PDF Oxu

Əsas

  • 2 391

Geosiyasi reallıqlar və Azərbaycanda referendum

image

Yaxud Azərbaycanın inkişafının növbəti mərhələsinə keçidi üçün "yeni nəfəs"

Müasir dünyada demokratik ölkələr qanunun aliliyini əsas prinsip kimi götürməklə, cəmiyyətdə baş verən siyasi-ictimai və sosial-iqtisadi prosesləri qanunvericilik çərçivəsində tənzimləyirlər. Dövlət bütün cəmiyyət üzvlərinin davranışlarını və hərəkətlərini Ali Qanundan (Konstitusiyadan) qidalanaraq, eyni zamanda, beynəlxalq qanunvericiliyi özündə əks etdirən konvensiyalara əsaslanaraq məcburi davranış normalarını formalaşdırır. Bununla da hüquqi dövlət bütün cəmiyyət və proseslər üzərində hakim olur, insanların davranışları qanunla nizamlanır.

Lakin dünyada inkişaf və ləngimə prosesləri o qədər sürətlə cərəyan edir ki, nəinki qanunverilicdə, hətta konstitusiyada belə dəyişikliklərin edilməsi zərurət halını almış olur. Məsələn, ABŞ-ın ilk Konstitusiyası qəbul edildikdə, preambuladan və 7 maddədən ibarət olub. ABŞ-ın Konstitusiyası 1878-ci ildə qəbul olunsa da, cəmi 4 ildən sonra ona 10 maddə əlavə olunub. Amma bu günədək ABŞ-ın Konstitusiyasına 27 əlavə və düzəliş edilib, yəni 7 maddəyə 27 düzəliş edilib. Bu, o deməkdir ki, konstitusiyaya qüvvədə olduğu dövrdə 3 dəfədən artıq əlavələr olunub. Beləliklə, zaman dəyişdikcə ortaya yeni reallıqlar çıxır və bu yeni reallıqlar da konstitusiyada öz əksini tapmalıdır. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun sözlərilə desək, Konstitusiyada zaman-zaman dəyişikliklər edilməzsə, inkişaf da zəifləyər.

Azərbaycan da müstəqilliyini cəmi 25 ildir ki, elan edib. Müstəqil ölkəmizin ilk konstitusiyası isə 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsilə qəbul edilib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamıza iki dəfə referendum yolu ilə dəyişikliklər edilib. Birinci dəfə 24 avqust 2002-ci ildə 22 maddəsinə 31, ikinci dəfə isə 18 mart 2009-cu ildə 9 maddəsinə 41 əlavə və dəyişikliklər edilib. Məhz edilən əlavə və dəyişiklər hər dəfə ölkənin siyasi sisteminin möhkəmlənməsinə, iqtisadiyyatının güclənməsinə, sosial münasibətlərin güclənməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradıb.

Bu gün isə həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzinə gələrək, müsbət və mənfi tendensiyaların əsas hədəfinə çevrilməsi Azərbaycanın inkişafının keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir. Dünyada cərəyan edən proseslər, xüsusilə də, qlobal transformasiya milli dövlətlərin siyasi-iqtisadi sərhədlərini dağıtmaq niyyətini ortaya qoyduğundan, Azərbaycan kimi müstəqil dövlətlər sosial və siyasi sisteminin möhkəmləndirilməsini, yeni təhdidlərdən müdafiə etməsini, cəmiyyəti xaosa sürükləyə biləcək mənfi tendensiyalardan sığortalaması kimi yeni vəzifələri qarşıya çıxarmış olur. Uzun onilliklər tarixi olan Liviyada, Tunisdə, Misirdə, Yəməndə, Suriyada, İraqda, Ukraynada və başqa dövlətlərdə baş verən hadisələr də milli dövlət kimi Azərbaycanın inkişafını ləngidə biləcək tendensiyalardan sığortalanması mühüm prioritet kimi qəbul edilir.

Bir sözlə, sosial-iqtisadi inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqların və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndiriləsi və s. amillərdən irəli gələrək Azərbaycan daha bir referenduma gedir. Bu baxımdan da, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər günün reallığı, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir. Təklif olunan layihədə isə konstitusiyanın 29 maddəsinə 39 düzəliş və əlavə təklif olunur.

Bütün deyilənlərin fonunda bir daha diqqətə çatdırmaq olar ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması, eyni zamanda, təhlükəsizlik sisteminin möhkəmlənməsinə, ordu quruculuğunda, silahlı qüvvələrin möhkəmlənməsində, işğal olunmuş ərazilərin azad olunmasında xüsusi rol və əhəmiyyət kəsb edəcək. Bununla bərabər əlavə və dəyişikliklər seçkilərdə yaş həddi ilə bağlı qadağaları aradan qaldıracaq, yeni, daha səmərəli və çevik idarəçilik sisteminin formalaşmasına yol açacaq. Məhz, nəzərdə tutulan əlavə dəyişikliklər xalq tərəfindən dəstəkləndikdən sonra Azərbaycan inkişafının növbəti mərhələsinə keçid üçün "yeni nəfəs" qazanacaq.

Digər xəbərlər