Dünən Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı - "İlaxır çərşənbə" günü təntənəli şəkildə qeyd edilib.
SİA-nın verdiyi məlumata görə, metronun "İçərişəhər" stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - Qala divarları önündə toplaşaraq Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük bayram karvanı Suraxanı "Atəşgah"ına yola düşüb.
Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının yanından hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi, Füzuli meydanı, Heydər Əliyev Sarayının yanından keçməklə, metronun "Sahil" stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun "Koroğlu" stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı "Atəşgahı"na istiqamətlənib.
Atəşgahdan od götürən Bayram karvanı geriyə qayıdaraq Hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələrək Bayram tonqalı alovlandırılıb. Daha sonra Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19:00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olub.