Ümummilli Lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan milli dəyərləri, tarixi, maddi mədəniyyəti dünyada tanıdılır. Xalqların, millətlərin bir-birinə yaxınlaşmasına, ölkələr arasında mövcud olan əlaqələrin inkişafında çox vacib rol oynayır. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşməsinə əsaslanır.
Beynəlxalq aləmdə keçirilən sərgilər, Azərbaycan mədəniyyət günləri Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasında bir körpü rolunu oynayır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Musiqi Festivalı, VI Beynəlxalq "Qız Qalası" İncəsənət Festivalı, İkinci Beynəlxalq Aşıq Festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş beynəlxalq festivallar da Azərbaycanın real mənzərəsinin təbliğində önəmli rola malikdir.
Mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən festival gözəl bir ənənəyə çevrilərək, beynəlxalq nüfuzunu ildən-ilə artırır. Dünyanın müxtəlif ölkələrinin musiqiçilərini Qafqaz Albaniyasının paytaxtı olan, zamanın, mədəniyyətin izini daş yaddaşına həkk edən Qəbələyə toplayır. Bu beynəlxalq musiqi festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verildiyinin də bir göstəricisidir. Mehriban xanım Əliyevanın VIII Beynəlxalq Musiqi Festivalının iştirakçılarına ünvanladığı təbrik məktubunda vurğulandığı kimi, "Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub-saxlanıldığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içərisində yaşadığı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır".
Qəbələ VIII Beynəlxalq Musiqi Festivalına növbəti dəfə yüksək səviyyədə ev sahibliyi etdi. Musiqi bayramında iştirak edən Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorların festival, Qəbələ ilə bağlı təəssüratları hər zaman zəngin oldu. Bu dəfə də gözəl təbiəti olan Qəbələdə klassik musiqi axşamları insanlarda xoş ovqat yaratdı. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın himayəsi ilə keçirilən festivalda çox görkəmli ifaçıların iştirak etməsi mötəbər tədbirin əks-sədasını bütün dünyada çox geniş yayaraq, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevirdi. Festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə yadda qaldı. Ölkəmizdə elan olunan "Multikulturalizm ili" çərçivəsində keçirilən tədbirlərin sırasında yer alan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı zənginliyi ilə hər kəsdə xoş ovqat yaratdı. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirildi. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxdılar. Burada klassik və kamera musiqisi və muğamlarımız ifa olundu. Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə qərq edən Qəbələ bir daha musiqi festivalına ev sahibliyi edərək, tarixinə yeni səhifə açmış oldu.
Nəzakət ƏLƏDDİNQIZI