Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, YAP Nəsimi rayon təşkilatı və Azərbaycan Tələbə Həmkarlar Təşkilatları İttifaqının birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qələbəsinin ildönümü münasibətilə "Qələbə yürüşü" keçirilib. Minlərlə gəncin iştirak etdiyi "Qələbə yürüşü" Dənizkənarı Milli Parkdakı "Saat qülləsi"nin yanından başlayıb.
Gənclər yürüş boyunca "Şəhidlər ölməz, Vətən bölünməz!", "Torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırıq!", "Qarabağ bizimdir, bizim olacaq!", "Cocuq Mərcanlıdan Şuşaya" və digər vətənpərvər ruhlu şüarlar səsləndiriblər.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, gənclərin bu yürüşdə fəal iştirakı ölkəmizdə yüksək vətənpərvərlik ruhuna sahib olan gənc nəslin formalaşdığının göstəricisidir.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə, qeyd edib ki, gənclərimiz bu yürüşü keçirməklə dövlətçiliyimizə sadiq olduğunu, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini əyani şəkildə göstərirlər: "Bu yürüşdə təxminən 6-7 min nəfər gənc iştirak edir. Gənclərimizin belə yüksək fəallığı bizi çox sevindirir. Bu, o deməkdir ki, Azərbaycan gəncləri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə silaha sarılıb torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ötən ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Biz aprel döyüşlərində ordumuzun gücünü gördük. Düşmənlərimiz də bu gücü gördü və qorxuya düşüblər. Əgər qarşı tərəf sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsə, bir daha orudumuzun gücü ilə qarşılaşacaq". Gənclərin "Qələbə yürüşü" Dövlət Bayrağı Meydanında dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
NƏZAKƏT