PDF Oxu

MİA

  • 6 490

Rusiyalı ekspertlər: Erməni diplomatiyası “siyasi fahişəlik”lə məşğuldur – ŞƏRHLƏR

image

“Nə olursa olsun, ilin sonuna kimi Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalı olacaq”

“Niyə Bişkekə getməlisən, Strasburqa getmək daha yaxşıdır”– təxminən bu mantra ilə bir neçə gün əvvəl Ermənistanın baş naziri Paşinyan Elzasın paytaxtına erməni maraqlarının keşikçilərinin ayaqları qarşısında baş əymək üçün getmişdi. Bəs İrəvanın qəribə manevrlərinə təəccüblənmək lazımdırmı? Erməni liderinin paranormal siyasi məntiqi müxtəlif siyasi dairələrdə geniş müzakirə olunur.

Belə görünür ki, Paşinyan ötən həftə Bişkekə gedib həm Azərbaycan prezidenti Əliyevlə, həm də Rusiya prezidenti Putinlə üz-üzə danışmalı idi. Amma yox, Nikol Vovaeviçin bəzi “təcili işləri” var. Amma Strasburqa getmək və həmişə olduğu kimi, avropalı deputatların qarşısında populizm etmək- o, buna kifayət qədər qadirdir. Niyə Avropa podiumunda özünü göstərməsin? Üstəlik, ona fürsət verilib ki, Azərbaycanı “hücum və etnik təmizləmə”də ittiham etsin, Qərbdən olan “dostlarına” fəryad etsin...

İrəvan bir söz deyəndə və tamam başqa şey edəndə hansı məqsəd və vəzifələri rəhbər tutur, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq fikrindədir, yoxsa biz yeni siyasi mövsümün erməni şoularını gözləyirik? Rusiyalı politoloqlar bu və digər suallarını cavabını “Caliber” analitik mərkəzinə şərhlərində veriblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

Avrasiya üzrə ekspert Aleksandr Razuvayevin fikrincə, Paşinyanın anlaşılmaz görünən davranışı hələ də müəyyən məram və məqsədlər güdür, yəni Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çalışır.

“Avropada artıq bu mövzuda müzakirələr gedir. Amma sanksiyaların tətbiq olunacağını düşünmürəm. Fakt budur ki, Azərbaycanın Avropa neft və qaz bazarındakı rolu Avropa İttifaqı üçün çox vacibdir. Üstəlik, Rusiya və İran nümunələri var ki, sanksiyalar, hətta çox ciddi sanksiyalar da öz məqsədinə çatmadı. Buna baxmayaraq, mən bu fikirdəyəm ki, nə olursa olsun, ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalanacaq. Azərbaycan müharibədə qalib gəldi, hərbi-siyasi üstünlüyünü nümayiş etdirdi, artıq sövdələşmə aparmağa heç bir əsas yoxdur.

İrəvanın gözlənilməz siyasətinə gəlincə, bunların hamısı iqtidarsızlıqdan irəli gəlir. Ermənistan oturuşmuş ölkəyə, sözünə, əməlinə cavabdeh olan siyasi subyektə çevrilməyib. Bu isə ilk növbədə Ermənistanın özü üçün problemdir”, - deyə A.Razuvayev bildirib.

Siyasi elmlər doktoru, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri Tatyana Poloskova Ermənistanın və onun baş nazirinin başına gələn hər şeyi daha sərt və istehza ilə xarakterizə edir. Politoloqun fikrincə, Paşinyan baş nazir olduğu müddətdə- istər siyasət baxımından, istər Qarabağdakı keçmiş separatçı quruma münasibətdə, istərsə də bütövlükdə Azərbaycanla münasibətlərin qurulmasında hər zaman oyunbazlıq edib. Erməni diplomatiyası tez-tez “siyasi fahişəlik” termini ilə müəyyən edilən bir növ danışıqların imitasiyası ilə məşğul olub.

“Əslində biz bunun bir variantını görürük, onu dərsliklərdə və digər mənbələrdə indi ayrıca bir növ - erməni diplomatiyası kimi göstərmək olar. Buna aid olan nələr var? Tamamilə göz qabağında olan şeylər: Paşinyan müxtəlif dəhlizlərdə, müxtəlif görüşlərdə tamamilə fərqli məlumatlar verdi və diametral şəkildə ziddiyyətli bəyanatlar verdi, lakin sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması prosesinə başlamaq üçün heç nə etmədi. Onun imkanı da var idi ki, elə bu günlərdə bəyan etsin ki, Ermənistan sərhədlər məsələsində və sülh müqaviləsinin imzalanmasında yenə də Azərbaycandan “xoş niyyət” gözləyir. Azərbaycan nə vaxtsa buna qarşı olubmu?”- politoloq sual edir.

Poloskova əmindir ki, Paşinyan indi erməni əhalisinin Qarabağdan köçməsi ilə bağlı vəziyyətdən istifadə edərək həyasızcasına və tamamilə erməni diplomatiyasına uyğun siyasət aparır. Heç kimin əhalini heç yerə sürmədiyini, lakin gedənlərin hamısının Azərbaycan ərazisini rahat tərk etmələri üçün hər cür şərait yaradıldığını bilsə də.

“Biz nəyi müşahidə edirik? Dünən rusdilli erməni kanallarına baxdım, dünyada çox şeylər görsəm də, hələ belə bir şey görməmişdim” deyən rusiyalı ekspert erməni siyasətçilərin çıxışlarının davamlı yalan axını, real vəziyyətə tamamilə zidd olan davamlı eyham axını olduğunu qeyd edir. Bəs niyə belədir? T.Poloskovanın fikrincə, Paşinyan indi ermənilərin Azərbaycandan Ermənistana köçməsindən sövdələşmə predmeti kimi istifadə etməyə çalışır.

“Və o, bunu bir neçə gün əvvəl Strasburqda etdi. Ən azından o, Aİ-dən humanitar yardım almağın, onların, özünün dediyi kimi, “qaçqınların” köçürülməsi üçün maliyyələşdirmənin yaxşı olacağını söylədi. Və mənə çox maraqlıdır ki, bu pullar indi hara gedəcək, həqiqətən bilmək istərdim ki, bu pulla nə qədər məktəb, xəstəxana, “qaçqınlar” üçün lazım olan sosial layihələr tikiləcək? Bəs Ermənistan rəhbərliyinin neçə yeni mənzili olacaq? Məncə, kifayət qədər çox şey ortaya çıxacaq. Nə isə, Paşinyan Strasburqda əslində öz sevgisinə imza atıb və öz monofizit xaçında Avropa İttifaqına sədaqət andı içib. Strasburqda belə olub”,- politoloq deyir.

Eyni zamanda, Poloskovanın dəqiq qeyd etdiyi kimi, Paşinyan unudur ki, o, Avropa İttifaqı üçün heç də bərabərhüquqlu fiqur deyil, sadəcə olaraq onların Cənubi Qafqazda hansısa çirkli kombinasiyalarını həyata keçiriləcəkləri adi bir alətdir.

“Əslində Paşinyan indi yeni münaqişələrə başlamaq üçün Avropadan Cənubi Qafqaza atılacaq it sümüyünə çevrilib. Və bu mənada mən hətta Ermənistan üçün təəəsüflənirəm- onu çox çətin günlər gözləyir”, - deyə T.Poloskova yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər