Milli Məclisdə "Müasir çağırışlar və İslam həmrəyliyi" mövzusunda tədbir keçirilib. Çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova tədbirin əhəmiyyətindən danışıb.
Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri, adət-ənənələri nəsillərin süzgəcindən keçib gəlib, bu milli dəyərlər arasında kitab, söz, elm çox vacib yer tutur. Azərbaycanın milli-mənəvi dəyərləri mədəniyyətin formalaşmasında iştirak edir, onlardan ən vacib hesab olunan dini dəyərlərimizdir ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Uzun illər, uzun əsrlər Azərbaycanın dini və milli-mənəvi dəyərləri haqqında cürbəcür kitablar, əsərlər yaradılıb, təhlillər, müzakirələr aparılıb. Nə qədər insanlıq, bəşəriyyət var bu, daim davam edəcək. B.Muradova vurğulayıb ki, Prezident İlham Əliyev bu ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib. Bu qərarın verilməsini şərtləndirən bir sıra vacib məqamlar var. Bu məqamlar, əlbəttə ki, müasir dünyamızda bizi narahat edən bəşəriyyəti, insanlığı, dövlətləri, onlar arasındakı münasibətləri təhdid edən müxtəlif çağırışların meydana gəlməsidir. Bu çağırışlar istər ayrı-ayrı ölkələrin daxili vəziyyətini, istərsə də beynəlxalq aləmdəki durumunu getdikcə daha da çətinləşdirməkdədir.
"Biz iqtisadi çətinliklərlə, siyasi kataklizmlərlə, təbiət hadisələri ilə üz-üzə gələndə o qədər də əziyyət çəkmirik. Əksinə, artıq son illərin, son onilliklərin nəticəsində yaranmış sivilizasiyalararası, dinlərarası münasibətlərdən, ziddiyyətlərdən daha çox əziyyət çəkirik" - deyə, B.Muradova qeyd edib. Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan Prezidentinin 2016-cı ili "İslam Həmrəyliyi İli" elan etməsi İslam dünyasında, siyasi liderlər arasında İslam həmrəyliyinə çağırış adlandırılır. Həmçinin bunun Azərbaycan üçün ictimai, siyasi, sosial, iqtisadi əhəmiyyəti var.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin bununla bağlı Sərəncamında söhbət təkcə dindən getmir. İslam dünyasında həmrəylik təkcə dinlə bağlı deyil. Dünyada bugünkü çağırışlar baxımından İslam həmrəyliyi mühüm əhəmiyyət kəsb edir. Çünki bu gün İslam dünyasına qarşı müəyyən təzyiqlər müşahidə edirik. Bu baxımdan İslam dünyasının iqtisadi sahədə həmrəyliyi, beynəlxalq təşkilatlarda həmrəyliyi olmalıdır. İslam dünyasında mənsəblərarası vəhdətlik yaratmaq ideyası əvvəllər də var idi, bu gün də var, sonra da olacaq. Bu gün müasir dövrün çağırışları baxımından İslamda həmrəyliyin olması vacibdir, çünki bu dinə qarşı müəyyən təzyiqlər mövcuddur.
M.Qurbanlı bildirib ki, bu gün 7 milyard dünya əhalisinin 25 faizi İslam dininə sitayiş edir. İslam dünyası 100 trilyon dollarlıq dünya iqtisadiyyatında yalnız 8,5 faiz paya malikdir. Dünya neft ehtiyatlarının 60 faizi, qaz ehtiyatlarının 62 faizi İslam ölkələrindədir. Ancaq internetləşmənin səviyyəsi İslam ölkələrində dünya orta göstəricisindən 4 dəfə azdır. Dünyadakı elmi kəşflərin yalnız 1,5 faizi İslam alimlərinin payına düşür. Nobel mükafatçılarının yalnız 2-3 faizi İslam alimləridir. İslam ölkələri arasında iqtisadi sahədə, beynəlxalq təşkilatlarda, siyasi sahədə bir həmrəylik olmalıdır. Bütün bu çağırışlar Prezidentin Sərəncamında öz əksini tapıb. İslam həmrəyliyi svilizasiyalararası həmrəyliyə bir körpü yaratmaq məqsədi daşıyır. Komitə sədri, həmçinin vurğulayıb ki, biz bu sahədə ilk tədbirin məhz Milli Məclisin kitabxanasında keçirilməsini vacib saydıq. Dövlət Komitəsi olaraq kitabxanaya 50 kitab hədiyyə etdik. Bu kitablar arasında "İslam ensiklopediyası", "Qurani-Kərim" də var. Deputatlar bu kitablardan bəhrələnə bilərlər. Tədbir müzakirələrlə davam etdirilib.