Əsas

  • 4 534

Mətbuat Şurası KİVDF-nin müşahidə şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirdi

image

Mayın 18-də Azərbaycan Mətbuat Şurasının idarə heyətinin növbəti iclası keçirilib. İclasda Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının hazırkı tərkibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiqlənib. Həmin tərkibin səlahiyyət müddəti başa çatmaqdadır. Eyni zamanda, Fondun Nizamnamə tələbinə görə eyni şəxs iki dəfədən artıq müşahidə şurasında təmsil oluna bilməz. Buna görə də tərkibdə əsaslı dəyişikliklər nəzərdə tutulub. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Mətbuat Şurasına KİVDF-nin müşahidə şurasına kütləvi informasiya vasitələrindən və jurnalist təşkilatlarından namizədləri müəyyənləşdirmək tapşırılıb. Şura hər zaman olduğu kimi, yenə də bu missiyanı yerinə yetirməlidir.

Ə.Amaşov, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə KİVDF kimi vacib qurumun yaradılmasına həssas yanaşdığına görə təşəkkürünü bildirib. Dövlətimizin başçısının hər zaman mediaya xüsusi diqqət və qayğı göstərdiyini bildirən Mətbuat Şurasının sədri deyib ki, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbulu və sənədə əsasən KİVDF-nin formalaşdırılması jurnalistikanın problemlərinin həllinə konseptual yanaşmanın bariz göstəricisidir.

O bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən 9-u kütləvi informasiya vasitələrindən, 9-u isə jurnalist təşkilatlarından olmaqla ümumilikdə 18 nəfərin adı KİVDF-nin müşahidə şurasına namizəd kimi irəli sürüləcək. Fondun Nizamnaməsinə əsasən onun tərkibi ümumilikdə 9 nəfərdən ibarət olur ki, bunun da 3-nü KİV-lərdən, 3-nü jurnalist təşkilatlarından, 3-nü isə dövlət orqanlarından olan nümayəndələr təşkil edir. Bu, o deməkdir ki, Mətbuat Şurasının 18 namizədindən yalnız 6-sı müşahidə şurasının üzvü olaraq təsdiqlənəcək. Şura öz namizədlərini ölkə rəhbərliyinə təqdim edəcək. Fondun müşahidə şurasının tərkibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun ötən müddətdəki fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Fond yarananda onun iş prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı təcrübə yox idi. Qurum paralel olaraq həm bu vəzifəni həyata keçirdi, həm də beynəlxalq təcrübəni öyrəndi. V.Səfərli də öz növbəsində ötən 8 il müddətində müşahidə şurasında təmsil olunan hər kəsə təşəkkürünü bildirib, yeni tərkibin də məhsuldar fəaliyyət göstərəcəyinə inandığını deyib, namizədlərə uğurlar arzulayıb.

Mətbuat Şurasının idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında 8 il ərzində KİVDF-nin müşahidə şurasında təmsil olunduğunu diqqətə çatdırıb. O, ötən müddəti Azərbaycan mediasının inkişafı baxımından vacib mərhələ kimi dəyərləndirib.

Eyni fikri bölüşən Mətbuat Şurasının idarə heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid vurğulayıb ki, KİVDF-nin 8 illik fəaliyyəti nəticəsində xeyli işlər həyata keçirilib. Eyni kursun davam etdirilməsinə ehtiyac var. Buna görə də layiqli namizəd seçimi zəruridir. Mətbuat Şurasının idarə heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Fondun müşahidə şurasının tərkibinin formalaşdırılmasında Azərbaycan Mətbuat Şurasının mövqeyinin nəzərə alınması quruma olan etimaddır və şübhəsiz irəli sürülən namizədlər bu etimadı doğruldacaqlar.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da 8 ildə Fondun müşahidə şurasının sədri kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. U.Rəhimoğlu ötən müddətin həm çoxsaylı qayğılarla, həm də mediamız adına gözəl hadisələrlə yadda qaldığını xatırladıb. Mətbuat Şurasının yeni namizədlərinin başlanılmış yolu ləyaqətlə davam etdirəcəyinə əminliyini bildirən U.Rəhimoğlu idarə heyətinin üzvlərini onları dəstəkləməyə çağırıb. Təklif səsə qoyularaq qəbul edilib.

Müzakirələrdən sonra adları aşağıda qeyd edilən şəxslərin Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının üzvlüyünə namizəd kimi müəyyənləşdirilməsi qərara alınıb:

Digər xəbərlər