Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bərpa olunacaq. Tarixən bu ərazidə yaşayan əhalinin öz doğma yurdlarına qayıtmaları üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanılacaq.
Qeyd edək ki, 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunan Cocuq Mərcanlını Azərbaycanın igid, vətənpərvər oğulları düşmən tapdağı altında çox qalmağa qoymadılar. 1994-cü il yanvarın 5-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun həyata keçirdiyi və yaxın hərb tariximizə "azadlıq döyüşü" kimi yazılan uğurlu "Horadiz əməliyyatı" zamanı bir gecədə 22 kəndimizlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndini də işğaldan azad etdilər. 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə, Azərbaycan tarixinə daha bir şanlı səhifə yazdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən, Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini daha da gücləndirdi. Dövlət başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşü isə onlarda böyük ruh yüksəkliyi yaratdı.
LƏLƏTƏPƏNİN İŞĞALDAN AZAD EDİLMƏSİ COCUQ MƏRCANLININ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETDİ
Ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, Azərbaycan Ordusunun gündən-günə daha da möhkəmlənməsi, döyüş qabiliyyətininin artırılması aprel ayının əvvəllərində dörd günlük müharibədə təcavüzkar erməni ordusunun təxribat xarakterli hücumlarına layiqli cavab verməsində özünü açıq-aydın göstərmiş oldu. Azərbaycan Ordusu yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı və Azərbaycan Ordusunun nəyə qadir olduğunu sübut etdi. Erməni əsgərlərinin döyüş zamanı silahlarını ataraq geri qaçmaları ordumuzun zəfəri idi. Dörd gün davam edən bu döyüşlərdə xalq öz ordusunun arxasında dayandı. Azərbaycan işğalçı ölkəyə də, onun havadarlarına da və bütün ermənipərəstlərə də göstərdi ki, güclü ordumuz işğalçı erməni qəsbkarlarını istənilən an məhv etmək imkanına malikdir.
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən, cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət göstərən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan, bununla da, orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Lələtəpənin işğaldan azad edilməsi Cocuq Mərcanlının təhlükəsizliyini təmin etdi və kənddə yaşayış üçün imkan yarandı. Lələtəpədəki düşmən mövqeləri həm Cocuq Mərcanlı və onun ətrafı, həm də müəyyən qədər Horadiz qəsəbəsi üçün təhlükə yaradırdı. Lələtəpə yüksəkliyi nəinki Cocuq Mərcanlını, daha böyük əraziləri nəzarət altında saxlamağa imkan verən məkandır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprel döyüşləri zamanı verilmiş tapşırığı yerinə yetirdikdən sonra Cocuq Mərcanlı kənd sakinlərinin doğma evlərinə qayıdıb, rahat yaşamaları üçün təhlükəsizlik tam təmin olundu.
UZAQ OLMAYAN YOLUN BAŞLANĞICI
Azərbaycan Prezidentinin imzaladığı Sərəncamda bildirildiyi kimi, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində, erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamaları mümkün olmuşdur. Bununla da, Prezident İlham Əliyev imzaladığı Sərəncamla Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi bərpa olunacaq. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi üçün, ilkin olaraq, 4 milyon manat ayrılıb. Təbii ki, Azərbaycan Prezidentinin bu Sərəncamı, aprel döyüşlərinin uğurlu nəticəsidir. Bu Sərəncam həm də Azərbaycan vətəndaşlarına olan diqqət və qayğıdır, onun məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır. olan diqqətdin təzahürüdür.
Azərbaycan işğal altında olan bütün torpaqlarını azad edəcək və tezliklə Şuşada, Xankəndidə və işğal altında olan digər ərazilərimizdə Azərbaycan Prezidentinin sərəncamları ilə bərpa işlərinə başlanılacaq. Bu, uzaq olmayan yolun başlanğıc nöqtəsidir.
Nəzakət ƏLƏDDİNQIZI