PDF Oxu

Əsas

  • 4 268

“Media və din” mövzusunda konfrans keçirilib

image

Mübariz Qurbanlı: "Məqsəd, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaqdır"

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "2016-cı il Multukulturalizm ili" çərçivəsində "Media və din" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xatırladıb ki, "2016-cı il Multikulturalizm ili" elan olunub və Dövlət Komitəsi tərəfindən bu çərçivədə müxtəlif xarakterli tədbirlər, seminarlar keçirilir: "Bugünkü konfransımız isə media və din mövzusuna həsr olunub.

Belə ki, Azərbaycanda fəaliyyət göstərən jurnalistlər dini mövzuda yazılar yazarkən bəzi həssas məqamları nəzərə almalıdırlar. Sirr deyil ki, bu gün dindən sui-istifadə, dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib və xüsusilə, İslam dini daxilində yaranan bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb".

Komitə sədri bildirib ki, dini mövzuları dərindən bilməyən bəzi media nümayəndələri Azərbaycan mediasında yanlış informasiyalar yayaraq, müəyyən qarışıqlıqlara yol verirlər: "Bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar. Bu, yolverilməzdir. Biz mediaya, jurnslistlərə bildirmək istəyirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfensiyalı və tolerantlıq ölkəsidir. Azərbaycanda ayrı-ayrı dini konfenssiyalar bərabər şəkildə fəaliyyət göstərirlər". Azərbaycanda dövlət-din münasibətlərində qarşıda duran 2 mühüm vəzifə olduğunu vurğulayan Mübariz Qurbanlı qeyd edib ki, onlardan birincisi, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq, ikincisi isə dini xurafata qarşı mübarizə aparmaqdır: "Ədəbiyyatımızdan da bilirik ki, dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar. Bu gün də bu mübarizəyə böyük ehtiyac var. Çünki xurafat, cahillik müasir dünyamızda da mövcuddur. Bəzi insanlar dini xurafatdan sui-istifadə edirlər. Deyərdim ki, dini xurafatla dini radikalizm bir medalın iki üzüdür. Ona görə də bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var. Bizim qurumumuz da hər zaman jurnalistlər üçün açıqdır və onları maraqlandıran istənilən mövzu ətrafında biz öz məlumatlarımızı verməyə hazırıq".

Sonra çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranan gündən etibarən, bu qurum daim mətbuatla əməkdaşlıq edib, sıx əlaqələrini qurub. Belə ki, Komitə eyni zamanda Mətbuat Şurası ilə birgə mühüm layihələr həyata keçirir. Ona görə də hesab etmək olar ki, Dini Komitə jurnalistlər üçün açıq bir quruma çevrilib: "Bu gün hər kəsə bəllidir ki, Azərbaycan tolerant bir ölkədir. Təbii ki, Azərbaycan mətbuatı həm də dünyəviliyi və dini mövzulara tolerantlığı ilə seçilib. Lakin xarici qüvvələrin dindən sui-istifadə cəhdləri olur ki, bu cəhdlərin qarşısının alınmasında Azərbaycan jurnalistləri çox mühüm rol oynayır". "Azərbaycan jurnalistikası din sahəsində peşəkarlığını artırıb və bu sahədə yaranan probelmlərin aradan qaldırılması üçün öz rolunu oynamaqda davam edir".

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da çıxışında qeyd edib ki, media və dim mövzusunun ölkə jurnalistikası üçün əhəmiyyəti var. Belə ki, jurnalistlər dini mövzulara toxunarkən, həm də milli-mənəvi dəyərlərimizi də unutmamalıdırlar. Çünki hər iki amil arasında bir müəyyən bağlılıq mövcuddur: "O cümlədən, dini radikalizmə, terrorçuluğa qarşı da mübarizədə jurnalistikanın töhfələri əvəzsizdir. Bu gün bir sıra Qərb ölkələrində terroru İslamın adına bağlamağa çalışan qüvvələr mövcuddur. Biz, jurnalist olaraq bu kimi məsələləri ifşa etməliyik".

Millət vəkili Fazil Mustafa isə çıxışında qeyd edib ki, Azərbaycan dövləti dini məsələrə xüsusi diqqət göstərir: "Hətta deyərdim ki, bu kimi məsələlərdə dövlətin ağırlığı hiss olunur. Xüsusilə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son vaxtlarda apardığı davamlı fəaliyyəti də belə qənaətə gəlməyə əsas verir". "Lakin dini mövzuların daha peşəkar işıqlandırılması üçün jurnalistlər arasında ixtisaslaşdırılma aparılmalıdır"-deyə qeyd edən millət vəkili bildirib ki, təəssüf ki, bəzi hallarda jurnalistlər yanlış informasiyalar yayaraq ictimai çaşqınlığın yaranmasına səbəb olurlar: "Bu baxımdan, jurnalistlər arasında ixtisaslaşdırma, bu mövzuda yazan media nümayəndələrinin maarifləndirilməsi daha yaxşı olardı".

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Rövşən Nurəddinoğlu

Digər xəbərlər