Əli Həsənov: "Azərbaycan multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və qardaşlıq mühitində yaşaya bilərlər"
Bu gün dünyada qlobal iqtisadi və maliyyə böhranı ilə yanaşı, geosiyasi qarşıdurmaların da baş verdiyi heç kəsə sirr deyildir. Dünya iqtisadiyatını və maliyyə vəziyyətini nəzarətdə saxlamaq yolu ilə ayrı-ayrı ölkələri zəiflətmək, xalqları qarşı-qarşıya qoymaqla iğtişaşlar yaratmaq imperialist güclərin gündəlik siyasət predmetinə çevrilib. Məhz Qərb dünyasının geostrateji maraqlar üzündən qan çanağına döndərdiyi Yaxın Şərq regionunda siyasi-ictimai və sosial-iqtisadi problemlər, miqrasiya böhranı baş qaldırıb. Doğrudur, Qərb dövlətləri maraqlarını reallaşdırdıqları bir vaxtda hesablamadıqları bir vəziyyətlə qarşılaşıblar. Yəni İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın axını Avropa dövlətlərini pis vəziyyətdə qoyub.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, 2015-ci ildə Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib, onlardan böyük əksəriyyəti Yunanıstana və İtaliyaya daxil olub. İtaliya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2015-ci ildə ölkəyə dəniz yolu ilə 100 mindən çox miqrant daxil olub. 2015-ci il iyul ayının sonuna olan statistikasına görə isə il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə, göstərici 70 faizə yüksəlir. Bununla yanaşı, 2011-ci ilə qədər Aralıq dənizini keçərkən qəzalar və digər səbəblərdən ölənlərin sayı il ərzində 500 nəfər ətrafında dəyişirdisə, Yaxın Şərqdə çevriliş və müharibə dalğasının baş qaldırdığı dövrdən etibarən bu göstərici 1500 nəfəri ötüb. 2014-cü ildə isə dənizdə ölənlərin sayı 3500 nəfərə çatıb.
Ümumiyyətlə, miqrantların bir qismi Yunanıstan və İtaliyaya çatdıqdan sonra Makedoniya, Serbiya, Macarıstan kimi ölkələrin ərazisindən keçərək Almaniya, Fransa, Skandinaviya ölkələri kimi daha inkişaf etmiş, yaxud miqrasiya siyasəti daha yumşaq olan ölkələrə üz tuturlar.
Göründüyü kimi, qlobal siyasi və iqtisadi vəziyyətin mürəkkəbləşməsi müharibələrin, bunlardan irəli gələn böyük humanitar fəlakətlərin yaranmasına səbəb olub. Bu işdə isə, əlbəttə ki, transmilli media vasitələri də xüsusi rol oynayırlar. Əsasən də, informasiya müharibəsi çərçivəsində psixoloji təsir mexanizmini işə salan transmilli media orqanları etnik-dini qarşıdurmaların da güclənməsinə rəvac verirlər. Məhz Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözlərilə desək, bu gün qlobal informasiya məkanına nəzarət meyilləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar: "Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları, sosial fəlakət və bu kimi digər mənfi hallar artıq günümüzün reallığına çevrilib. Qlobal informasiya məkanına nəzarət meyilləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsuslar ki, müəyyən mənada, buna nail olurlar. Bu gün biz özlərini demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-ayrı irqlərin, xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün geniş vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə dönüşü müşahidə edirik. Transmilli media isə ayrı-ayrı dairələrin maraq savaşına dəstək verir, müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyət çevrilişlərini, vətəndaş qarşıdurmasını stimullaşdırır".
Bütün deyilənlərin fonunda, xüsusilə qeyd etmək lazımdır ki, bu cür proseslərin Azərbaycanda baş verməməsi sevindiricidir. Bu işdə, əlbəttə ki, ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu nəticələrini vurğulamaq yerinə düşər. Eyni zamanda, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları, media qurumları arasında səmərəli münasibətlərin qurulması, dövlət-vətəndaş əlaqələrinin şəffaflığı ölkədə tolerant mühitin, siyasi harmoniyanın möhkəmlənməsinə səbəb olub. Bu prosesdə Azərbaycan mediasının rolunu da xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məsələ ilə bağlı qeyd edir ki, əsrlərlə tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti mənfi meyilləri inkar edir: "Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan ayrı-ayrı xalqların, etnik qrupların, dinlərin dinc yanaşı yaşadığı məkandır. Azərbaycan multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və qardaşlıq mühitində yaşaya bilərlər. Əlbəttə, burada Azərbaycan mediasının oynadığı rolu, cəmiyyətimizdə harmoniyanın güclənməsi üçün verdiyi töhfələri qeyd etməmək mümkün deyildir. Hesab edirəm ki, bu da Azərbaycan mediasının Azərbaycan Prezidentinin çağırışına cavabı, "Əkinçi" ənənələrinə sadiqliyinin təzahürüdür".
"SƏS" Analitik Qrupu