Əsas

  • 3 470

Heydər Əliyev ideyaları əbədiyaşardır

image

Mayın 4-də Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayan rektor Ümummilli Liderin siyasətinin əhəmiyyətindən bəhs edib, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və Fəxri doktoru olduğunu qürur hissləri ilə qeyd edən akademik A.Məhərrəmov onun elmə, təhsilə daim xüsusi önəm verdiyini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Bütün bunlar dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsidir. Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Azərbaycan xalqı xoşbəxtdir ki, onun müdrik şəxsiyyət Heydər Əliyev kimi ümummilli lideri var.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan danışıb. Qeyd edilib ki, doğma Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, inkişafı yalnız və yalnız Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycanda qazanılan nailiyyətlərdən bəhs edən Əli Əhmədov Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Akademik Vasim Məmmədəliyev ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Digər çıxış edən alimlər də ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışıb, Ulu Öndərin ideyalarının əbədi yaşayacağını vurğulayıblar. Tədbirdə BDU-nun bir qrup əməkdaşı və tələbəsi Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.

Digər xəbərlər