Son illər respublikamızda turizm sahəsində dövlət tərəfindən görülən işlər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınmasına, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkilinə, hüquqi-normativ aktların qəbul edilməsinə müsbət təsirini göstərib. Turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması turizmin inkişafına geniş imkanlar açıb. Eyni zamanda, "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2010-2014-cü illər üçün Dövlət Proqramı" və s. hazırlanaraq həyata keçirilib.
Müxtəlif turizm sahələri üzrə infrastrukturun yenilənməsi və yaradılması xarici turistlərin respublikamıza marağını artırıb. Bu da, öz növbəsində, iqtisadiyyata, bilavasitə müsbət təsir göstərir. Ölkəmizdə uğurla sona yetən "Eurovision-2012" Mahnı Müsabiqəsi də Azərbaycanın turizm imkanlarının geniş məkanda tanımasına böyük yollar açdı. "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə əlaqədar ölkəmizə dünyanın 40-dan artıq ölkəsindən gələn qonaqlar Azərbaycan gözəliklər ilə tanış olub, müasir tələblər səviyyəsində qurulmuş otellərdə istirahət etmişlər.
"FORMULA-1" YARIŞI AZƏRBAYCANIN TURİZM POTENSİALININ İNKİŞAFINDA XÜSUSİ ROL OYNAYACAQ"
Ümumilikdə, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizm axınına müsbət təsirini göstərib. Ötən il tarixdə ilk dəfə təşkil edilən Birinci Avropa Oyunları və bu il keçirilən "Formula-1" üzrə Avropa Qran-Prisi ölkəmizə daha çox turistlərin cəlb olunmasında mühüm rola malikdir. "Formula-1" yarışının tamaşaçı auditoriyası bütün qitələri əhatə edib. Bakı Avropa Qran-Prisi 187 ölkədə izlənilib. Bu isə, bu sayda tamaşaçının Azərbaycan paytaxtının gözəlliyini, möhtəşəmliyini görməyə imkan yaradıb və ölkəmizə turist axınının sürətlənməsinə kifayət qədər təsirini göstərib. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın inkişaf etmiş iyirmi şəhərində keçirilən "Formula – 1"-in növbəti dəfə Azərbaycanda keçirilməsini tarixi nailiyyətimiz kimi qiymətləndirib. Ölkəmizə gələn qonaqlar Azərbaycanın gözəllikləri ilə tanış olmaq imkanına nail oldular. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz bunu artıq görürük: "Formula-1" yarışı Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq. Artıq biz bunu müşahidə edirik. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artır. Onların çoxu Bakıya ilk dəfə gəlirlər. Onlar görürlər ki, Bakı necə gözəl, necə inkişaf etmiş şəhərdir".
CARİ İLİN 6 AYINDA AZƏRBAYCANA GƏLƏN ƏCNƏBİ VƏTƏNDAŞLARIN SAYI 972 MİN NƏFƏR TƏŞKİL EDİB
Cari ilin son 6 ayı ərzində Rusiya, Avropa, ərəb ölkələrindən, İran və MDB-dən gələn əcnəbi qonaqların sayı artmaqdadır. Cari ilin 6 ayında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 972 min nəfər təşkil edib. Bu turistlər sırasında Rusiya, İran, Türkiyə və ərəb ölkələrindən ölkəmizə gələn turistlərin sayı üstünlük təşkil edir. Ölkəmizə hər gün 600-1000 arası ərəb turisti gəldiyini də qeyd etməliyik. Bütün bunlar göstərir ki, Azərbaycanda turizm sektoru dünya standarlarına uyğun qurulub, ölkəmizin əlverişli iqlimi, sabitliyin, təhlükəsizliyin mövcudluğu turistlər üçün buranı ən əlverişli bir məkana çevirib.
Nəzakət ƏLƏDDİNQIZI