Prezident Həsən Ruhani: "Biz ölkələrin və eləcə də,
Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik"
İran-Azərbaycan münasibətləri, siyasi-iqtisadi sahədə olduğu kimi, qarşılıqlı strateji xarakter daşıyan digər sektorlarda da uğurla inkişaf edir. İki ölkə bir-birini siyasi məsələlərdə dəstəkləyir və ümumi problemin aradan qaldırılmasına yardımçı olur. Məsələn, uzun illər idi ki, İrana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edilməkdə idi. Lakin Azərbaycan heç bir halda bu sanksiyalara qoşulmadı və beynəlxalq təkilatlarda rəsmi Tehranın mövqeyini müdafiə etdi. Bununla yanaşı, Azərbaycan İranla iqtisadi-ticari əlaqələrini genişləndirməklə mehriban qonşu, dost və qardaş ölkə olduğunu diqqətə çatdırdı.
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib ki, biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirik: "Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda daim sıx əməkdaşlıq edirik. Azərbaycan İrana qarşı tətbiq edilən sanksiyaların həmişə əleyhinə olmuşdur, öz mövqeyini açıq şəkildə ifadə etmişdir. Biz çox şadıq ki, bu sanksiyalar aradan qaldırılıb və beləliklə, əməkdaşlıq üçün yeni imkanlar yaranıbdır. İran tərəfi isə həmişə Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşmışdır, yanaşır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu dəstək həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü büruzə verir. Bu il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə qəbul edilmiş Bəyannamə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını bir daha tələb edir və biz İran dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiririk".
İran Prezidenti Həsən Ruhani də, öz növbəsində, qeyd edib ki, ölkəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinədir: "İran İslam Respublikasının bu məsələyə baxışı ondan ibarətdir ki, region ölkələrində sülh və sabitlik bərqərar olsun, ölkələr arasında problemlər və ixtilaflar danışıqlar yolu ilə həll edilsin. Biz ölkələrin və eləcə də, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Ümidvarıq ki, regiondakı problemlər danışıqlar yolu və başqa ölkələrin səyləri ilə həll ediləcək və nəticədə, sülh, sabitlik və təhlükəsizlik bərqərar olacaq. İran İslam Respublikası Azərbaycanın və Ermənistanın qonşusu kimi həmişə çalışıb ki, bu zəmində səylər danışıqlara və bölgədə təhlükəsizliyə yönəlsin. Əgər İran İslam Respublikasının bu sahədə əlindən gələ biləcək nəsə olarsa, biz köməyimizi əsirgəməyəcəyik. Biz, həmçinin bölgədə terrorizm və güc tətbiqinin Qafqaz, Orta Asiya, Yaxın Şərq, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükələr yaratması mövzusunda danışıqlar apardıq. Belə qərara gəldik ki, iki ölkənin səyləri terrorizmə qarşı mübarizədə daha da artırılsın".
Göründüyü kimi, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə ədalətli şəkildə həll olunması üçün əlindən gələni etməyə hazır olduğunu bildirir. Bu fakt da özlüyündə isbatlayır ki, vaxtilə səsləndirilən "İran Ermənistanı dəstəkləyir" kimi ifadələr artıq reallığı ifadə etmir və Tehran Bakının mövqeyini müdafiə edir.
"SƏS" Analitik Qrupu