PDF Oxu

Əsas

  • 3 976

İlham Əliyev: “Aprel döyüşləri bizim şanlı tariximizdir”

image

"Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi göstəriciləri və görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, bu il rayonun kənd təsərrüfatının müxtəlif sahələrində mühüm dəyişikliklər olub. Pambıq, taxıl, barama, şəkər çuğunduru və digər məhsulların istehsalı xeyli artıb. Dövlətimizin başçısına və xanımına rayonda tikintisi aparılan obyektlərin, inşası nəzərdə tutulan Heydər Əliyev seyrəngahının, üçulduzlu mehmanxananın layihələri təqdim olundu. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya atəşləri nəticəsində dağılmış məktəblərdə aparılmış təmir-bərpa işləri barədə də məlumat verildi.

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verdi.

Bildirildi ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdir. Piyadaların körpüdə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində səkilər də tikilib. Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr uzunluğunda yanaşma yolları və ümumi uzunluğu 56 metr olan beş dairəvi borunun tikintisi aparılıb. Diqqətə çatdırıldı ki, Sarıcalı və Zolgəran kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25,6 min sakininin mənzilbaşına rahat çatması üçün məsafəni qısaltmaqla avtonəqliyyat vasitələrinin hərəkətini xeyli yaxşılaşdıracaq.

Bundan əvvəl isə sakinlər rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 15 kilometrdən artıq əlavə yol qət etməli olurdular. Dövlətimizin başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Dekabrın 3-də "Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin başa çatması münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihə haqqında məlumat verdi.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.

Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1960-cı illərdə yaradılıb. Həcmi 500 kubmetr olan iki su anbarı və 47 kilometr uzunluğunda şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətdə olub. Tərtər şəhərində kanalizasiya sistemi isə ümumiyyətlə mövcud olmayıb. Yeni layihənin icrasına qədər "Azərsu" ASC 20 min şəhər sakinindən 11 mininə və ya təqribən 55 faizinə xidmət göstərib və şəhərə su qrafik üzrə verilib. Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" layihəsi çərçivəsində Tərtər şəhəri ilə yanaşı, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində də su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılıb. 2017-ci ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq, Qazax şəhərində isə layihənin icrasına başlanacaq. Sonra dövlətimizin başçısı və xanımı Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış etdi:

-Mən sizi salamlayıram, yenidən Tərtərdə olmağımdan çox məmnunam. Bu gün Tərtər rayonunun həyatında çox əlamətdar bir gündür. Tərtər şəhərinin su və kanalizasiya problemi artıq həll olunur. Çox gözəl, böyük layihədir. Bilirəm ki, əvvəlki illərdə su problemi insanları narahat edirdi. Artıq bu məsələ öz həllini tapıb. Tərtər şəhərinin sakinlərinə təmiz içməli su veriləcək və eyni zamanda, kanalizasiya xətləri də tam istismara hazırdır. Gələcək mərhələdə ətraf kəndlərə də içməli su veriləcək.

Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar. Magistral yolların, kənd yollarının çəkilişi, qazlaşdırma ilə bağlı böyük infrastruktur layihələri icra edilir. Tərtər rayonunda qazlaşdırma 90 faizdən çoxdur, 100 faizə çatmalıdır. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün içməli su məsələsi də öz həllini tapır. Yəni, əsas infrastruktur məsələləri bunlardır. Bu, birinci mərhələdə görüləsi işlər idi. Bununla bərabər rayonun sosial-iqtisadi inkişafına da böyük diqqət göstərilmişdir. Burada çoxlu məktəblər, uşaq bağçaları, sosial obyektlər tikilmişdir. Yəni, rayonun iqtisadiyyatına və sosial inkişafına dövlət tərəfindən çox böyük vəsait ayrılmışdır.

Kənd təsərrüfatının daha sürətlə inkişaf etdirilməsi üçün digər tədbirlər də görülür. Siz yaxşı bilirsiniz ki, subsidiyalar, yanacağa, gübrəyə dotasiyalar, güzəştli şərtlərlə texnika verilir. Bütün bunları dövlət öz üzərinə götürüb ki, insanlara daha da yaxşı şərait yaratsın. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar.

Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə də dünya miqyasında nümunəvi ölkədir. Çünki mən öz fermerlərinə bu qədər diqqət göstərən ikinci ölkə tanımıram və bunun nəticəsində, - baxmayaraq ki, indi dünyada və bizim bölgəmizdə böhran yaşanır, - Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Bu il də artım var, gələn ildə də artım olacaq. Bir sözlə, qarşıdakı mərhələdə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi ilə bağlı növbəti addımlar atılacaq.

Aprel döyüşləri ümumiyyətlə bizim şanlı tariximizdir. Azərbaycan Ordusu da, Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərmişdir. Ordumuz düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanmışdır. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad etmişdir. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək, qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir. Xüsusilə Tərtər sakinlərinin belə davranışı, hərəkəti, hər bir vətəndaş üçün nümunə olmalıdır. İndi siz burada, düşmənlə üz-üzə, ön cəbhədə nəinki yaşayırsınız, yaradırsınız, qurursunuz və əminsiniz ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu sizin təhlükəsizliyinizi təmin edir.

