilləşir: "Dünyada Azərbaycanın mövqeyini nəzərə alsaq, getdikcə dövlətin işləri artır. Bu baxımdan səlahiyyətli orqanların olmasına zərurət var. Vitse-prezident kimi dövlət strukturları bizi əhatə edən ayrı-ayrı dövlətlərdə də mövcuddur. Vitse-prezident bilavasitə prezidentin sərəncamı ilə təyin olunur və ölkənin idarə olunmasında, beynəlxalq əlaqələrin qurulmasında, vacib dövlət əhəmiyyətli sənədlərin imzalanmasında və digər məsələlərdə iştirak edir".

"Vitse-prezidentlik institutunun yaranması ilə baz nazir postu ləğv ediləcəkmi?" sualına S.Novruzov belə cavab verib: "Referendum aktında göstərilir ki, baz nazirlik institutu ləğv olunmayacaq. Dəyişikliklərdə Nazirlər Kabinetinin ləğv olunması ilə bağlı norma yoxdur". YAP rəsmisi Türkiyədə baş verən son olayların Azərbaycana təsiri barədə səslənən fikirlərə də münasibət bildirib. Qeyd edib ki, indi Azərbaycanda digər ölkələrdəki kimi, sabitliyin pozulmasına səbəb olan hər hansı təhlükə ehtimalı mövcud deyil: "Azərbaycanda Türkiyədə baş verən hadisələrin oxşarı ola bilməz. Azərbaycan hüquqi dövlətdir və hakimiyyət idarəetmə sistemində qanunun aliliyi hər zaman qorunur. Zor gücünə hakimiyyətə gəlmək indi dünya tərəfindən qəbul edilməyən normadır. Hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. Azad, ədalətli və demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək olar. Azərbaycanda da bu yolla kim istəyirsə, buyurub gəlsin. Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra bu cür demokratik normalar və prinsiplər başladılaraq möhkəmlənib. Bununla da ölkədə tez-tez baş verən dövlət çevrilişi xəstəliklərinə son qoyulub. Bu baxımdan da əgər bu gün kimlərsə ötən əsrin 90-cı illərində ənənə halını almış dövlət çevrilişlərinin qaytarılmasını arzu edirsə, elə bu arzu olaraq da qalacaq".

Komitə sədri vurğulayıb ki, hakimiyyətə demokratik yolla gəlmək istəyən qüvvələr ilk növbədə xalqın etimadını qazanmalıdır: "Bundan əlavə, onlar seçkilərdə iştirak edib səs qazanmalı, öz üzərilərində daim işləməli, təşkilatını fəallaşdırmalıdırlar. Ancaq çox təəssüf ki, bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasından savayı belə güc yoxdur. Çünki onların hamısı özlərini biabır edən qüvvələrdir. Həmin qüvvələri Azərbaycan xalqı yaxşı tanıyır. Ona görə də Azərbaycan xalqı indiki iqtidarı dəstəkləyir. İndi Azərbaycanda xalqla iqtidar arasında güclü birlik vardır. Bu birlik isə Azərbaycan dövlətinin inkişafını, demokratik və təhlükəsizlik sisteminin möhkəmlənməsini təmin edən əsas amillərdir".

Digər xəbərlər