PDF Oxu

Əsas

  • 4 769

İslam Həmrəyliyi Oyunlarının tarixində bir rekord

image

Mehriban xanım Əliyeva: "Bu oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək"

Məlum olduğu kimi, Azərbaycanda və ölkədən kənarda keçirilmiş "Eurovision" Mahnı Müsabiqəsi, Azərbaycan muğamının qorunması və təbliği, bəşəriyyətin Qeyri-Maddi İrs Siyahısına daxil olması, Sivilizasiyalar Alyansının Qlobal Forumu, xüsusilə də, birinci Avropa Oyunları kimi bir sıra qlobal tədbirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində çox yüksək səviyyədə təşkil edilib. Birinci Avropa Oyunları nəinki ölkəmizin, hətta bütün dünya ictimaiyyətinin yaddaşında ən möhtəşəm surətdə təşkil edilmiş idman tədbiri kimi qalıb. Bütün bu faktorları nəzərə alaraq, deyə bilərik ki, Mehriban xanım Əliyevanın IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsi bu oyunların da yüksək səviyyədə keçirilməsinə əsas zəmanətdir.

Oyunların Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə yaradılıb və 2015-ci il noyabrın 1-də Mehriban xanım Əliyevanın tapşırığına əsasən İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Oyunların açılış və bağlanış mərasimlərində, o cümlədən, idman tədbirləri zamanı yardım göstərmək üçün 8 mindən çox könüllü səfərbər edilib. İşçi qüvvəsinin və könüllülərin təlim prosesi isə başa çatmaq üzrədir. Bundan əlavə, Əməliyyat Komitəsinin tərkibində müxtəlif sahələrdə təxminən 14 minə qədər podratçı çalışır.

Əməliyyat Komitəsinin yarandığı vaxtdan gündəlikdəki əsas məsələlərdən biri İslam Əməkdaşlıq Təşkilatına üzv olan bütün Milli Olimpiya komitələri ilə danışıqların aparılması və onların bu yarışlarda iştirakını təsdiqləmək olub. Bu gün məmnunluqla qeyd etmək olar ki, İƏT-ə üzv olan bütün 57 ölkədən 3 mindən çox idmançının iştirakı təsdiq edilib. Üzv dövlətlərin maksimal sayda iştirakı İslam Həmrəyliyi Oyunlarının tarixində bir rekorddur. Həmçinin, oyunlarda 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək.

Oyunlar üçün bütün texnoloji sistemlər və infrastruktur tam hazırdır. Texnologiyanın hazırlıq səviyyəsi bütün obyektlərdə bu həftə ərzində test edilir. Oyunların proqramına daxil edilmiş 165 idman yarışına tamaşa etmək üçün 500 mindən çox bilet satışa çıxarılıb.

IV İslam Həmrəyliyi Oyunlarının yayım hüququ üçün yerli yayım şirkəti ilə müqavilə bağlanıb. Açılış və bağlanış mərasimlərinin, o cümlədən, futbol yarışlarının canlı yayımlanması planlaşdırılır. Digər yarışlar tamaşaçılara idman bülleteni formatında təqdim ediləcək. Oyunların, həmçinin, Olimpiya kanalı vasitəsilə yayımlanması nəzərdə tutulub. Oyunların 24 beynəlxalq və 17 yerli səfiri oyunlar haqqında məlumatları geniş sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırırlar. Onlar, islam dəyərləri haqqında ictimaiyyət arasında müsbət fikrin formalaşmasına da xidmət edirlər. Hətta IV İslam Həmrəyliyi Oyunlarına olan böyük maraq və diqqətin nəticəsidir ki, tədbirin 8 yerli və 5 beynəlxalq sponsoru var.

Bir sözlə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirilməsinə hazırdır. Hər kəs də əmindir ki, bu oyunlar da nümunəvi şəkildə keçiriləcək. Azərbaycan öz bacarığını, həmrəylik və dostluq dəyərlərinin təşviqinə töhfəsini beynəlxalq aləmə bir daha nümayiş etdirəcək. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında bildirdiyi kimi, IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək və Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq. Birinci vitse-prezident qeyd edib ki, bu oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

"SƏS" Analitik Qrupu

Digər xəbərlər