"Xalq Prezident İlham Əliyevin təşəbbüsünü müsbət dəyərləndirdi"
"Referendum uğurla başa çatdı. Xalq Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən konstitusiyaya təklif edilən dəyişiklikləri müsbət dəyərləndirdi". SİA-nın verdiyi məlumata görə, bunu referendumun yekunu ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi Qərargahında keçirdiyi mətbuat konfransında YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
İcra katibinin sözlərinə görə, YAP-ın yerlərdə olan müşahidəçilərinin verdiyi məlumata əsasən seçkilərdə vətəndaşların yüksək fəallığı müşahidə olunub: "Bu da onu deməyə əsas verir ki, vətəndaşlar referenduma məsuliyyətlə yanaşıblar. Test kifayət qədər uğurlu oldu. Səsvermənin təxmini nəticələri bunu büruzə verdi. MSK yaxın vaxtlarda ilkin məlumatlarını açıqlayacaq. Xalq referendumda Azərbaycan Konstitusiyasının müasir baxımdan təkmiləşdirilməsini dəstəklədi".
Ə.Əhmədov vurğulayıb ki, bugünkü referendum beynəlxaq aləmdə də geniş rezonans doğurdu: "Ölkəmizə gələn beynəlxalq təşkilatların nümayəndələrinin fikirləri də buna sübutdur. Ölkədə keçirilən referendum Seçki Məcəlləsinə tam uyğun şəkildə həyata keçirilib. Bütün ölkə üzrə referendum kifayət qədər sabit və sakit şəraitdə reallaşıb. Bugünkü seçkilər demokratiyanın inkişafı istiqamətində atılan mühüm addımdır. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Azərbaycanın inkişafında yeni səhifənin açılacağına əminik. Sosial layihələrin həyata keçirilməsində daha cəsarətli addımlar atılacaq. İnsanların mütləq əksəriyyəti inanıram ki, təklif olunan dəyişiklikləri dəstəkləyiblər". YAP sədrinin müavini referendumdan sonra Azərbaycanda hansı islahatların keçiriləcəyinə də aydınlıq gətirib: "İlk növbədə iqtisadi islahatlardan söhbət gedir. Geniş bir hərəkat başlanıb. Prezidentin bir sıra sərəncamları ilə iqtisadi islahatların hansı istiqamətdə gedəcəyi artıq model olaraq dərk olunur. Eyni zamanda, bu istiqamətdə işlər davam etdirilir. Söhbət burada islahatların iqtisadi və hüquqi əsaslarından deyil, siyasi əsasların möhkəmləndirilməsindən gedir. Bu referendum nəticəsində Azərbaycanda daha da təkmilləşən hakimiyyət strukturları islahatların daha uğurlu aparılması üçün daha böyük səlahiyyətlərə yiyələnmiş olacaq. Təbii ki, iqtisadi islahatlar iqtisadi sferanın bütün sahələrini əhatə edir. Eyni zamanda, Azərbaycanda sahibkarlığın fəaliyyəti üçün geniş imkanların yaradılmasını təmin edir".