Mübariz Qurbanlı dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili "Multikulturalizm İli", onun məntiqi davamı kimi bu ili "İslam Həmrəyliyi İli" elan etməsinin bütün dünyaya həmrəylik çağırışı olduğunu diqqətə çatdırıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: islam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müxtəlif ölkələrdən olan iştirakçıları ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə təşkil edilən layihənin əhəmiyyətinə toxunan Mübariz Qurbanlı sayca dördüncü olan Beynəlxalq Multikulturalizm Qış Məktəbinin həm beynəlxalq miqyas, həm də sivilizasiyalararası əlaqələrin təmin olunması baxımından çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Komitə sədri 18 ölkədən olan tələbələrlə görüşdə ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verib.
Komitə sədri dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili "Multikulturalizm İli", onun məntiqi davamı kimi bu ili "İslam Həmrəyliyi İli" elan etməsinin bütün dünyaya həmrəylik çağırışı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu, həm islam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcək.
Qeyd edək ki, IV Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 13-də fəaliyyətə başlayıb.
RÖVŞƏN NURƏDDİNOĞLU