Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Konstitusiya Referendumu layihəsi istər sadə xalq, istərsə də ziyalılarımız, ictimai-siyasi xadimlərimiz tərəfindən dəstəklənir. Məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti nəticəsində, Azərbaycan bu gün güclü siyasət yürüdən, güclü iqtisadiyyata malik olan dövlətə çevrilib. Bu siyasət hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı müdrik, dəyərli, qiymət verə bilən xalq olduğu üçün dövlətimiz tərəfindən irəli sürülən hər bir addımı dəstəkləyir.
ELDƏNİZ SƏLİMOV, millət vəkili:
- Bu uğurlu qərar Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, vətəndaş maraqlarının təminatına imkan verəcək. Xüsusilə, parlamentin fəaliyyəti ilə bağlı müddəlara təklif edilən dəyişkiklər barədə fikirlərimi bildirmək istərdim. Belə ki, Milli Məclisin fəaliyyəti ilə bağlı təklif edilən dəyişikliklər iki istiqamətdədir. Birincisi, parlamentin Prezident tərəfindən buraxılması qaydasının konkret normaları müəyyənləşir, digər tərəfdən, deputatın səlahiyyətlərinin itirilməsinə səbəb olan amillərin sayı artırılır. Şübhəsiz ki, bu dəyişiklik Milli Məclis deputatlarının məsuliyyətinin daha da artırılmasına və öhdəliklərinin vicdanla icrasının təmininə yönələn təşəbbüsdür.
Daha bir diqqətçəkici faktor gənclərimizə verilən imkanların daha da artırılmasıdır.
Konstitusiyaya ən mütərəqqi dəyişiklik təkliflərindən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində fəal iştirakına şəraitin yaradılmasıdır. Belə ki, artıq hakimlikdən deputatlığa, nazir postundan Prezidentliyə qədər heç bir vəzifədə yaş senzi olmayacaq ki, bu amilin özü ciddi demokratik islahat kimi qiymətləndirilir. Baxın, 18 yaşından etibarən gənclər seçkili orqanlarda öz şanslarını sınaya biləcək, yaxud da fərasətli, bacarıqlı, istedadlı ali təhsilli gənclər yüksək vəzifələrə təyinat alacaqlar.
NAZİM AĞAYEV, YAP Xaçmaz rayon təşkilatının sədri:
- Bildiyimiz kimi, müstəqil və müasir Azərbaycan Respublikasının daha sürətli inkişafı, tərəqqisi üçün Konstitusiya Referendumu keçiriləcək. Artıq dövlət başçımız Cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanaraq, Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsi bu barədə dünən müsbət qərarını verdi. Layihədə bir çox mütərəqqi dəyişikliklər öz əksini tapmaqdadır. Məsələn, təklif olunan layihədə ölkə rəhbərinə növbədənkənar prezident seçkiləri keçirmək hüququ da verilir. Belə seçkilərin keçirilmə müddəti isə 90 gündən 60 günə endirilir. Düşünürəm ki, bu da dəyişikliklərin növbəti mütərəqqi nümunələrindəndir. Belə ki, əgər əvvəllər prezident və parlament seçkiləri kampaniyası 3 ayı əhatə edirdisə, son illərdə Milli Məclisə seçkilərin müddəti üçdə-birə qədər azaldıldı və dövləti, vətəndaşları əlavə vaxt itkisindən azad edən bu dəyişiklik böyük razılıqla qarşılandı. Artıq bu müddətin prezident seçkilərinə də şamil olunması ölkə üçün taleyüklü prosesin qısa müddətdə yekunlaşmasına şərait yaradacaq.
Digər tərəfdən, daha bir amil bu kimi, idarəçilik formasının bir çox Qərb ölkələrində də reallaşdırıldığını görməkdəyik. Yəni prezidentlik müddətinin 7 ilədək artırılması təklifi də dünyada artıq geniş tətbiq edilən idarəçilik formasıdır. Təbii ki, Azərbaycan da dünya ölkələri içərisində sürətlə inkişaf edən bir dövlət kimi öz qanunlarını daha da demokratikləşdirməli, xalqın marağına cavab verən layihələri reallaşdırmalıdır. Düşünürəm ki, bəzi müxalifətyönlü siyasətbazların heç bir məntiqə sığmayan iddialarından fərqli olaraq, Prezidentin fəaliyyətinə nəzarət mexanizmi yüksək qanunçuluq və ictimai şəffaflıqla təmin olunduğundan, 7 il müddətinin uzun olması barədə fikirlər heç bir halda narahatlıq yarada bilməz. Xalqımız bu dəfə də vətəndaş-dövlət vəhdəti prizmasından çıxış edərək, müəyyən edilmiş vaxta qeyd edilən əlavə dəyişiklərə yekdilliklə səs verəcək.
Rəfiqə KAMALQIZI