PDF Oxu

Əsas

  • 2 293

MSK-da seminar-müşavirənin açılışı olub

image

Dünən Mərkəzi Seçki Komissiyasında (MSK) bu ilin sentyabrın 26-da ölkəmizdə keçiriləcək Referendum seçkiləri ilə bağlı seminar-müşavirənin açılışı olub. SİA-nın məlumatına görə, açılışda MSK-nın sədri Məzahir Pənahov deyib ki, MSK mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir: "Bu, seminar-müşavirədə özünün əhəmiyyətliliyi ilə seçilir. Bu kimi seminar-müşavirələr Referendumun keçirilməsində xüsusi rola malik olacaq. 26 sentyabr Referendum Azərbaycan tarixinə xüsusi hərflərlə yazılacaq. Bütün bu seçkilər Azərbaycanın inkişafına, stabilliyinə töhfə olmaqla yanaşı hansı çətinliklərin mövcud olduğuna və onların həllinə də yardımçı olacaq. Dünyanın hər bir ölkəsinə Azərbaycandakı inkişaf nümunə sayıla bilər. Dövlətimizin bütün sahələrində inkişaf var".

M.Pənahov əlavə edib ki, qısa müddətdə bütün sahələrdə inkişaf mövcud olub, eləcə də dövlət qurumları müasir standartlaya uyğun qurulub və inkişaf etdirilib: "Həmçinin bunu yerlərdə bütün seçki komissiyalarında yaradılmış şəraitlə nümunə göstərmək olar".

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev isə "Referendumun hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti" mövzusunda çıxış edərək bildirib ki, Mərkəzi Seçki Komissiyasında keçirilən maarifləndirmə tədbirləri mühüm əhəmiyyətə malikdir: "Azərbaycanı əvvəlki illərlə müqayisə etsək görərik ki, bu gün ölkəmizdə seçki prosesi müasir tələblər səviyyəsində keçirilir. artıq heç kim Azərbaycanda keçirilən seçkilərə irad tuta bilmir. Ölkəmizdə daim təkmil seçki qanunvericiliyi var. Biz onun hər bir müddəasını göz bəbəyimiz kimi qorumalıyıq. Hətta buna mane olmaq istəyənlərə belə birlik nümayiş etdirməliyik. Seçkinin Azərbaycanda müvəffəqiyyətlə keçirilməsinin başlıca səbəbi ölkəmizdəki sabitlikdir. Hər dəfə bizlər seçkinin yüksək səviyyədə təşkil olunmasını reallaşdırmışıq. Biz yalnız bu ab-havaya dəstək olmalıyıq. Seçkilərin keçirilməsi üçün əsas amil yerlərdə şəraitin yaradılmasıdır ki, artıq bunlar da yüksək səviyyədə təşkil olunub".

Z.Nağdəliyev əlavə edib ki, sentyabrın 3-də başlanacaq təşviqat kampaniyası ilə bağlı açıq və qapalı yerlər müəyyənləşdiriləcək: "Bu məsələlər tezliklə öz həllini tapacaq. Artıq 1000 veb-kamera imkan verir ki, hər kəs seçki prosesini tam şəffaf və ədalətli şəkildə izləyə bilsin. Bu kameralar eyni zamanda bizlər üçün bir nümunədir".

Milli Məslisin sədrinin birinci müavini Ziyafət Əsgərov "Referendumda iştirak hüquqlarının konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri" mövzusunda çıxışı zamanı diqqətə çatdırıb ki, hər bir cəmiyyətin həyatında dəyişikliklər vacibdir: "Azərbaycan xalqını maraqlandıran hər bir məsələ referenduma çıxarıla bilər. Amma bu, müəyyən istisnalarla baş verə bilər. Elə məsələlər var ki, onlar Konstitusiya səviyyəsində həll olunmalıdır. Ümumiyyətlə, dünyada referendumun özünün bir neçə forması var. Azərbaycanda isə bu formalar tam tələblər səviyyəsində həyata keçirilib. Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə son illər inkişaf o qədər sürətlə gedir ki, biz artıq dəyişikliklər etməliyik. Referendum aktı xalqın iradəsinə cavab verən büquqi sənəddir. Bu referendumda xalq biləvasitə yaxından iştirak edir. Hər bir referendum aktı xalqın inkişafının göstəricisidir". Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov "Referendumda iştirak hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu" mövzusunda nitq söyləyərək qeyd edib ki, bu gün Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf edir. Azərbaycan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyası ilə yaxından əməkdaşlıq edir və şikayətlərə, müraciətlərə baxır. 2008-ci ilin Prezident seçkilərində prokurorluğa heç bir müraciət daxil olmayıb. Bu gün müraciətlərə baxılmasında müsbət dinamik müşahidə olunur. Artıq 10-15 ilin dinamikası göz önündədir. İnanırıq ki, sentyabrın 26-da keçiriləcək Referendum da yüksək əhval-ruhiyyə şəraitində keçəcək. Amma təəssüf ki, bəzi ünsürlər seçki prosesinin keçirilməsinə mane olmaq istəyirlər. Onlar küçələrdə "seçkilərə yox" şüarı altında plakatlar paylayırlar. Amma bizlər hüquq-mühafizə orqanları, polis əməkdaşları ilə birlikdə mübarizə aparırıq. Çalışırıq ki, seçkilər ərəfəsində bu kimi neqativ hallara yol verilməsin".

Daxili işlər nazirinin müavini Oruc Zalov isə bildirib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən xüsusi qrup yaradalacaq ki, onlar 26 sentyabr Referendum seçkiləri ərəfəsində asayişin keçiyində dayanacaq: "Heç şübhəsiz ki, həmişə olduğu kimi bu gün də Azərbaycanda pozucu qüvvələr mövcuddur: "Onlar xüsusi olaraq bu seçkilər ərəfəsində fəallaşırlar. Biz də DİN olaraq bu kimi pozucu qüvvələrə qarşı mübarizə aparacayıq. Çalışacayıq ki, ölkəmizdə bu kimi neqativ hallar yaşanmasın. Bu gün DİN ölkəmizdə uğurlu fəaliyyəti ilə seçilir. Pozucu qüvvələrin, cinayətkarların axtarıb tapılmasda təmsil etdiyim qurum səmərəli fəaliyyət göstərir. İnanırıq ki, 26 sentyabrda keçiriləcək Referendum da digər seçkilər kimi uğurlu baş tutacaq. Məhz buna görə də MSK işinə uğurlar arzu edirəm". O həmçinin əlavə edib ki, referendum ərəfəsində icazəsiz yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək: "Ümumiyyətlə, bu işə xələ gətirmək istəyənlərə imkan tanınmayacaq. Qeydə alınmış təşviqat qrupları isə öz təşviqatlarını aparacaqlar. Referendum günü isə seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Əgər bu kimi hallar baş verərsə, polis əməkdaşları DSK-nın çağırışından 10-15 dəqiqə sonra orada olacaq".

Daha sonra "Referendum prosesində ədliyyə orqanlarının rolu və fəaliyyəti istiqamətləri" mövzusunda Ədliyyə nazirinin müavini Azər Cəfərovun, "Referendumda iştirak hüquqlarının məhkəmə müdafiəsi, seçki və referendum prosesində şikayətlər və onlara baxılma təcrübəsi" mövzusunda Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevin, "Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişiklik edilməsinə dair tələblər" mövzusunda Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin çıxışları dinlənilib. Sonda iclas digər müzakirələrlə davam etdirilib.

Digər xəbərlər