Avqustun 18-i Azərbaycan Sərhəd Mühafizəsinin yarandığı gündür. AZƏRTAC xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 97-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti avqustun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Sərhədçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzüblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.
Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünü xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayır. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidməti son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlib. Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti, qayğısı, etibar və etimadı dayanır. Prezident İlham Əliyevin iyunun 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan "Tufan" tipli sərhəd gözətçi gəmisi ilə və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olması, avqustun 10-da Qəbələ rayonuna səfəri çərçivəsində Şəki Sərhəd Dəstəsinin "Laza" sərhəd zastavasında xidmətin təşkili ilə maraqlanması, avqustun 16-da imzaladığı sərəncamlarla sərhədçiləri ali hərbi rütbələrə, orden və medallara, fəxri adlara layiq bilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.