PDF Oxu

Əsas

  • 4 142

Əli Əhmədov: “Ticarətçilər bayram ərəfəsində müştərilərin artdığını görürlər və bundan istifadə edirlər”

image

Ticarətçilər bayram ərəfəsində müştərilərin artdığını görürlər və bundan istifadə edirlər. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş nazirin müavini Əli Əhmədov deyib. "Bu yaxınlarda mən qiymətləri nəzarətdə saxlamaq üçün bir necə marketdə oldum. Qiymət yanaşmaları müxtəlifdir.

Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə artmadığını müşahidə etdim", - deyə Əli Əhmədov bildirib. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayram ərəfəsində qiymətlər qalxır, amma bu, belə olmamalıdır: "Ticarətçilər bayram ərəfəsində müştərilərinin artdığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır".

Ə.Əhmədov deyib ki, Azərbaycanda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil: "Hökumət olaraq, bizim vəzifə borcumuz bazardakı qiymətlərin artmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, məmnuniyyətlə bayramqabağı bazarlara yenə də baş çəkərəm".

"Torpaqlar geri qaytarılmayınca münasibətlərdə dəyişiklik ola bilməz"

Ə.Əhmədov həmçinin bildirib ki Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə heç bir dəyişiklik olmayıb. Baş nazirinin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməyincə, Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmayınca münasibətlərdə dəyişiklik ola bilməz: "Bu baxımdan Ermənistanda keçirilən seçkilər bizi az qayğılandırır. Amma mətbuatdan aldığımız məlumata görə Ermənistanda ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyil. Ölkədəki iqtisadi vəziyyətlə bağlı siyasi gərginlik artıb. Bu seçkinin nə ilə nəticələnəcəyi onların öz işləridir. Bizim onlara sözümüz odur ki, münaqişəni aradan qaldırmayacaqlarsa, vəziyyəti düzəltmək onlar üçün mümkün olmayacaq. Ən yaxşı yol odur ki, onlar bu günə qədər etdikləri səhvi başa düşsünlər".

YAP-ın Sədr müavini əlavə edib ki, Ermənistanda keçiriləcək və gələcəkdə ölkənin idarəçilik mexanizmini köklü şəkildə dəyişməyi nəzərdə tutan parlament seçkilərinin bu ölkə üçün yaxşı nələrsə vəd edəcəyini düşünmür: "Azərbaycan isə bu seçkilərdə müşahidəçi qismində iştirak etmək niyyətində deyil".

Digər xəbərlər