Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Komitə sədri Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Fəaliyyəti dövründə İran İslam Respublikasına iki dəfə səfər etdiyini, bu səfərlər zamanı İrandakı inkişafın şahidi olduğunu deyən komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə İranın daima ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.
Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını deyən Möhsün Pakayin ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi din siyasəti, dini konfessiyalara yüksək diqqət və qayğı göstərməsi onda böyük təəssürat yaradıb. Möhsün Pakayin cari ilin 22-26 may tarixlərində Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına rəsmi səfərindən, xüsusən, Təbriz şəhərində Azərbaycanın zəngin tolerantlıq ənənələrinin sərgiləndiyi "Azərbaycan islam mədəniyyətinin incisidir" mövzusunda fotosərginin təşkil edilməsindən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyədə qurulmasından məmnunluğunu bildirib və bu əlaqələrin inkişafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb.
Ü.ƏSGƏROV