Bir daha demək istəyirəm ki, aprel döyüşləri tarixi hadisədir. Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da. Bizim tarixi coğrafiyamız çox geniş olub. Tarixçilər son vaxtlar bu barədə yaxşı elmi əsərlər, kitablar yazırlar. Onu da qeyd etməliyəm ki, bu məsələlər mənim tövsiyəmlə öz həllini tapır. Misal üçün, İrəvan xanlığı haqqında çox böyük elmi əsər yaradılmışdır.

Bu əsər bir neçə dilə tərcümə edilmişdir ki, həm Azərbaycan vətəndaşları bunu bir daha bilsinlər və dünya da bilsin ki, İrəvan bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində İrəvanın əhalisinin 70 faizi azərbaycanlılar idi. Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır.

Bunu artıq XX əsrin tarixi də göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin demək olar ki, birinci qərarı, - əfsuslar olsun ki, belə bir qərar verildi, - ondan ibarət idi ki, İrəvanı Ermənistana hədiyyə edək. Bu, çox böyük səhv, böyük cinayət idi. Bilirsiniz, Xalq Cümhuriyyətinin mövcudluğu bizim qürur mənbəyimizdir. Müsəlman aləmində ilk dəfə demokratik respublika yaranmışdır və yaxşı da işlər görülmüşdür. Amma biz gərək tarixi olduğu kimi bilək və insanlar da bilsinlər. İrəvanı Ermənistana vermək tarixi cinayət idi. Çünki öz doğma torpağını verdilər.

Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq. Bu gün dünyada artıq beynəlxalq hüquq anlayışı demək olar ki, iflasa uğrayıb. İndi güc əsas amildir. Bu, belədir. Biz də real dünyada yaşayırıq. Ona görə daha da güclü olmalıyıq, daha güclü ordu qurmalıyıq. İqtisadiyyat daha da güclü olmalıdır, inkişaf daha da sürətlə getməlidir. Baxın, hətta böhranlı illərdə ölkə əhalisinin sayı getdikcə artır və artacaq. İndi bir-iki ilə Azərbaycan əhalisi on milyona çatacaq. Bu meyil davam edir. İndi əhali nə qədər çox artırsa, sonrakı illərdə də artım daha yüksək olacaq.

Azərbaycan Prezidenti Tərtər şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Şahmat idmanının Azərbaycanda sürətli inkişafı və kütləviləşməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın əksər şəhər və rayonlarında şahmat məktəbləri inşa edildi. Bu gün beynəlxalq şahmat yarışlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif bölgələrində yeni şahmat məktəbləri inşa edilib. Bu məktəblər bütün zəruri avadanlıqla təchiz edilib. Tərtərdə yüksək zövqlə inşa edilən Uşaq-Gənclər Şahmat Məktəbinin binası da bu qəbildəndir.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtərə səfərlərini, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bundan başqa, foyedə "Rəşadətli Azərbaycan Ordusu" fotostendi də quraşdırılıb. Stenddə bu ilin aprelində işğalçı Ermənistan ordusunun Tərtəri atəşə tutması nəticəsində mülki vətəndaşlara dəyən ziyan, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavab verməsi, həmçinin dövlətimizin başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın aprel hadisələri zamanı rayona dəyən ziyanla yerində tanış olmaları, cəbhəyanı kəndlərin sakinləri ilə və yaralılarla görüşlərini əks etdirən fotolar yer alıb. Dövlətimizin başçısı və xanımı gənc şahmatçılara uğurlar arzuladılar. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu. Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Binanın foyesində "Rəşadətli Azərbaycan Ordusu" fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir. Məlumat verildi ki, binanın ümumi sahəsi 510 kvadratmetrdir. İkimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb. Təşkilatın qadınlar şurasının və gənclər birliyinin fəaliyyəti üçün binada hər cür şərait var.

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının 5875 üzvü var. Onların 3121-ni qadınlar, 1449-nu isə gənclər təşkil edir. Partiyanın üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək Tərtərin sosial-iqtisadi inkişafı istiqamətində icra olunan layihələrin reallaşmasına töhfə verirlər. YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.

Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib. Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və Sərəncam imzalamışdır. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.

AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Tərtərə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular. Dövlətimizin başçısı və xanımı həyətləri gəzdilər, tikilmiş və bərpa olunmuş evlərə baxdılar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Xasay İbrahimovun evinə gəldilər. Burada dövlətimizin başçısına və xanımına görülmüş işləri əks etdirən fotostend təqdim olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin "Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılmış 3 milyon manat vəsait hesabına ümumilikdə, rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib və 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb. Dövlətimizin başçısı və xanımı evdə yaradılmış şəraitlə tanış oldular, sakinlərlə görüşdülər.

