PDF Oxu

Əsas

  • 5 348

Sosial-iqtisadi infrastruktur layihələri uğurla icra edilir

image

İlham Əliyev: "Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir"

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamız son illərdə sürətlə inkişaf edib və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Son 13 ildə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə və rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik və rabitə xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir.

Davamlı sosial islahatlar ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsini şərtləndirir

Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət, respublikada aparılan davamlı sosial islahatlar ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsini şərtləndirib. Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında sosial infrastrukturla bağlı qeyd edib ki, son illər ərzində - 2004-cü ildən başlayaraq, 3 mindən çox məktəb tikilib təmir edilib, 600-dən çox tibb ocağı tikilib təmir edilib. Yalnız bölgələrdə 40-dan çox olimpiya idman kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr inşa edilib: "Yəni bütün sosial infrastruktur daim diqqət mərkəzində idi. Bu proses davam etdirilir və bu ilin dövlət investisiya proqramında da sosial infrastrukturun yaradılması üçün kifayət qədər böyük vəsait nəzərdə tutulmuşdur. Biz bu illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı çox ciddi addımlar atmışdıq. Azərbaycanda kosmik sənaye yaradılmışdır, bizim artıq iki peykimiz var və bu da yenilikdir, texnologiyadır, biznesdir. Əlbəttə ki, biz bu nöqteyi-nəzərdən bu məsələlərə yanaşırıq. Bu, həm müasir texnologiyaların inkişafı, həm kadr hazırlığıdır, həm də ki, kosmik sənaye, əgər düzgün qurularsa, böyük gəlir mənbəyidir. Biz bu yolla gedirik və əminəm ki, bizim qoyduğumuz bütün vəsait - peyklərin hazırlanmasına, orbitə buraxılmasına qoyulan vəsait qaytarılacaq, çünki artıq biznes imkanları da kifayət qədər genişdir. Biz, bu illər ərzində ölkəmizin strateji maraqlarını təmin edən nəhəng layihələri icra etmişik. Bakı-Tbilisi-Ceyhan 2006, Bakı-Tbilisi-Ərzurum isə 2007-ci illərdə istifadəyə verilmişdir. İndi ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyildir. Bu layihələr nəinki ölkəmizi gücləndirib, xalqımıza da xeyir gətirir.

Azərbaycanın liderliyi hesabına "Cənub Qaz Dəhlizi" icra edilir

Dövlət başçısı vurğulayıb ki, bu layihə də uğurla icra edilir: "Mən tam açıq deyə bilərəm - əgər Azərbaycan yenə də bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, heç vaxt bu layihə icra edilməzdi. Mən şəxsən bu layihə ilə bağlı 10-a yaxın beynəlxalq konfransda, təbdirdə iştirak etmişəm. Bu tədbirlərdə, əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Mən konkret danışmışdım, sadəcə olaraq, formal yox, konkret - nə kimi işlər görülməlidir. Biz qərar qəbul etdik ki, biz özümüz öz gücümüzə dost, qonşu ölkələrlə birlikdə bunu edəcəyik və bunu edirik. Ondan sonra bu simpoziumları, konfransları keçirənlər də bizə qoşuldular. Əlbəttə ki, bu da məqbul bir haldır, biz bunu alqışlayırıq. Əməkdaşlıq formatı nə qədər çox genişlənərsə, bizim üçün bir o qədər yaxşıdır. Ancaq yenə də, onu demək istəyirəm ki, yalnız Azərbaycanın liderliyi hesabına "Cənub Qaz Dəhlizi" icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər. Təsadüfi deyil ki, keçən ilin fevralında Bakıda "Cənub Qaz Dəhlizi"nin II Məşvərət Şurasının yekun sənədində bu göstərilir. Azərbaycan liderdir və burada əsas rolu oynayır".

2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir

Ölkə başçısı çıxışında, onu da əlavə etdi ki, 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir: "Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə, biz məşğulluğu təmin edə bilmişik. Müasir yol infrastrukturu yaradılır, bu proses davam etdirilir. Əlbəttə ki, bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək".

Uğurlarımıza ləkə vurmağa çalışan müxtəlif qeyri-hökumət təşkilatlarının apardıqları anti-Azərbaycan kampaniyaları heç bir nəticə verməyəcək

Prezident İlham Əliyev çıxışı zamanı aparılan qarayaxma, böhtan, təhdid kampaniyalarının heç bir təsir olmadığını və siyasi səhnədən kənarlaşdırıldığını bildirib: "Çünki biz bilirik ki, bu kampaniyalar haradan qaynaqlanır, kimlər bunun arxasında dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə də, öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Artıq bizə qarşı çirkin kampaniyaları təşkil edənlər özləri də siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır, görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə eləsin. Həmişə biz öz ləyaqətimizi saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra inamla irəliyə aparmaq üçün biz bütün lazım olan məsələləri həll etməliyik. Onların içində, əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, 2018-ci ilə qədər proqramda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama əlavə olunacaqdır".

Göründüyü kimi, uğurlarımıza ləkə vurmağa çalışan müxtəlif qeyri-hökumət təşkilatlarının illər boyu apardıqları anti-Azərbaycan kampaniyaları heç bir nəticə verməyəcək. Çünki bu gün Azərbaycan özünün iqtisadi-sosial inkişafının yeni perspektivlərinə istiqamət götürüb və bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanın uğurlarına kölgə salmaq mümkün deyil. Çünki bu uğurların daha sanballı nəticələrini görmək üçün çox da gözləmək lazım gəlməyəcək...

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər