PDF Oxu

Əsas

  • 8 760

Azərbaycanı uğurlu gələcəyə aparan yol

image

İlham Əliyev: "Biz 2003-cü ildən bu günə qədər iqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişik və yaşayırıq"

Artıq iyirmi beş ildir ki, Azərbaycan xalqı ictimai-siyasi və sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Sosial, iqtisadi, siyasi və mədəni sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırır. Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün amillər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir.

Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Onun siyasi davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyinin layiqli üzvü kimi müstəqil siyasət həyata keçirir. Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrası sürətləndirilir. Qətiyyətlə deyə bilərik ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq olmasına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində iqtisadiyyatın inkişafında neft amilinə verilən yüksək dəyərin nəticəsi, təbii ki, Azərbaycanın bugünkü reallıqlarıdır. Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin irsinin layiqincə yaşadılması dayanır. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk ilində KİV-lər tərəfindən ona ünvanlanan "Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin" sualına "Həm çətin, həm də asan. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır", - deyə cavab verir. Bəli, həmin tarixdən 13 il ötür və bu illər ərzində, Azərbaycan uğurlu inkişaf tarixini yaşayıb. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir və bu yol Azərbaycanı daha uğurlu bir tarixə - gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbatlar və ehtiyaclar yüksək səviyyədə ödənilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin vurğuladığı kimi, 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Ümummilli Lider Heydər Əliyev siyasəti davam etdirilir. Cənab İlham Əliyev qeyd edib ki, bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır: "Biz 2003-cü ildən bu günə qədər iqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişik və yaşayırıq. İqtisadiyyat üç dəfə artmışdır. Heç bir başqa ölkədə, bu qısa müddət ərzində, iqtisadiyyat üç dəfə artmayıb. Sənaye istehsalı da üç dəfə artmışdır. Biz yoxsulluğa son qoyduq. Təxminən 50 faiz səviyyəsində olan yoxsulluq 5 faizə düşüb. İşsizlik ilə çox ciddi mübarizə aparılır. İşsizlik çox aşağı səviyyədədir. Azərbaycan regionlarının inkişafına start verildi. Dövlət proqramları icra edilməyə başlamışdır və bunun nəticəsində bölgələrdə 1 milyon 300 mindən çox iş yeri yaradılmışdır".

ÖLKƏMİZDƏ SABİTLİK QORUNUB SAXLANILIR, İQTİSADİ İSLAHATLAR GETDİKCƏ DƏRİNLƏŞİR

Dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan son 13 ildə həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə edilmiş, Azərbaycan modeli dünya ölkələri üçün nümunəyə çevrilib. Bu gün Azərbaycanı bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Azərbaycan hər sahədə inkişaf edir. Ölkə əhalisinin ən həssas və zərif hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə diqqət artır. Ölkəmizdəki çadır düşərgələri, dəmir yolu yük vaqonlarından ibarət qəsəbələr 2007-ci ildə ləğv olundu. Statistik rəqəmlərə diqqət etsək, görərik ki, son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə, məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb. Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur etdiyi zamanda Azərbaycanda isə, səhiyyənin, təhsilin inkişafina, bu və ya digər sahalərin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artır. İnsanların sağlamlığının qorunması, təhsilin inkişafı prioritet məsələ kimi diqqətdədir. Gələcək nəslin sağlam böyüməsinə daimi diqqətin nəticəsidir ki, təkcə bu il səhiyyə sahəsinə, əlavə olaraq, 83 milyon manat ayrılıb. Hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedir. Ənənəvi olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarını açılışında dövlətimizin başçısı şəxsən iştirak edib. Artıq Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir. Ölkə səhiyyəsinin inkişafında, insanların sağlamlığının qorunmasında dövlət proqramları da mühüm rol oynayır. Ümumiyyətlə, bu proqramlar səhiyyənin ən ağır, həyati əhəmiyyət daşıyan problemlərinin həllinə yönəlib. Nəticə olaraq, bu gün deyə bilərik ki, dövlət tərəfindən bu proqramlara ayrılan vəsait həm minlərlə insanın müalicəsini, həm də səhiyyənin müxtəlif sahələrinin inkişafını təmin edib. Belə ki, vaxtilə ölkəmizdəki yeganə dövlət dializ mərkəzində cəmi 431 xəstə müalicə alırdı, 800 nəfər xəstə növbə gözləyirdi. Bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə alır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Sosial infrastruktur layihələri icra edilir:"Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, bölgələrdə 40-dan çox İdman Olimpiya Mərkəzi tikilmişdir. Bütün bunlar son illər ərzində əldə edilmiş nailiyyətlərdir".

Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə Azərbaycan Prezidentinin düşünülmüş siyasəti nəticəsində, ölkəmizdə sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır. Təkcə cari ilin doqquz ayı ərzində, ümumilikdə, ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib. Göründüyü kimi, maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur etdiyi halda, Azərbaycanda əksinə, səhiyyənin, təhsilin inkişafina, bu və ya digər sahalərin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artır.

"ÜZV OLDUĞUMUZ BÜTÜN TƏŞKİLATLARDA BİZİM SÖZÜMÜZÜN BÖYÜK ÇƏKİSİ VAR"

Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Həqiqətən də, Azərbaycan son 13 ildə bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir:"İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var". Bəli, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir. "Bu hadisə, təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində", - deyən Prezident İlham Əliyev Azərbaycan əleyhinə birləşən qüvvələrə qarşı bu inam və diqqət ölkəmizin gücünü və iradəsini bir daha ortaya qoymuş oldu. Ölkə başçısının bildirdiyi kimi, "dünya birliyi bu gün bizi dəstəkləyir".

"DÖVLƏT, ÖLKƏ NƏ QƏDƏR ÇOX XALQI BİRLƏŞDİRSƏ, BİR O QƏDƏR ZƏNGİN OLUR, ÇÜNKİ ONLARIN HƏR BİRİ ÜMUMDÜNYA MƏDƏNİYYƏTİNƏ VƏ SİVİLİZASİYASINA ÖZ TÖHFƏSİNİ VERİR"

Bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir və multikultural bir dövlətdir. Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi. Tarixi İpək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib.

Bəli, multikultural dəyərlər dövlətlərarası münasibətlərə də sirayət edərək, onun inkişafına öz töhfəsini verir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlılara məxsus həyat nümunəsi olub. Bu gün də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının dəyər verdiyi ənənədir. Bu baxımdan, Azərbaycanda həyata keçirilən multikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.

Azərbaycanda multikultural münasibətlərin uğurlu həlli əsas etibarilə cəmiyyətin özünəməxsusluğu və spesifik dövlət siyasətinin tənzimləyici faktor kimi çıxış etməsindən irəli gəlir. Ulu Öndər Heydər Əliyev Azərbaycan reallığındakı müxtəlifliklə bağlı fikirlərini belə ifadə edib: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

Bu gün Azərbaycan, sözün həqiqi mənasında, dünyada tolerantlığa nümunə olan ölkədir. Bu, bütün dünyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan, demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs, bütün sahələrdə olduğu kimi, multikultural mühitin möhkəmlənməsi, o cümlədən, tolerantlıq ənənələrinin güclənməsinə də töhfələrini verməkdədir.

Multikulturalizm, dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Prezident İlham Əliyevin "multikulturalizm Azərbaycanda həyat tərzidir" fikri bu sahədəki reallıqların ən aydın təzahürüdür.

Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Azərbaycanın ötən illərdəki uğurlarının fonunda işlənib hazırlanan və təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmağa istiqamətlənib. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər