"Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin əleyhinə iş aparmaq üçün həmin qüvvələr əvvəlcə təşviqat qrupu yaratmalıdırlar".
Bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP və Milli Şuranın Referendum əleyhinə etiraz aksiyaları keçirəcəyi haqda xəbərlərə münasibət bildirərkən deyib. YAP funksioneri vurğulayıb ki, referendum əleyhinə mitinqlər keçirmək istəyənlər bunu reallaşdırmaq üçün sosial bazaya, elektorata malik deyillər: "Təklif edilən əlavə və dəyişikliklərin hansının əleyhinədirlərsə, ortaya hüquqi fakt qoya bilmirlər. Yəni, onların hüquqi cəhətdən heç bir açıqlaması yoxdur. Konstitusiyaya əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Digərləri isə yaş məhdudiyyətlərinin aradan qaldırlması və yeni dövlət idarəçilik institutunun yaradılmasıdır. Bunun nəyinə etiraz edirlər? Dedi-qodu, şayiə ilə nə demək, etmək istəyirlər? Referenduma çıxarılan məsələlərin hər biri xalqın mənafeyinə xidmət edir.
Ona görə də təşkil edəcəkləri mitinqlərə qohum-əqrəbalarından başqa heç kim gəlməyəcək. Yəni, öz ətraflarından başqa kimi toplaya bilərlər? Heç kimi". S.Novruzov qeyd edib ki, müxalifət icazəsiz mitinqlərə əl atsa, qanunvericiliyə uyğun olaraq onlara cavab veriləcək: "Qanunla müəyyənləşdirilir ki, sərbəst toplaşmaq azadlığını həyata keçirmək üçün müraciət edilir və mitinq keçirmək üçün müvafiq yer ayrılır, təhlükəsizlik təmin edilir. Yalnız bu halda onlar mitinqlər keçirə bilərlər".