İlham Əliyev: "Üçtərəfli görüş əməkdaşlığın tarixində yeni səhifə açacaq"
Məlum olduğu kimi, Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib. Toplantıda ölkələr arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Sonda isə dövlət başçılarının Bəyannaməsi imzalanıb.
Azərbaycan Prezidenti keçirilən görüşdə çıxışı zamanı üçtərəfli görüşün regional əməkdaşlığımızın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Sözügedən məsələ ilə ictimai rəy tərəfindən yüksək dəyərləndirilib.
Siyavuş Novruzov: "Bu görüşün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə olan nüfuzunun, apardığı sülhməramlı və dostluq siyasətinin göstəricisidir"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən üçtərəfli tarixi görüşünün nəinki region, ümumiyyətlə dünya üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu görüşün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə olan nüfuzunun, apardığı sülhməramlı və dostluq siyasətinin, həmçinin Azərbaycanda olan ictimai-siyasi sabitliyin, ölkəmizin təşkilatçılıq qabiliyyətinin və iqtisadi inkişafının göstəricisidir: "Görüşdə terrorizmin qarşısının alınması, ekstremist amillərin aradan qaldırılması, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olundu və bəyannamə imzalandı. Bu görüşlərin mütəmadi keçirilməsinin qərara alınması, üçtərəfli formatın regionda sülh və sabitlik üçün əsas şərt olması, dondurulmuş münaqişələrin həll edilməsi ilə bağlı müzakirələrin aparılması çox vacib əhəmiyyət kəsb edir və önəmli mesajlardandır".
YAP İcra katibinin müavini hesab edir ki, bu formata başqa ölkələrin də qoşulması ilə daha geniş formada davam etsə, çox qısa müddət ərzində həm regionda sülh yaranacaq, regionun iqtisadi inkişafı sürətlənəcək, nəqliyyat və kommunikasiya məsələləri öz həllini tapacaq və yeni böyük qüvvə meydana çıxacaq. S.Novruzov, həmçinin onu da bildirib ki, əgər regionda belə bir birlik yaranırsa, bu cür addımlar atılırsa, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll olunması üçün addım atmağa məcburdur, çünki başqa çıxış yolu qalmır: "Ona görə də, hesab edirəm ki, bu cür yeni əməkdaşıq formatının yaranması Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində çox mühüm addım olacaq".
Aydın Mirzəzadə: "Bu görüş Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini bir tərəfdaşın da artması ilə daha da möhkəmlətdi"
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-İran Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü Aydın Mirzəzadə bu görüşün Azərbaycan üçün önəmli olduğunu deyib: "Bizim üçün önəmli məsələ ondan ibarətdir ki, birincisi İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi və bu, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini bir tərəfdaşın da artması ilə daha da möhkəmlətdi. Çünki vacib məsələlərdən biri Dağlıq Qarabağ probleminin müzakirəsi idi. Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalının davam etməsinin dözülməz olduğunu bir daha bəyan etdi və Rusiyadan bu məsələdə daha fəal vasitəçilik missiyasını gözlədiyini bildirdi".
Rasim Musabəyov: "Bakı görüşü üçtərəfli əməkdaşlığın başlanğıcıdır"
Millət vəkili Rasim Musabəyov Rusiya, İran və Azərbaycan prezidentlərinin Bakı görüşünü üçtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirib: "Bu toplantı, şübhəsiz ki, Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük dividendlər gətirir. Ancaq Bakı zirvə toplantısının əsas məqsədi "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inşasının ən qısa zamanda başa çatdırılması ilə bağlı idi ki, üç ölkənin prezidenti bu məsələdə də razılığa gəliblər. Eyni zamanda, nəzərə alsaq ki, İran və Rusiya Azərbaycanın böyük qonşularıdır, belə bir əməkdaşlıq həm geopolitik baxımdan Azərbaycanın mövqelərini gücləndirir, həm də iqtisadi sferada böyük qazanc vəd edir. "Şimal-Cənub" dəhlizi, Xəzərdə böyük energetik layihələrin birgə gerçəkləşməsi, mövcud kəmərlərin birgə istifadəsi, bölgədə sabitlik, terrorun qarşısının alınması əməkdaşlıq tələb edir ki, bu əməkdaşlıq sayəsində Azərbaycanın maraqları da təmin olunur, mövqeyi də möhkəmlənir".
Beləliklə, Bakıda keçirilən üçtərəfli tarixi görüş region ölkələri arasında əlaqələrin daha da genişləndirilməsi baxımından faydalı olacaq. Eyni zamanda, xalqlarımız daha da yaxşı, təhlükəsizlik, sülh, rifah və əmin-amanlıq şəraitində yaşayacaq. Bu baxımdan da, tarixi görüş olan bu görüş hər üç xalqın tarixinə dərin iz salacaq. İnanırıq ki, belə tarixi görüşlər davamlı olacaq.
R.KAMALQIZI