PDF Oxu

Əsas

  • 3 427

Avropa Şurasının əsas məqsədlərindən biri də dünyada insan hüquqlarının müdafiəsidir

image

Üzv dövlətlərin ideya və prinsiplərinin müdafiə və həyata keçirilməsi üçün onların arasında sıx əlaqələr yaratmaq:

- Avropanın demokratik və təhlükəsiz əraziyə çevrilməsinə kömək etmək;

- plüralist demokratiya və insan hüquqlarının müdafiəsi;

- vahid mədəniyyətin formalaşması üçün Avropa özünüdərkini möhkəmləndirmək və inkişaf etdirmək;

- üzv dövlətlərin iqtisadi və sosial tərəqqisinə yardım etmək;

- XXI yüzillikdə meydana çıxan problemlərin həlli yollarını axtarmaq;

- təşkilatın fəaliyyətini demokratik və təhlükəsizlik Avropa yaratmaq prosesində iştirak edən başqa insititutların işi ilə sıx əlaqələndirmək;

- hərbi məsələlər Avropa Şurasının səlahiyyətlərinə aid edilmir.

Z.Nəbibəyli və İ.Cəlilbəyli yazırlar: "Avropa Şurasının vəzifələri 3 qrupa ayrılır:

1. Üzv ölkələr arasında "İnsan fəaliyyətinin" bütün sahələrində əməkdaşlığın genişləndirlməsi yolu ilə birliyin möhkəmləndirilməsi.

2. Avropa Şurasına daxil olmayan Avropa dövlətləri ilə sosial, hüquq, mədəniyyət, təhsil, səhiyyə, "belə əməkdaşlığın qarşılıqlı arzu olunduğu" digər sahələrdə əməkdaşlıq.

3. BMT və onun orqanlarının fəaliyyətində "Avropa töhfəsini" verməklə iştirak etmək.

Avropa Şurasının üzvləri 1949-cu ildə təşkilatın Nizamnaməsini deyiləcək dövlətlər - Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İtaliya, Lüksemburq, Fransa, İsveç, Norveç, Niderland imzalayaraq təşkilatı təsis etmişlər. 1974-cü ilə kimi təşkilata daha 8 dövlət — Yunanıstan (1949), Türkiyə (1949), İslandiya (1950), Almaniya (1950), Avstriya (1956), Kipr (1961), İsveçrə (1963), Malta (1966) daxil olmuşlar. 1990-cı ilə kimi Avropa Şurasına Portuqaliya (1976), İspaniya (1977), Lixteyn-şteyn(1978), San-Marino (1988), Finlandiya (1989) daxil olmaqla təşkilatın üzvlərinin sayı 23-ə çatmışdır. 1977-ci ilin oktyabr ayında Strasburq şəhərində keçirilən 11 Zirvə toplantısında Macarıstan (1990), Polşa (1991), Bolqarıstan (1992), Litva (1993), Rumıniya (1993), Slovakiya (1993), Çexiya (1993), Estoniya (1993), Andorra (1994), Albaniya (1995), Latviya (1995), Makedoniya (1995), Moldova (1995), Ukrayna (1995), Rusiya (1996), Xorvatiya və s. təşkilatda tam hüquqlu üzv kimi təmsil olunmuşlar.

Təşkilatın orqanları. Avropa Şurasının 2 əsas orqanı - Nazirlər Komitəsi və Parlament Assambleyasıdır. Nazirlər Komitəsi Nizamnamənin 15-16-cı maddələrinə müvafiq olaraq Avropa Şurasının adından fəaliyyəti həyata keçirməyə səlahiyyəti olan icraedici və sərəncamverici orqandır. Avropa Şurasının üzvi olan hər bir dövlət Nazirlər Komitəsində bir nümayəndə ilə təmsil olunur. Komitədə nümayəndə kimi xarici işrlər naziri iştirak etməlidir. Nizamnamənin 14-cü maddəsinə əsasən, xarici işlər naziri başqa şəxslə əvəz oluna bilər. Əgər bu mümkündürsə, həmin şəxs hökümətin üzvü olmalıdır. Faktiki olaraq, ancaq, komitənin I-ci sessiyasında 1949-cu ildə bütün üzv dövlətlər xarici işlər nazirləri sayəsində təmsil olunmuşlar. Qalan hallarda isə nazirlər komitəsində üzv dövlətlərin xarici işlər nazirləri ilə yanaşı, digər vəzifəli şəxsləri, çox vaxt isə üzv dövlətlərinin Parisdə akkreditə olunmuş diplomatik nümayəndələri iştirak edirlər.

Komitənin hər bir üzvü bir səsə malikdir. Nazirlər Komitəsi, bir qayda olaraq ildə iki dəfə - may və dekabr aylarında toplanır və qapalı iclaslar keçirir. Nazirlər növbəliklə 6 ay müddətində komitənin sədr funksiyasını yerinə yetirirlər.

Nazirlər Komitəsi Parlament Assmbleyasının səlahiyətinə aid olan məsələlərdən başqa (onlar Nizamnamənin 24, 28, 30, 33 və 35 maddələrində nəzərdə tutulub), Avropa Şurasının daxili və təşkilat işlərinə aid bütün məsələlər barədə məcburi xarakterli qərarlar qəbul edir. Bu məqsədlə komitə maliyyə və inzibati sahədə zəruri sərəncamlar verir. Nizamnamənin o qədər də mühüm əhəmiyyət kəsb etməyən müddəalarında dəyişikliklər edilməsi ilə bağlı təkliflər komitənin əksər üzvlərini təmsil edən üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul edilir. Bəzi qərarlar, məsələn, yeni üzvlərin qəbulu, komitə üzvlərinin hamısının üçdə ikisinin səs çoxluğunu tələb edir. Nəhayət, bir sıra qərarlar, məsələn, təşkilatın Nizamnaməsinin mühüm müddəalarında dəyişikliklərlə bağlı təkliflər, Parlament Assambleyasının, Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabatların təsdiqi nisbi yekdillik əsasında qəbul edilir. İş həcminin artması və təşkilatın rolunun yüksəlməsi ilə əlaqədar olaraq Nazirlər Komitəsi 1952-ci ildə nazirlərin nümayəndələri komitəsini yaratmışdır. Nazirlər Komitəsinin səlahiyyətlərinin bir hissəsi həmin komitəyə verilmişdir. Təşkilatın siyasətinin mühüm problemləri istisna olmaqla müxtəlif məsələlər üzrə nazirlərin nümayəndələr komitəsi qərarlar qəbul edə bilər və bu qərarlar Nazirlər Komitəsinin qərarları ilə eyni hüquqi qüvvəyə malik olur. Təcrübədə nümayəndələr komitəsi Nazirlər Komitəsinin vəzifələrənin əsas hissəsini yerinə yetirir. Bundan əlavə, nümayəndələr komitəsi Nazirlər Komitəsinin iclaslarının materiallarını hazırlayır. Hər il üzv dövlətin nümayəndlər komitəsində bir nəfər nümayəndəsi olur. Bu nümayəndələr, bir qayda olaraq, üzv dövlətlərin Avropa Şurasına akkreditə olunmuş nümayəndələridir.

1955-ci ilin oktyabr ayında Nazirlər Komitəsi "Avropa Komisarları" institutunu yaratmışdır. Komissarlar Avropa Şurasının nümayəndələri kimi üzv ölkələrin hökümətlərində akkreditə olunurlar. Digər tərəfdən üzv dövlətlərin hökümətləri Avropa Şurasında özünün daimi nümayəndələrini təyin edir. Bu cür nümayəndələrin bəziləri, eyni zamanda Fransada öz ölkələrini təmsil edən nümayəndələr olurlar və Avropa qərargahı yerləşən Strasburq şəhərində yaşayırlar.

Nizamnamənin 19-cu maddəsinə əsasən, Parlament Assambleyasının hər sessiyasına Nazirlər Komitəsi müvafiq sənədlərlə birlikdə özünün fəaliyyəti barədə hesabatını göndərir."

Müəlliflər göstərirlər ki, Avropa Şurasının ikinci mühüm orqanı məşvərətçi nümayəndəli orqan olan Parlament Assambleyasıdır. Bu orqan əvvəllər Məsləhətverici Assambleya adalanmışdır. Həmin MV, orqan özünün xarakter və vəzifələrinə görə Nazirlər Komitəsindən fərqlənir. Assambleya üzv ölkələrin parlamenti tərəfindən seçilmiş və ya təyin olunmuş parlament nümayəndələrindən təşkil olunur. Hər nümayəndə təmsil etdiyi üzv dövlətin vətəndaşı olmalıdır. O, eyni zamanda Nazirlər Komitəsinin üzvü ola bilməz. Nizamnaməyə əsasən, nümayəndənin bir müavini ola bilər. Nümayəndə iştirak edə bilmədiyi iclaslarda müavin onu əvəz edir. Onun çıxış etmək və səs vermək hüququ vardır.

