Prezidentin Sərəncamına əsasən, təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrə dövlət büdcəsindən vəsait ayrılacaq
Təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin təmin olunması, kadr potensialının səriştə baxımından gücləndirilməsi kimi tədbirlərin həyata keçirilməsi təhsil sahəsində yeni mərhələni təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə yüksək qayğı və diqqəti təhsilin hərtərəfli inkişafına əlverişli şərait yaradıb. Azərbaycan təhsil sisteminin modernləşdirilməsi istiqamətində məqsədyönlü islahatlar aparılır. Qəbul olunan dövlət proqramları ölkəmizdə təhsilin yeni və keyfiyyətli inkişafına geniş imkanlar açıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ayrı-ayrı təhsil pillələri üzrə keyfiyyətin yüksəldiləsi baxımından, bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncamı da nəzərdə tutulan hədəflərə nail olunmasına yönəldilmişdir. Sərəncama əsasən, mütəmadi beynəlxalq təhsil proqramlarının tanınması və onların tətbiqi ilə bağlı müvafiq mexanizmlər hazırlanaraq həyata keçirilir. Təhsil müəsisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastruktur yaradılır.
TƏHSİLİN KEYFİYYƏTİNİN YÜKSƏLMƏSİNƏ YÖNƏLDİLMİŞ ƏHƏMİYYƏTLİ SƏNƏD
Göründüyü kimi, bu gün təhsilin keyfiyyəti və əhatəliliyi əsas amillərdən birinə çevrilib. Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ-hüquqi bazası yaradılmışdır.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncamı Azərbaycanda təhsil islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidinə zəmindir. Qarşıda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verəcək, təhsil sisteminin milli ruhda və dünyanın aparıcı ölkələrinin təhsil sistemlərinin ən yaxşı örnəklərindən əxz olunan yeni məzmun və forma istiqamətlərində inkişafını təmin edəcəkdir.
"ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ" VƏ "ƏN YAXŞI MÜƏLLİM" MÜSABİQƏLƏRİNDƏ ÜMUMİLİKDƏ MÜKAFATLANDIRILAN MÜƏLLİMLƏRİN SAYI 800-Ə, MƏKTƏBLƏRİN SAYI 400-Ə ÇATIB
Ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilmiş, 50 məktəb və 100 müəllim qalib hesab edilərək, müəyyən olunmuş qaydada mükafatlandırılmışdır. Ümumilikdə isə, mükafatlandırılan müəllimlərin sayı 800-ə, məktəblərin sayı 400-ə çatmışdır. Bu tədbirlər, qısa zaman kəsiyində öz müsbət nəticələrini vermiş, təhsilin keyfiyyətinin daha da yüksəlməsinə təkan olmuşdur. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının ləğv edilməsi və 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında Sərəncamı təhsilin yeni mərhələdə inkişafına yönəldilmiş əhəmiyyətli sənəddir.
Sərəncama əsasən, "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamı ləğv edilərək, əvəzində ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.
Bütün bunlar bir məqsədə-təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Əldə olunan nəticələr, zəngin təcrübə bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin tarixi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf yolundadır.
Nəzakət ƏLƏDDİNQIZI