"Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev 2016-cı ili ölkədə "İslahatlar ili" elan edib: "İslahatlar artıq başlayıb. Əlbəttə, Azərbaycan post-neft dövrünə hazırlaşırdı, ancaq belə tez bir zamanda post-neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da Prezident İlham Əliyev dərhal operativ, çevik islahatların keçirilməsi təşəbbüsünü irəli sürdü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı reysə buraxılıb. Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir. Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektiv idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır". Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib ki, referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən də Azərbaycanı qarşıda gözləyən vəzifələrlə bağlıdır: "Çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post-neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bunun nəticəsində də Azərbaycan xalqının firəvan həyatını təmin edək".
Əli Həsənov həmçinin bildirib ki, müxalifətin vəzifəsi mövcud hakimiyyətə opponentlik etməkdir: "Mövcud hakimiyyətin vəzifəsi Azərbaycan xalqının ona verdiyi mandat çərçivəsində dövlətin idarəçiliyini yaxşı, effektli həyata keçirilməkdir. Eyni zamanda, Azərbaycan xalqının növbəti etimadını qazanmaq üçün xalqın maraqlarını ifadə etməkdir. Müxalifətin isə funksiyası yürüdülən siyasətə opponentlik etməkdir. Arzu edirik ki, bu opponentlik də hər zaman sivil formada, eləcə də qanunlar çərçivəsində həyata keçsin. Bəzən təəssüf ki, müxalifətçilərin də xarakterləri fərqli olur. Onların da konstruktivi və qeyri-konstruktivi olur. Hər müxalifət və partiya da öz liderinin xarakterinə uyğun olaraq siyasi fəaliyyət nümayiş etdirir. Müxalifət tənqid edir və etməlidir. Çünki bu, onun funksiyasıdır. Biz isə xalqın iradəsini soruşmaq istəyirik. Bu referendum təşəbbüsü də xalqın iradəsinə söykənir. Əgər onlar bizi dəstəkləyəcəklərsə deməli Prezident İlham Əliyevin təşəbbüsləri yaşamağa layiqdir və Azərbaycan xalqının dəstəyini o qazanıb. Yox dəstəkləməyəcəklərsə, o zaman müxalifət dedikləri daha doğru və haqlıdır", - deyə Ə.Həsənov bildirib.