Çay süfrəsi arxasında davam etdirilən söhbət zamanı ailə üzvləri çətin anlarda onlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Azərbaycan Prezidenti aprel hadisələri zamanı tərtərlilərin nümayiş etdirdiyi mərdliyi və şücaəti bir daha yüksək qiymətləndirdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ailə üzvləri ilə xatirə şəkli çəkdirdilər. Sonra dövlətimizin başçısı və xanımı Mübariz Həsənovun düşmənin şiddətli artilleriya atəşi zamanı ciddi ziyan dəymiş və əsaslı təmir edilmiş evində oldular. Burada da ailə üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evləri tamamilə yeni və daha rahat, gözəl şəkildə sakinlərə bəxş etdiyinə görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını çatdırdılar. Sonda xatirə şəkli çəkdirildi.

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, hazırda ölkəmizdə uşaqların təlim-tərbiyəsinin təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur. Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyümələri naminə gördüyü işlər çərçivəsində mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, çoxlu sayda yeni belə müəssisələrin yaradılması geniş vüsət alıb. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi işinə dövlətimizlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində həyata keçirilən layihələr bu baxımdan çox mühüm rol oynayır. Uğurla icra edilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Binada dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, metodist, kompüter və digər texniki otaqlar var. Burada uşaqların istirahəti və əyləncəsi üçün yaradılan hərtərəfli şərait balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyət qurmaları məsələlərində də mühüm rol oynayacaq. Bağçanın ərazisi dekorativ daş hasara alınıb, həyətdə su anbarı, qazanxana tikilib, transformator yarımstansiyası quraşdırılıb, əyləncə meydançası yaradılıb. Körpələr evi-uşaq bağçasında 31 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Tərtərdə yeni inşa olunmuş "N" saylı hərbi hissədə olub. AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi. Məlumat verildi ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var. Qərargah binasında ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Aprel döyüşləri bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ali Baş Komandan İlham Əliyev hərbi hissənin döyüş texnikasına baxdı, döyüş maşınlarından birini idarə etdi. Əsgər və zabit heyətinin dolğun və keyfiyyətli qidalanması üçün hərbi hissənin yeməkxanası da müasir səviyyədə qurulub. Dövlətimizin başçısı burada yaradılmış şəraitlə də tanış oldu, yeməkxananın xidmət heyəti ilə söhbət etdi.

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gəliblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi. Dövlətimizin başçısına və xanımına gələcəkdə Ağdamda inşası nəzərdə tutulan istehsal təyinatlı müəssisələr barədə də məlumat verildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, xalqımızın tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa olunan Heydər Əliyev Mərkəzi də bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Bu, ilk növbədə, Ağdam sakinlərinin dahi rəhbərin xatirəsinə dərin ehtiramının əlamətidir. Yeni Mərkəzin yaradılması həm də ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi və dövlətçilik irsinin təbliğində mühüm rol oynayır. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, ağır böhran keçirən ölkə iqtisadiyyatının inkişaf yoluna çıxarılması və ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolar və sənədlər nümayiş olunur. Bu cür mərkəzlər Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən inkişaf strategiyasının mahiyyətinin öyrənilməsinə real zəmin yaradır. Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısına və xanımına məlumat verildi ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Mərkəzdə şanlı ordumuzun aprel döyüşləri zamanı qəhrəmanlığını əks etdirən fotoguşə də yaradılıb. Fotoşəkillərdə Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatları zamanı göstərdiyi şücaət və mərdlik əks olunub. Son vaxtlar Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Ağdamdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikah bağlayan gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi də həyata keçiriləcək. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa edilmiş Bayraq Muzeyinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Ötən əsrin əvvəllərində Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, paytaxt Bakıdan sonra əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir. Muzeylə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, inşaat işləri bu il ərzində həyata keçirilib. Muzeyin ümumi sahəsi 300 kvadratmetr olan binasında 146 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək. "Azəraqrartikinti" ASC-nin sədri Ağalar Vəliyev məlumat verdi ki, Mərkəzin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında böyük torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək. Binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq. Xalqımızın zəngin milli-mənəvi sərvəti olan muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək bu mühüm layihə də ölkəmizdə musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verəcək. Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin təməlini qoydu. Dövlətimizin başçısı Mərkəzin inşasının keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

Bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribat nəticəsində mülki obyektlərə, evlərə ciddi ziyan dəymişdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Ağdamın Mahrızlı kəndində də olarkən vəziyyətlə maraqlanmışdılar. Dövlətimizin başçısı əhaliyə dəyən ziyanın aradan qaldırılması, evlərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Ordumuzun aprel döyüşlərində qazandığı parlaq qələbə insanlarda da böyük ruh yüksəkliyi yaratmış, onlar da Ali Baş Komandanın rəhbərliyi altında hər an doğma torpaqlar uğrunda mübarizəyə qalxmağa hazır olduqlarını bildirmişdilər. Sakinlərin hərbi əməliyyatlar zamanı dağıdılmış evləri artıq qısa vaxtda yenidən tikilib və bərpa olunub. AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna səfərləri çərçivəsində Mahrızlı kəndinə gələrək evlərdə yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evinə baş çəkdilər.

Hərbi əməliyyatlar zamanı Ağdam rayonunda ümumilikdə 743 ev dağıdılıb. Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında dövlətimizin başçısının müvafiq Sərəncamına və Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına görülən tədbirlər nəticəsində 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib. Sonra Azərbaycan Prezidenti və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Digər xəbərlər