Əsas

  • 3 645

“Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib

image

Mayın 1-də Bakıda "Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu" mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bəşəriyyətin yüksək inkişaf mərhələsinə çatmasına baxmayaraq, çox ciddi problemlər mövcuddur.

Dünyada bir milyarda qədər insan aclıqdan əziyyət çəkir. Eyni zamanda, dünya əhalisinin xeyli hissəsi işsizlik problemini yaşayır ki, bu da onların həyat şəraitinə təsir edir. Xəstəliklərin olması da ciddi problemdir. Elə ölkələr var ki, insanların ömrü 50-55 ildir. Bütün bunlar BMT-ni ciddi şəkildə narahat edir. Bu problemlər 2030-cu ilə qədər həll edilməlidir. Ən ciddi problemlərdən biri də qeyri-bərabərlikdir. ABŞ-ın hərbi xərcləri 600 milyard dollara yaxınlaşır. Elə insanlar var ki, gün ərzində 1 dollar xərcləyir. Bu da il ərzində 1 milyard insanın xərclədiyi puldan qat-qat çoxdur. Bu təbii sərvətlərdən deyil, insani fəaliyyətdən yaranan fərqlərdir.

Baş nazirin müavini Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf məqsədləri Proqramına qoşulmasının məqsədlərindən danışıb. O qeyd edib ki, Azərbaycan bu proqrama qoşulmaqla ölkə əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmaq niyyətindədir. Vurğulanıb ki, Azərbaycan iqtisadiyyatı son 10-12 ildə 3,5 dəfə artıb. Azərbaycanda təhsil, səhiyyə müəssisələri ilə bağlı layihələr həyata keçirilib. Bir çox sahələrdə inkişaf olub. Bu da insanların həyat şəraitini yaxşılaşdırıb. Biz qarşımıza ciddi hədəflər qoymuşuq. Hökumət bu istiqamətdə işlər aparır.

Əli Əhmədov deyib ki, QHT-lər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhalinin təmsilçiliyi funksiyasını reallaşdırmaq istiqamətində mühüm rol oynaya bilər. Buna görə də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarına QHT nümayəndələri də daxil edilə bilər. Baş nazirin müavini əlavə edib ki, bəzi beynəlxalq donor təşkilatları Azərbaycanın şəffaflıq tələbini hökumətin yaratdığı əngəl kimi qiymətləndirir. Azərbaycan hökuməti şəffaf şəkildə fəaliyyət göstərən beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq etməyə hazırdır. Hər bir dövlətin təhlükəsizliyini qorumaq üçün addımlar atmaq hüququ var. Bizim torpaqlarımız işğal olunub, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün şəraitində yaşayır. Bu baxımdan beynəlxalq donorlar, ilk növbədə, Azərbaycanda qaçqın və köçkün problemlərinin köklü həllinə, torpaqlarımızın işğaldan azad edilməsinə yardımçı olmalıdırlar", - deyə o əlavə edib.

Ölkəmizin sosial və iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə etdiyini deyən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Dayanıqlı İnkişaf Məqsədlərinin əhaliyə sadə dildə çatdırılmasının vacibliyini vurğulayıb. O deyib ki, bu sahədə görülən işlərlə bağlı vahid elektron bazanın yaradılması daha məqsədəuyğun olardı. QHT-lər insan potensialının səfərbər edilməsi və bu potensialdan daha səmərəli istifadə olunması sahəsində mühüm rol oynamalıdırlar. Fəal lider qadınların, fəal gənclərin şəbəkələrinin yaradılması da zəruridir.

E.Süleymanova bildirib ki, Azərbaycan insan hüquqlarının təmin olunması istiqamətində böyük inkişaf mərhələsi keçib. Bu istiqamətdə ardıcıl, sistemli iş aparılıb. Bütün bunların məqsədi Azərbaycanda insanlar üçün daha rahat və yüksək həyat şəraiti təmin etmək olub. Azərbaycan çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Ölkəmizdə insan hüquqlarının səmərəliliyinin artırılmasında müvafiq işlər davam etdirilir. Azərbaycanın BMT-nin bu proqramına qoşulması insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Bu işdə vətəndaş cəmiyyətinin rolu da xüsusi qeyd edilməlidir. Biz vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edirik və bundan sonra da bu əməkdaşlıq davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, belə proqramların həyata keçirilməsi vətəndaş cəmiyyəti institutlarının iştirakını zəruri edir. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycan ciddi uğurlara nail olacaq. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı proqramların hazırlanması, icrası və monitorinqində QHT-lərin iştirakı daha məqsədəuyğun olardı. Bu gün Azərbaycanda dörd mindən çox qeyri-kommersiya təşkilatı fəaliyyət göstərir. Bu, çox böyük rəqəmdir. Bu baxımdan QHT-lər də bu proqramın icrasına mühüm töhfə verə bilər. Azərbaycanda qeyri-hökumət təşkilatlarına yaradılan şərait QHT-lərin belə məsələlərdə tərəfdaş kimi iştirakına imkan verəcək. Azərbaycanda vətəndaş cəmiyyəti institutları kifayət qədər inkişaf edib. Azərbaycan QHT-ləri beynəlxalq səviyyədə proqramların həyata keçirilməsində də geniş təcrübəyə malikdirlər. Bu gün haqqında danışdığımız proqramın həyata keçirilməsi də mütləq şəkildə vətəndaş cəmiyyəti seqmetinin iştirakını vacib edir. Bu baxımdan, çox sevindirici haldır ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün komponentləri bu proqramın icrasına dəvət olunur.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən vəzifələrdən danışıb.

Daha sonra bir sıra QHT-lər Dayanıqlı İnkişaf Məqsədləri Proqramının həyata keçirilməsində QHT-lərin rolu barədə təqdimatlar keçiriblər.

Digər xəbərlər