Hazırda Parlament Assambleyasının 286-dan çox üzvü, o sayda müavinlərdən və xüsusi dəvət olunmuş statusu ilə iştirak edən nümayəndələrdən ibarət fəaliyyət göstərir. Assambleyanın üzvləri fərdi olaraq öz mülahizələrinə görə səs verirlər. Onlar heç kəsdən təlimat ala bilməz, öz fəaliyyətlərinə görə heç kəsə hesabat vermirlər. Assambleyaya göndərilmiş nümayəndələr yalnız onları göndərmiş orqan tərəfindən geri cağırıla bilərlər. Lakin assambleyanın sessiyasının gedişi zamanı onun üzvlərinin geri cağırılması üçün assambleyanın özünün razılığı olmalıdır. Assambleyanın üzvləri onun işində milli qruplar şəklində iştirak edirlər. Assambleyada ayrı-ayrı üzv ölkələrdən parlament nümayəndələri üçün yerlərin sayı eyni deyildir. Yerlərin sayı, hər şeydən əvvəl, bu və ya digər ölkənin əhalisinin sayından asılıdır. Əhalisinin sayı təxminən bərabər olan ölkələr qruplara ayrılmışdır. Hər qrup əhalinin sayına uyğun sayda yerlə assambleyada təmsil olunmuşdur. Eyni qrupa aid olan ölkələr eyni sayda yerlə təmsil olunurlar. Kiçik dövlətlərə münasibətdə aşağıdakı prinsip rəhbər tutulur. Əhalisinin sayından asılı olmayaraq, assambleyada həmin dövlətin ən azı üç əsas siyasi partiyası təmsil olunmalıdır. Üzv ölkələrinin nümayəndələrinin sayı 2 nəfərdən 18 nəfərə kimi olur. Assambleyada beş siyasi qrup mövcuddur: sosialistlər qrupu, Avropa xalq partiyası qrupu, Avropa demoktratları qrupu, Liberallar qrupu, demoktratlar və islahatçılar qrupu.

Avropa Şurası Nizamnaməsinin 32-ci maddəsinə uyğun olaraq assambleya ildə bir dəfə özünün növbəti sessiyasına toplanır. Sessiya bir aydan artıq davam edə bilməz. Müəyyən edilmiş müddətin uzadılmasına ancaq assambleya və Nazirlər Komitəsinin ümumi razılığı ilə yol verilir. Nazirlər Komitəsi və assambleyanın sədri assambleyanın fövqəladə sessiyasını çağıra bilər. Təcrübədə assambleya öz sessiyasını üç kiçik sessiyaya bölmüşdür. Bu sessiyaların biri yanvarda, ikincisi yazda, üçüncüsü isə payızda keçirilir. Bəzən assambleya ildə dörd sessiya da keçirir. Bu kiçik sessiyalar bir neçə gündən 10 günədək davam edir. Ancaq bu sessiyaların cəmi müddəti Nizamnamənin 32-ci maddəsinə uyğun olaraq bir aydan artıq olmamalıdır. Assambleya sessiyalarını Strasburqda Avropa Sarayında keçirir. O, yay səyyarı sessiyalarından birini üzv dövlətlərini birində keçirə bilər.

Müəlliflər yazırlar: "Parlament Assambleyası öz sessiyasında Avropa Şurasının səlahiyyətinə daxil olan və Nazirlər Komitəsi tərəfindən sessiyaya çıxarılmış, həmçinin komitənin təqdim etdiyi hesabat əsasında təşkilatın fəaliyyəti ilə balğı məsələləri müzakirə edir. Parlament Assambleyası iclaslarının gündəliyini sərbəst müəyyənləşdirir. Dövrümüzün aktual və prespektiv məsələlərini, o cümlədən, müasir cəmiyyətin problemləri və beynəlxalq siyasətin müxtəlif cəhətləri ilə bağlı məsələləri müzakirə edir. Assambleya yalnız məcburi qüvvəsi olmayan tövsiyələr vermək hüququna malikdir (təşkilatdaxili işlər istisna olunmaqla). Parlament Assambleyasının işi aşağıdakı sahələr üzrə ixtisaslaşdırılımış komissiyalar tərəfindən hazırlanır:

- siyasi məsələlər;

- insan hüququ və hüquqi məsələlər;

- sosial məsələlər, səhiyyə və ailə məsələləri;

- mədəniyyət və təhsil;

- ətraf mühit, regional planlaşdırma və yerli hakimiyyət orqanları;

- elm və texnologiya;

- iqtisadiyyat və inkişaf məsələləri;

- kənd təsərrüfatı;

- Avropa Şurasının üzvü olmayan Avropa dövlətləri ilə əlaqələr;

- miqrasiya, qaçqınlar və demoqrafiya;

- milli parlamentlər və ictimaiyyətlə əlaqələr.

Parlament Assambleyası öz funksiyalarını xeyli genişləndirimişdir. Belə ki, assambleya sessiyalararası müddətdə iclaslar keçirən çoxlu ixtisaslaşmış komitələr yaratmışdır. Assambleyanın ixtisaslaşmış komitlərindən əlavə, xüsusi rolu olan daimi komitəsi da vardır. Assambleyanın bəzi səlahiyyətləri həmin komitəyə verilmişdir. Bu komitə sessiya üçün material hazırlayır, assambleyanın sessiyalararası müddətdə fəaliyyət göstərən komitələrinə rəhbərlik edir.

Parlaınent Assambleyası özünün daxili reqlamentini qəbul edir, öz üzvlərindən sədrini və onun müavinlərini seçir. Sədr və onun müavinləri Assambleya Bürosunu təşkil edir. Nizamnamənin 28-ci maddəsinə əsasən, sədr növbəti sessiyaya kimi vəzifədə qalır. Lakin ənənə üzrə seçilmiş sədr üç il ərzində həmin vəzifəni daşıyır. Assambleyanın sədri onun işinə rəhbərlik edir, lakin nə müzakirə, nə də səsvermədə iştirak etmir. Sədrin müavini isə iclaslarda iştirak etmək, çıxış etmək və səs vermək hüququna malikdir.

Assambleya, həmçinin Avropa Şurasının Baş katibi və onun müavinlərini, assambleyanın katibini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimlərini seçir.

Avropa Şurasının Nizamnaməsində nəzərdə tutulmuş üçüncü orqan katiblikdir. Katiblik tədqiqat aparır, hesabatlar hazırlayır, Avropa ictimaiyyətini Avropa Şurasının fəaliyyəti ilə tanış etmək məqsədilə təşkilatın sənədlərini nəşr edir.

Katiblik Nazirlər Komitəsi və Parlament Assambleyasının qərarlarının hazırlanmasında mühüm rol oynayır. Katibliyə Baş katib rəhbərlik edir. Onu Nazirlər Komitəsinin təqdimatı ilə Parlament Assambleyası 5 il müddətinə seçir."

Avropa Şurasının ali orqanı kimi üzv ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısı fəaliyyət göstərir. Bu toplantı ilk dəfə 1993-cü ildə Vyanada, ikinci dəfə isə 1997-ci ildə Strasburqda keçirilmişdir.

Avropa Şurasının Nizamnaməsində nəzərdə tutulmuş, lakin fəaliyyət göstərən orqanlarından biri də Avropa Yerli və Regional Hakimiyyət Konqresidir. 1994-cü ildə Nazirlər Komitəsi əvvəllər başqa adla fəaliyyət göstərən orqanın əvəzinə, Avropa Yerli və Regional hakimiyyət konqresini təsis etdi. Bu orqan yerli və regional özünüidarəçilik orqanını təmsil edir və Avropa Şurasının məsləhətverici orqanıdır. Parlament Assambleyası kimi, konqres də 286 nümayəndə və onların 286 müavinindən ibarətdir. Bu orqan yerli və regional hakimiyyət tərəfindən seçilmiş və yerli və ya regional hakimiyyət orqanlarına hesabat verən vəzifəli şəxslərin nümayəndələrindən ibarətdir. Milli nümayəndələr hər üzv dövlətin müxtəlif inzibati-ərazi qurumunun nümayəndələri olmaqla, onları təmsil edirlər. Konqres iki palatadan Yerli Hakimiyyət Palatası və Regionlar Palatasından ibarətdir. İki ildən bir hər palata özünün sədrini və bürosunu seçir. Konqresin sədri də iki ildən bir növbə ilə hər palatadan seçilir. Konqresin bürosuna iki palatanın büro üzvləri və konqresin sədri daxil olur. Bütün milli nümayəndələrin üzvlərindən ibarət olan Daimi Komitə Plenar Sessiyalararası Konqresin işini təmin edir.

Konqres və hər iki palata işini effektiliyi və çevikliyini təmin etmək məqsədilə konkret məsələlərin öyrənilməsi üçün kiçik xüsusi işçi qrupları yarada bilərlər.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər