PDF Oxu

Əsas

  • 7 158

Dünyada davamlı inkişaf ətraf mühitin qorunmasını aktuallaşdırır

image

Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində, tarixin çətin və taleyüklü sınaqlarından çıxaraq, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan dövləti günü-gündən daha da güclənərək dinamik inkişafı ilə seçilən dövlətlər sırasındadır. Azərbaycanda baş verən sıçrayışlardan, onun simasının gündən-günə dəyişməsindən, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasından danışarkən, Heydər Əliyev Fondunun da fəaliyyətini vurğulamaq vacib məqamlardandır. Yarandığı zamandan Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb, həyata keçirir.

Bioloji müxtəlifliyin, həyatımızı sağlam, maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub-saxlanmasına dünya ictimaiyyətinin töhfələr verdiyi, beynəlxalq ictimaiyyətin, siyasi və elmi dairələrin ətraf mühitlə bağlı problemlərin həllində maraqlı olduğu bir zamanda, fond da ekoloji problemlərə xüsusi önəm verir.

TƏMİZ ƏTRAF MÜHİT TƏMİZ VƏ SAF CƏMİYYƏTDƏN BAŞLAYIR

On bir iqlim qurşağından doqquzunun Azərbaycanda olması ölkəmizin təbiətini çox zəngin edir. Bu zənginliyi və təbiəti qorumaq vacib amillərdəndir. Ətraf mühitin qorunması, suyun, təbiətin çirklənməməsi, qorunub-saxlanılması zəminində təbiətin zənginliyini qorumaq mümükündür. Təbii ki, təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Bu baxımdan, insanlara belə fikirləri aşılamaq lazımdır. Ətraf mühitə zərər verməyən texnologiyadan istifadə olunmalı, enerji resurslarına qənaət edilməlidir. Bu və ya digər məsələlərin həlli planetimizin gələcəyini təmin edəcəkdir. Bu baxımdan, bütün imkanlardan istifadə edilməli, hər bir şəxs hərəkətlərinə görə məsuliyyət daşımalıdır və ətraf mühitə sevgi kiçik yaşlarından aşılanmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq Kampaniyasının təsisçisi Leyla xanım Əliyevanın vurğuladığı kimi:"Ekologiya ilə bağlı məsələlər bizim üçün çox önəmlidir. Ona görə də, düşünürəm ki, bu məsələləri hələ sinif otaqlarından tədris etməyə başlamaq lazımdır. Zənnimcə, bununla uşaqlar artıq erkən yaşlarından yaşadıqları ölkələrdə təbiətin qorunması haqqında məlumatlar almış olacaqlar. Mənə elə gəlir ki, ekoloji çağırışlara cavab verilməsi üçün bu, çox böyük əhəmiyyət daşıyacaqdır".

DAHA YAŞIL BİR AZƏRBAYCAN ÜÇÜN

Leyla xanım Əliyevanın ardıcıl olaraq ekoloji problemlərin aradan qaldırılması ilə bağlı həyata keçirdiyi layihələr öz töhfəsini verir. Belə ki, İDEA-nın reallaşdırdığı layihələr sırasında "Bir planet - bir gələcək", "Böyük Qafqaz beşliyi" və s. əhəmiyyətlidir. Belə ki, "Böyük Qafqaz beşliyi" əsasında yox olmaq təhlükəsi ilə üzləşən ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiri ilə bağlı İDEA Azərbaycan və dünya ictimaiyyətini maksimum məlumatlandıraraq, yox olmaq təhlükəsi qarşısında olan növlərin qorunub-saxlanması üçün konkret layihələr həyata keçirib. İDEA-nın "Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!" devizi ilə həyata keçirilən ağacəkmə aksiyası çərçivəsində Eldar şamı, kiparis, Şərq çinarı və digər ağaclar əkilib. İDEA "Eko Ev" adlı layihəsi çərçivəsində isə enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan tədbirlər reallaşıb. Layihələrinin çərçivəsini və miqyasını genişləndirən İDEA "ASAN xidmət" və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsini də qeyd etmək yerinə düşər. Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin hər birində istifadə olunmuş kağız və kağız məhsullarının qəbulu aksiyası keçirilib. Təkcə bir həftə ərzində, ümumilikdə, 51 min 159 kiloqram kağız tullantısı təhvil verilib.

