PDF Oxu

Əsas

  • 4 449

“Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir”

image

Müasir dövrümüzdə inkişaf dövrünü yaşayan Azərbaycan, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunu da prioritet məsələlərdən biri olaraq diqqətdə saxlayır. Silahlı qüvvələrə, onun şəxsi heyətinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqın əmin-amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illərdə daha da möhkəmlənib, qüdrətlənib, mütəşəkkil hərbi qüvvəyə çevrilib.

Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət və hökumət, eyni zamanda, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Ona görə də, bu istiqamətdə səylər daim davam etdirilməlidir. Bu isə, Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməsi üçün ən başlıca şərtdir.

"CƏMİYYƏTDƏ MÜŞAHİDƏ OLUNAN HƏMRƏYLİK, SƏFƏRBƏRLİK BİZİM QƏLƏBƏMİZİ ŞƏRTLƏNDİRƏN AMİLLƏRDƏN BİRİDİR, İQTİSADİ VƏ HƏRBİ GÜCDÜR"

Ötən ilin aprelin 2-dən - 5-dək Ermənistan tərəfinin təxribat törədərək atəşkəsi növbəti dəfə pozması, təmas xəttinə yaxın yaşayış məntəqələrində dinc əhalini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv surətdə atəşə tutulması ordumuz tərəfindən sarsıdıcı zərbələrlə qarşılandı. Ermənilərin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgəri düşmənə ərazilərimizə qarşı hərbi təcavüz siyasətinin davam etdirildiyi illərin ən sərt cavabını verərək, ən ağır zərbəsini vurdu. Azərbaycanın getdikcə artan qüdrətini və gücünü düşmən qovulduğu yüksəkliklərin alınmasında verdiyi tələfatlarda gördü. Dövlət başçısının bildirdiyi kimi, bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar: "Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Ermənistan ordusundan qat-qat güclü olan Azərbaycan Ordusunun uğuru cinayətkar Ermənistan rəhbərliyinə bir dərs oldu. Onlar işğal etdikləri Azərbaycan ərazilərini-Dağlıq Qarabağ regionunu və digər əraziləri öz xoşları ilə boşaltmalıdırlar. Xalqımız onu da yaxşı bilir ki, döyüş ruhlu, qələbə əzmli Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, Kəlbəcərsiz, işğal olunmuş digər şəhər və kəndlərsiz təsəvvür etmir. Aprel döyüşləri Azərbaycanın böyük qələbəsi kimi tarixə yazıldı. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır: "Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir".

APREL DÖYÜŞLƏRİNDƏ YARALANMIŞ ƏSGƏR VƏ ZABİTLƏR DÜNYANIN MÜASİR PROTEZ İSTEHSALÇILARI OLAN ŞİRKƏTLƏRİNİN

YÜKSƏK TEXNOLOGİYALI MƏHSULLARI İLƏ TƏMİN OLUNACAQLAR

Vətən, torpaq uğrunda canıdan keçən, şəhid olan, yaralanan insanları Azərbaycan dövləti hər zaman diqqədə saxlayır, onların hər birinə böyük həssaslıqla yanaşır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşü zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövlətinin xüsusi diqqətlə yanaşdığını bildirib: "Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır. Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma metodu tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız. Tapşırığıma əsasən, xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq".

Artıq Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər dünyanın müasir protez istehsalçıları olan Almaniyanın, İslandiyanın, İngiltərənin, ABŞ-ın qabaqcıl şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunacaqlar. Hər bir əsgər və zabitin bir çox fərdi xüsusiyyətləri, xüsusilə, aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri nəzərə alınaraq, onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər tətbiq olunacaq. Bu protezlərin tətbiqi əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasına şərait yaradacaq.

Göründüyü kimi, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşlərində yaralanmış bir qrup hərbi qulluqçulara protezlərin təqdim edilməsi dövlət rəhbərliyinin silahlı qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər