Leyla Əliyeva: "Biz, Azərbaycanın gənc nəsli dünyaya açıq gözlə baxmaq və daim Vətənimizi unutmamaq, köklərimizi və ənənələrimizi sevmək və qoruyub saxlamaq istəyirik"
Ölkənin ictimai-mədəni və sosial həyatında önəmli rola malik olan Heydər Əliyev Fondu fəaliyyətə başladığı zaman kəsiyində bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələri gerçəkləşdirib. Azərbaycanın beynəlxalq arenada tanınmasında, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasında, elm və səhiyyənin inkişafında xidmətləri olan fond bu gün dünyanın müxtəlif ölkələrində nümayəndəliklərini yaratmaqla, daha geniş məkanlara inteqrasiya olunur. Fondun artıq Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəlikləri fəaliyyət göstərir.
Fondun 2007-ci ildən fəaliyyətdə olan Rusiya Federasiyasındakı nümayəndəliyi beynəlxalq mahiyyət kəsb edən layihələrin gerçəkləşməsinə imza atıb. Belə ki, nümayəndəlik Heydər Əliyev Fondunun Azərbaycanda gerçəkləşdirdiyi təhsil, səhiyyə, mədəniyyət, idman, sosial sahədəki anoloji layihələri Rusiya Federasiyasında həyata keçirir. "Təhsilin dəstəklənməsi" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təsisçisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva mütəmadi olaraq, məktəblərə, uşaq evlərinə səfərlər edir, müxtəlif xeyriyyəçilik aksiyaları həyata keçirir. Leyla xanım Əliyeva Azərbaycan mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, Azərbaycanın bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasına, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə də töhfələrini verir.
Bu gün Leyla xanım Əliyevanın rəhbərlik etdiyi RAGT-ın qarşıya qoyduğu əsas vəzifə Rusiyanın azərbaycanlı gənclərini və onların dostlarını sıx birləşdirməkdir. Leyla Əliyeva "Biz, Azərbaycanın gənc nəsli dünyaya açıq gözlə baxmaq və daim Vətənimizi unutmamaq, köklərimizi və ənənələrimizi sevmək və qoruyub saxlamaq istəyirik" - deyir. RAGT bu missiyanın öhdəsindən uğurla gəlir və bu gün Rusiyanın azərbaycanlı gənclərinin hərəkətverici qüvvəsinə çevrilib. Son illərdə "Qanın milləti yoxdur!", "Sağlam olduğunu yəqin et, xəstəliyə "yox" de!" pulsuz müayinə aksiyasını gerçəkləşdirib. Pulsuz qanvermə aksiyasında hər il gənclərin yüzlərlə nümayəndəsi iştirak edir, toplanmış vəsait isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilir.
BAKINI GƏZƏRKƏN SİZ KÜÇƏLƏR BOYU ƏTRAFINIZDA SÜRƏTLİ İNKİŞAF GÖRƏ BİLƏRSİNİZ - ZAHA HADİDİN ŞAH ƏSƏRİNDƏN
TUTMUŞ...
Bütün bu layihələrlə yanaşı, nümayəndəlik Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği istiqamətində də çox mühüm işlər görür. Təşkil olunan silsilə konsertlər, sərgilər, qədim Azərbaycanın tarixinə və mədəniyyətinə, Azərbaycan xalqının müasir incəsənətinə və bənzərsizliyinə həsr edilmiş təqdimat mərasimləri fikirlərimizi təsdiqləyir. Sərgilərdə nümayiş olunan əsərlər bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir:"Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir. Lakin müasir Bakı xalq mədəniyyətini təkcə musiqi vasitəsilə bayram etmir. Bakını gəzərkən siz küçələr boyu ətrafınızda sürətli inkişaf görə bilərsiniz - Zaha Hadidin şah əsərindən tutmuş yeni mağazalar, restoranlar və mehmanxanalar düzülmüş prospektlərədək, Xəzər dənizinin sahilində bulvaradək! Bu, gözünüzün önündə dəyişən şəhərdir."
Avanqard çalarlarla zəngin olan sərgilərin ovqatı onu nümayiş etdirir ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara böyük diqqət göstərilir, ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm surətdə tədbirlər həyata keçirilir. Gördüyümüz kimi, layihələrin sayı günü-gündən artır. Buna görə fondun nümayəndəliyinin fəaliyyətinin coğrafiyası daha da genişlənir. Məqsəd isə milli mədəniyyəti və ənənələri, Azərbaycanı, Azərbaycan həqiqətlərini bütün dünyada təbliğ etməkdir. Leyla xanım Əliyeva müsahibələrinin birində ona ünvanlanan "Sizin üçün "mümkün deyil" anlayışı mövcuddurmu" sualına "xeyr", - deyə qətiyyətlə cavab verir: "Çünki nə vaxt ki, "bacarmıram" deyirlər, bu, əslində, "lazımi qədər istəmirəm" deməkdir. Yəni bir şeyi kifayət qədər istəyirsənsə, istədiyinə inanırsansa, çox iş görmək mümkündür. Vacib olanı isə gördüyün işin, həqiqətən, faydalı olmasıdır. Dərəcəsindən asılı olmayaraq, müsbət nəticəni, işinin fayda verdiyini gördükdə daha çox iş görmək istəyirsən".
"DÜNYA XOCALI BARƏDƏ BİLMƏLİDİR Kİ, BU CÜR QƏTLLƏR VƏ CİNAYƏTLƏR HEÇ YERDƏ TƏKRAR OLUNMASIN"
Təşkilatın maraqlı planları, layihələri və ideyaları kifayət qədərdir. Əldə olunan nailiyyətlərə baxmayaraq, qarşıda çox mühüm vəzifələr də dayanır. "Bu gün Azərbaycan çox böyük sürətlə inkişaf edən müasir və müstəqil dövlətdir: yeni yollar çəkilir, binalar tikilir, parklar, körpülər salınır, memarlıq abidələri, muzeylər, teatrlar bərpa olunur. ...Ərazilərimizin iyirmi faizinin işğal altında olmasına, ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq və bütün qaçqınlar öz doğma yurdlarına- evlərinə qayıdacaqlar" - deyən Leyla xanım bu münaqişə haqqında həqiqətləri dünya birliyinə çatdırmaqda da isralıdır. Rusiyada yaşayan Azərbaycan gəncləri arasında körpü yaradaraq, çətinliklərin dəf olunması istiqamətində geniş planlarını reallaşdırır.
Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardımçı olan nümayəndəlik Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında bir vasitəçi və ötürücüdür. Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Gəncləri bir ideya ətrafında toplamağa çalışan və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Leyla Əliyeva çıxışların birində belə deyir: "Xaricdə yaşayan Azərbaycan gəncləri bu münaqişə haqqında həqiqəti dünya birliyinə çatdırmalı və Vətənimizi, dilimizi, mədəniyyətimizi, ənənələrimizi heç vaxt unutmamalıyıq. Mən inanıram ki, əgər biz, Rusiyada yaşayan Azərbaycan gəncləri həmişə əlbir olsaq, bir-birimizi eşitsək, bir-birimizə kömək etsək, bir-birimizə məhəbbətlə yanaşsaq, onda istənilən çətinlikləri dəf edə biləcəyik və həmişə üzüağ, alnıaçıq olacağıq."
"Xocalıya Ədalət" kampaniyası sayəsində Xocalı faciəsi artıq bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyırlar. ABŞ-ın Vest Virciniya, Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennesi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Artıq dünyada insanlar həqiqəti yalandan ayırmağı bacarır. Xocalı kimi faciələrin dünyanın heç bir yerində təkrar olunmaması naminə Xocalı unudulmamalıdır. Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıraya qoyula bilər. Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəri faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə, amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin coğrafi məkanı ilbəil genişlənir.
Nəzakət ƏLƏDDİNQIZI