"ƏTRAF MÜHİTİN QORUNMASI VƏ DAVAMLI İNKİŞAFIN TƏMİN OLUNMASI ÜÇÜN BÜTÜN DÜNYADA ƏMƏKDAŞLIĞI TƏMİN ETMƏK ÖNƏMLİDİR"

Dünyada ətraf mühitin qorunması, davamlı inkişafın təmin olunması üçün Minilliyin İnkişaf Məqsədləri qəbul edilib. Əsas məqsəd insanlara bu sahədə qərar qəbul etmək imkanları vermək, onları bu prosesə cəlb etməkdir. "Yaşıl iqtisadiyyat"ın təmin olunması ilə bağlı bütün ölkələrin üzərinə öhdəliklər düşür. "Ətraf mühitin qorunması və davamlı inkişafın təmin olunması üçün bütün dünyada əməkdaşlığı təmin etmək önəmlidir", - deyən Leyla xanım Əliyeva dünyanın müxtəlif ölkələrində yaşayan gəncləri ekoloji məsələlərin həlli istiqamətində fəal olmağa və bir-biriləri ilə əlaqələr qurmağa dəvət edib. Paytaxımızda keçirilən Krans Montana Forumu, bu baxımdan, əhəmiyyəti ilə yadda qalıb. Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva müasir həyatımız üçün vacib olan ətraf mühitin qorunması sahəsində gələcəyin liderlərinin davamlı inkişafı təminində rollarını xüsusi olaraq qeyd etmişdir. Bu gün dünyada davamlı inkişaf ətraf mühitin qorunması məsələsini aktuallaşdırıb. Bunun təmin edilməsi üçün çoxlu tədbirlərin keçirilməsi olduqca önəmli məsələlərdəndir. Hər bir ölkənin təbii ehtiyatlarının düzgün idarə olunması çox önəmlidir. Leyla xanımın fikrincə, bu iqlim dəyişikliyi nöqteyi-nəzərindən də çox önəmli bir məsələdir. "Bu dəyişiklikləri düzgün idarə etməyi bacarmalıyıq" - deyən Leyla xanım dəyişikliklər prosesində gənc nəslin fəallığının önəmli olduğunu vurğulayır. Bütün bu məsələlər gənclərə aşılanır. Bu səpkidə müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur. Bütün bunlar vasitəsilə Azərbaycanda və dünyada ətraf mühitlə bağlı problemlər barədə gənclərə məlumat verilir.

TULLANTILAR LAZIMSIZ ƏŞYALAR TOPLUSU DEYİL, ONLARDAN SƏNƏT ƏSƏRLƏRİ YARATMAQ MÜMKÜNDÜR

Bu günlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızda keçirilən V Beynəlxalq "Tullantıdan sənətə" sərgisi də ətraf mühitin tullantılardan zərəsizləşdirilməsində əhəmiyyətlidir.

Məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgidə 8 ölkədən 25 incəsənət nümayəndəsinin əl işləri nümayiş olunur. Ümumilikdə, 5 il ərzində "Tullantıdan sənətə" sərgisində 30 ölkənin 80-dən çox sənət adamı iştirak edib. Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində "canlanıb".

Sərgidə nümayiş olunan maraqlı əsərlərdən birini diqqətə çəkmək yerinə düşər. Dünya okeanlarını cənginə almış plastik çirklənmə İnqrid Qoldblumun (ABŞ) "Cərəyan" əsəri üçün katalizatora çevrilib. Riyazi modeldən ibarət arxa fonda xırda tullantıların birləşərək nəhəng tullantı burulğanına çevrilməsi əks olunub. Eynək şüşələri həm okeanın plastiklərlə çirklənməsini göstərir, həm də tullantılar ilə yanlış rəftarın yaratdığı problemi nümayiş etdirmək üçün pəncərə rolunu oynayır.

Bu gün Bakı şəhərində tullantılardan təkrar istehsal üçün xammal kimi istifadə olunur. Həmçinin, tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə edilir. "Tullantıdan sənətə" sərgisi isə tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirdi. Göründüyü kimi, Leyla Əliyeva "Biz hamımız planetimiz üçün məsuliyyət hiss etməliyik" – deməklə ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükənin aradan qaldırılmasının vacibliyini daim diqqətdə saxlayır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər