PDF Oxu

Əsas

  • 2 735

Azərbaycan Olimpiya rekordunu yenilədi

image

Yaxud idmançılarımız 18 medal qazanaraq, idman ölkəsinin yetirmələri olduqlarını bir daha sübut etdilər

Avqustun 5-də Rio-de-Janeyroda start götürən XXXI Yay Olimpiya Oyunları başa çatdı. Bütün beynəlxalq yarışlarda olduğu kimi, bu dəfə də Azərbaycanın olimpiyaçıları ölkəmizi ləyaqətlə təmsil etdilər.

Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmaqla, o dövr üçün rekorda imza atmış idmançılarımız Rio-de-Janeyroda da bayrağımızı yüksəldərək, himnimizi səsləndirərək, 18 medal qazandılar.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla, 3 hakimlə də təmsil olunub.

On altı günlük gərgin idman mübarizəsindən sonra aktivində bir qızıl, yeddi gümüş və on bürünc medal olan yığma komandamız, ümumilikdə, 18 medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub.

Hesabında 46 qızıl, 37 gümüş və 38 bürünc olmaqla, ümumilikdə, 121 medal olan ABŞ Olimpiadanı birinci pillədə tamamlayıb. Böyük Britaniya 27 qızıl, 23 gümüş, 17 bürünc medalla (ümumilikdə, 67) ikinci, Çin 26 qızıl, 18 gümüş və 26 bürünc (ümumilikdə, 70) medalla üçüncü olub. İlk onluğu Rusiya (19-19-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.

Ən güclü dövlətlər arasında mübarizə aparan Azərbaycanda yeni və sağlam gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür və bu faktor, əmin edir ki, ölkəmizi təmsil edən idmançılarımız bundan sonra da bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcək.

Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Bu uğurun əldə edilməsinin əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Bədən tərbiyəsi və idmanın sağlam nəslin formalaşdırılmasındakı əhəmiyyətini yaxşı bilən Ulu Öndər bu sahədə ciddi baza formalaşdıra bilmişdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev isə, öz növbəsində, həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi, idmanın inkişaf etdirilməsi və həyat tərzinə çevrilməsi üçün genişmiqyaslı işlər həyata keçirib və bu proses hazırda uğurla davam etdirilməkdədir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə, demək olar ki, hər gün qarşılaşırıq. Yəni dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq, ölkəmizin nüfuzunu daha da artırırlar.

"SƏS" Analitik Qrupu

Digər xəbərlər