PDF Oxu

Əsas

  • 2 460

RAGT milli dövlətçilik ideyalarını daim yeni nəsillərə aşılayır

image

Leyla Əliyeva: "Heydər Əliyev Fondu mənim ictimai fəaliyyətə öz töhfəmi vermək üçün böyük imkan deməkdir"

Azərbaycanda aparılan abadlıq və quruculuq işləri, yeni layihələrin icrası ölkəmizin sürətli inkişafını əsaslandıran amillərdəndir. Bu inkişaf ölkəmizin beynəlxalq aləmdə nüfuzunu ildən-ilə artırır. Dünyanın müxtəlif qitələri ilə münasibət quran Azərbaycanın söz sahibinə çevrilməsinə səbəb olur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr öz məzmunu, ideyası baxımından Azərbaycan reallıqlarına xidmət edir və geniş sferanın əhatəliliyi, əhəmiyyəti baxımından önəmlidir.

Fondun Azərbaycanın xalqımızın rifahı naminə həyata keçirdiyi genişmiqyaslı proqram və layihələrinin nəticəsi olaraq, xarici ölkələrin fondları ilə əməkdaşlığı genişlənir, xalqlararası münasibətlər möhkəmlənir. Heydər Əliyev Fondu tərəfindən bir sıra dost dövlətlərdə nümayəndəliklərin yaradılması bu əlaqələrin genişlənməsinə təkan verir. Fondun Türkiyə, Rusiya və bir sıra başqa ölkələrdə nümayəndəliklərinin yaradılması və fəaliyyəti bu əlaqələrin möhkəmlənməsində, bilavasitə xüsusi rola malikdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi layihələr iki ölkə arasında münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

"Baku" jurnalının təsisçisi, "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı, Islam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ümumrusiya Azərbaycanlılar Konqresi Mərkəzi Şurasının Rəyasət Heyətinin üzvü olan Leyla Əliyeva bu və ya digər statusları ilə həyata keçirdiyi layihələr real fəaliyyətinin göstəricisidir. Gördüyü işlər dünya miqyasında cavabsız qalmır. Onun təltifləri bu fikri deməyə əsas verir. Belə ki, Nyu-Yorkun humanitar aksiyalarında fəal iştirakına görə "Key to Life" fəxri mükafatına layiq görülüb. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq işində xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Ətraf mühitin mühafizəsi üzrə VII Beynəlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə" fəxri fərmanla təltif edilib. Dünyada aclığa qarşı mübarizəyə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılmasına, sağlam ərzaq sistemi yaradılmasına verdiyi töhfəyə görə, 2015-ci ilin may ayında Leyla xanım BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb. Onun çoxsaylı təltifləri sırasında "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni də var.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı kimi ictimai birliyinin sədri olan Leyla Əliyeva öz ismi ətrafında yüksək fikir formalaşdırmağa nail olub. Leyla xanım, həqiqətən də, ölkələr arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlər görür. Beynəlxalq aləmdə millətlərarası münaqişələr yaşandığı dövrdə Azərbaycanın sülh və əmin-amanlıq istəyini dünyaya göstərə bilir. BMT radiosuna verdiyi müsahibəsində belə deyir: "Heydər Əliyev Fondu mənim ictimai fəaliyyətə öz töhfəmi vermək üçün böyük imkan deməkdir. Hesab edirəm ki, Azərbaycan gənclərinin hər bir nümayəndəsi bu işə müəyyən dərəcədə öz töhfəsini vermək istəyir. Əlbəttə, əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm".

Leyla xanım Əliyeva Rusiya kimi bir dövlətdə fəaliyyətini müxtəlif sahələrə şaxələndirib, böyük layihələri həyata keçirməklə böyük bir missiyanı reallaşdırır. RAGT-ın uğurları, onun beynəlxalq proseslərə inteqrasiyası sürətlənir. Qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfələrini verir. Azərbaycan ilə Rusiya arasında qurduğu belə əlaqələrin nəticəsidir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Fərmanı ilə "Puşkin" medalı ilə təltif edilib.

Beynəlxalq əlaqələrin genişləndirilməsi hər bir dövlətin qonşu dövlətlərlə münasibətlərinin sivil şəkildə qurulmasına, onun mədəni əlaqələrinin genişləndirilməsinə təsirini göstərən reallıqlardır. Tarixən mədəni əlaqələrin genişlənməsinə üstünlük verən RAGT-ın təşkilatçılığı ilə MDB ölkələrində yaradılmış ilk mədəniyyət mərkəzi - Azərbaycan Mədəniyyət Mərkəzi təkcə Moskva üçün deyil, bütün Rusiya üçün mühüm əlamətdar hadisə oldu.

Ölkənin reallıqlarını ictimai fəaliyyəti ilə Azərbaycan sərhədlərindən kənarda yaşadan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı irimiqyaslı layihələri əsasında böyük uğurlara imza atır. Daim coğrafiyasını genişləndirmək ideyasını gerçəkləşdirən qurumun bu gün azərbaycanlı gənclər klubları Moskvada və Sankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda fəaliyyətdədir. Gənclərin həyatının bütün istiqamətlərini müəyyən edən qurum Rusiya gənclərini, o cümlədən, ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə getdikcə daha yaxından tanış edir. Bütün bunlarla yanaşı, ardıcıl olaraq həyata keçirdiyi layihələr onun fəaliyyət istiqamətinin genişləndirilməsini əsaslandıran faktorlardır. Qurumun "Xocalıya ədalət", "Qanın milləti yoxdur", "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" və digər müxtəlif məzmunlu layihələri təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. Mövcud layihələrin gerçəkləşməsinin nəticəsi olaraq mədəni-maarif və sosial, ictimai sahələrdə vətəndaşlıq şüurunun inkişafına təsirini göstərməkdədir. Belə layihələrin həyata keçirilməsi RAGT-ın uğurlarının, onun beynəlxalq proseslərə inteqrasiyasını sürətləndirir. Dünya dövlətlərinə inteqrasiyada maraqlı olan qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə doğru addımlarını davam etdirir. Bütün bu cəhdlər öz nəticəsini verir.

Bu gün Ulu Öndərin ideyalarını yaşadan və təbliğ edən Heydər Əliyev Fondu Dahi Öndər Heydər Əliyevin irsini, ilk növbədə mədəniyyətlə, humanitar inkişaf, elmlə bağlı ideyalarını inkişaf etdirməyə çalışaraq, layihələrin reallaşmasına müvəffəq olur. Beynəlxalq miqyasda milli dəyərlərimizin, adət və ənənələrimizin təbliğinə nail olur. Azərbaycandan kənarda belə missiyanı üzərinə götürüb, onu həqiqətə çevirmək nə qədər məsuliyyətli iş olsa da, bir o qədər də şərəflidir. RAGT milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılayaraq Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib-hazırladığı siyasətin öyrənilməsinə və təbliğinə önəm verir. Rusiyanın müxtəlif regionlarında aktual mövzularla bağlı təşkil olunun konfrans və seminarlar, məhz bu məqsədə xidmət göstərir. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dəstək olan RAGT fəaliyyətini, birmənalı olaraq davam etdirməkdədir.

Göründüyü kimi, Azərbaycandan kənarda iri məzmunlu layihələrin əsasında bəşəriyyətə humanizm dəyərlərini əxz etmək, dinindən və dilindən asılı olmayaraq, qeyri-millətləri dialoqa cəlb etmək kimi qlobal məhiyyət kəsb edən məsələlərin icrasında özünü təsdiqləyən fondun Rusiya nümayəndəliyi həyata keçirdiyi layihələri ilə əməli fəaliyyətini davam etdirir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər