PDF Oxu

Əsas

  • 2 502

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

image

Təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək. Bu məqsədlə, Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində Transfer.edu.az elektron portalı yaradılıb.

Bununla bağlı dünən Təhsil Nazirliyində press-brifinq keçirilib. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, portalın yaradılması bakalavriat səviyyəsində ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır və mərkəzləşdirilmiş qaydada aparılacaq:"Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi ali təhsil müəssisəsini seçmək imkanına malik olacaq. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirəcək.

C.Valehov qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənədlərin qəbulu cari ilin 10 avqust–5 sentyabr tarixlərində aparılacaq.

Press-brifinqdə, həmçinin bildirilib ki, 2016-2017-ci tədris ili üzrə pilot olaraq, Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu Təhsil Nazirliyi ilə "ASAN xidmət" tərəfindən birgə hazırlanmış "ASAN peşə" layihəsi çərçivəsində aparılacaq.

Sonda jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

NƏZAKƏT

Digər xəbərlər